USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Şuşada yaranmış muğamlar


https://img.baki-baku.az/news/2021/07/photo_4380.jpg

Azərbaycanda bir neçə muğam ifaçılıq məktəbi var. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşmışdır. Qarabağ muğam məktəbinin nümayəndələri xalqımızın musiqi mədəniyyətini inkişafında xüsusi rol oynamışlar. Qarabağ müğənnilərinin əksəriyyəti Şuşada doğulmuşdur. Azərbaycan muğamlarının da içərisində Şuşada yaranan, təkmilləşən muğamlar, şöbələr və guşələr var.

Uzun illərdən bəri Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyar barədə etnoqrafik tədqiqatlar aparan Vasif Quliyev AZƏRTAC-ın müxbirinə deyib: “Mirzə Hüseyn Segahı” XIX əsrin əvvəllərində Şuşada yaranıb və formalaşıb. İlk dəfə Mirzə Hüseyn adlı xanəndə tərəfindən yüksək sənətkarlıqla ifa edildiyinə görə onun adı ilə adlandırılıb. Həmin muğamın ən mahir ifaçıları Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd və Xan Şuşinski olub. Xanəndə “Segah İslam” - İslam Abdullayev isə “Mirzə Hüseyn Segahı”nı daha mükəmməl və daha şövqlə oxuyub.

“Kürdü” və “Şahnaz”ın birləşməsindən əmələ gələn kiçik muğam “Kürdü-Şahnaz” adlanır. “Şahnaz” “Dilkəş”, “Kürdü” və “Zil Şahnaz” şöbələrindən ibarətdir. Bu muğamı XIX əsrin ikinci yarısında məşhur xanəndə Hacı Hüsü yaradıb. Çox məlahətli səsə malik olan xanəndə Molla Vəli Axundovun bir toy məclisində gözəl avazla “Kürdü” oxumasından ilham alan Hacı Hüsü “Şahnaz”ı “Kürdü” ilə qarışdıraraq birlikdə oxumuşdu. O vaxtdan da həmin muğamın adı “Kürdü- Şahnaz” qalaraq Azərbaycan xanəndələri arasında geniş yayılıb. Ən mahir ifaçıları Şahnaz Abbas və Xan Şuşinski olub.

Kiçik həcmli vokal instrumental muğam olan “Qatar” əvvəllər “Bayatı-Kürd” muğamı üstündə şöbə kimi oxunub, sonralar həcm etibarı ilə genişləşdirilərək müstəqil muğama çevrilib. “Do” mayeli “Rast” muğamında ifa olunur. Zildə oxunan “Qatar” “Mahur-hindu” muğamının mayesindən bir oktava yuxarıda başlanaraq həmin registrdə tamamlanır. Orta hissədə “Üşşaq” şöbəsi oxunur.

Bu muğam Şuşada xanəndə Hacı Hüsü tərəfindən yaradılıb. Toy məclislərinin birində “Qatar” adlı kənddən gəlmiş bir nəfərin oxuduğu bayatıdan ilhama gələn xanəndə tarzən Sadıqcanın müşayiəti ilə həmin bayatını böyük ustalıqla oxuyub və o vaxtdan onun adı “Qatar” qalıb.

Hacı Hüsünün həmin ifasından sonra Qarabağ xanəndələri “Qatar”a bayatını də əlavə edərək birlikdə “Qatar-Bayatı” oxumuşlar. Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Segah İslam, Cahan Talışınskaya həmin muğamın mahir ifaçıları olublar. “Qatar”, əsasən, tarın, “Qatar-Bayatı” isə yastı balabanın müşayiəti ilə oxunur.

“Rast”ın tərkibinə daxil olan “Mahur-hindu” muğamı “Mahur”un iki növündən biridir. Həm melodik quruluşuna, həm də şöbələrinin xüsusiyyətlərinə görə “Rast”ın xarakterinə uyğun gəlir. “Rast”da olan bir çox şöbə, guşə və hissələr eynilə “Mahur-Hindu”da da var. Bu muğamların əsas fərqi ondadır ki, “Mahur-Hindu” “Rast”a nisbətən bir kvarta yuxarıda oxunur və bir qədər yığcamdır. Şöbələri melodik cəhətdən fərqlənsə də, məqam əsasları tamamilə eynidir.

Böyük musiqişünas Cabbar Qaryağdıoğlunun yazdığına görə, bu muğamı məşhur tarzən Sadıqcan səsli xanəndələr üçün yaratmışdır. Sadıqcan XIX əsrin 80-ci illərində Tiflisdə yaşayarkən şəhərə gələn hind müğənnilərindən “Mahur”u necə oxuduqlarını eşidib və onların oxumağına uyğun bu muğamı yaradıb və onu “Mahur-Hindu” adlandırıb. Onun ən məşhur ifaçısı Xan Şuşinski olub.

”Həmid Segahı” XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində yaşamış (1869-1922) “Rast” və “Segah” muğamlarının ən mahir ifaçılarından hesab olunan Malıbəyli Həmidin adı ilə adlandırılıb. “Yetim Segah”ı və “Orta Segah”ı özünəməxsus, orijinal şəkildə bir neçə variantda oxumağı ilə müasirlərindən fərqlənən xanəndə “Orta Segah”ı təkmilləşdirərək dəstgahı tarın sarı simlərində “Müxalif” şöbəsindən başlayaraq zərif xallar və nəfəslər vuraraq bir qədər gəzişdikdən sonra “Hasar”a keçməklə muğama yenilik gətirib. Dövrünün musiqiçiləri muğamın həmin hissəsini “Həmid Segahı” adlandırıblar.

XIX əsrin birinci yarısında Şuşada yaranmış zərbli-muğam olan “Qarabağ şikəstəsi” “Segah” muğamı kökündədir, ağır tempdə oxunur. Dörd misradan ibarət hər bir bənddən sonra melodik cəhətdən müxtəlif olan ara çalğı - instrumental epizod ifa olunur. Üzeyir bəy Hacıbəyli “Əsli və Kərəm”, Müslüm Maqomayev “Şah İsmayıl”, Zülfüqar Hacıbəyov “Aşıq Qərib”, Renold Qliyer “Şahsənəm” operalarında həmin ritmik muğamdan istifadə ediblər. “Qarabağ şikəstəsi” ritmik muğamının ən məşhur ifaçısı Xan Şuşinski olub”.




Redaktorun seçimi

Şuşada yaranmış muğamlar
  • Mədəniyyət
  • 11:50 13.07.2021
Şuşada yaranmış muğamlar

Mədəniyyət