USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Gözəl yaşamışam mən bu ömrümü..."


https://img.baki-baku.az/news/2021/06/photo_4163.jpg?v=MjAyMS0wNi0yNCAxNjo1MjozNQ==

Qələm dostum, Azərbaycan mətbuatının tanınmış nümayəndələrindən biri olan Ağa Hüseynovun 80 yaşı tamam olur.

Ağa müəllim haqqında düşünəndə pərvanə kimi dünəninin başına fırlanan, körpəcə uşaq kimi ufaq xatirələrinə layla çalan büllur kimi saf bir insan gəlir gözlərimin önünə.

Zəngin mənəviyyatı, zərif ürəyi, yüksək mədəniyyəti, intellekti, sadəliyi böyük Azərbaycan sevgisiylə dostlarının ürəyində taxt-tac qurmuş Ağahüseyn Abbasəli oğlunu dağların döşü ilə sakitcə axıb gedən, könüllərə təmənnasız sərinlik çiləyən bulaqlara bənzədirəm.

1941-ci il iyunun 30-da ziyalı ailəsində dünyaya göz açan, uşaqlıq çağları ağır müharibə illərinə təsadüf edən Ağahüseyn Abbasəli oğlu orta məktəbi bitirdikdən sonra Azərbaycan KP MK-nın Birləşmiş Nəşriyyatında (indiki Azərbaycan nəşriyyatı) mürəttib peşəsinə yiyələnmiş, o vaxt nəşr edilən “Kommunist” qəzetinin yığı sexində çalışmışdır.

Almaniya Demokratik Respublikasında yerləşən Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra 1965-ci ildən “Bakı” axşam qəzetinin yığı sexində çalışan gənc həm də Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alır. III kursda oxuyarkən mətbuatımızın patriarxı, hamımızın müəllimi, məşhur jurnalist, “Bakı”, “Baku” axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyevin dəvəti ilə qəzetdə ədəbi işçi kimi fəaliyyətə başlayır.

İşgüzarlığı, diqqət və qayğıkeşliyi, məsuliyyət hissi, jurnalist etikası, analitik duyumu ilə seçilən, kollektivin sevimlisinə çevrilən Ağa müəllim tezliklə qəzetin şəhər təsərrufatı şöbəsinə rəhbərlik edir və onun jurnalist kimi istedadı bütün parlaqlığı ilə üzə çıxır. Şəhər təsərrufatının rəngarəng mənzərəsini əks etdirən yazılarında Ağa Hüseynov insanların həm də arzu və duyğularının ən mahir ifadəçisi idi.

O dövr paytaxtın görən gözünə, döyünən ürəyinə, xalqın tribunasına çevrilən “Bakı”, “Baku” axşam qəzetlərinin ümumi ansamblında Ağa Hüseynovun da səsi aydınca eşidilirdi.

Jurnalistlərimiz üçün əsl təcrübə məktəbi olan bu qəzetdə Nəsir İmanquliyev, Şamil Şahməmmədov, Əhməd Rəşidov, Adil Cavadlı, Rafael Nağıyev, Vladimir Matyuşkin, Mark Peyzel, Akif Ağayev, Fazil Rəhmanzadə kimi görkəmli jurnalistlər çalışmışlar.

Qəzetin baş redaktoru Nəsir İmanquliyev xətrini övladı qədər çox istədiyi Ağa Hüseynova həmişə diqqət və qayğı göstərmiş, onun peşəkar jurnalist kimi yetişməsində müstəsna rol oynamışdır.

Varislik ənənələrinə sadiq qalan Ağa müəllim də öz ustadının, müəlliminin müqəddəs işini uğurla davam etdirmiş, uzun illər “Bakı” axşam qəzetinə rəhbərlik etmişdir.

“Günay” qəzetinin baş redaktoru olduğum illərdə Rusiyanın bir çox ermənipərəst mətbuat orqanlarında tez-tez xalqımızın ünvanına təhqir, iftira dolu yazılar dərc edilirdi. O yazıların müəlliflərinə qəzetimizin səhifələrində kəskin cavab yazmış, erməni havadarlarının iç üzünü açıb göstərmişdim. Xüsusilə “Ağa qara yaxmayın, cənab Martınov” başlıqlı Pavel Martınova açıq məktubum böyük əks-səda doğurmuşdu. Bu yazının uğur qazanmasında Ağa müəllimin olduqca canlı, koloritli, sərrast tərcüməsi böyük rol oynamışdı. – “Не наводите тень на плетень!».

Ağa müəllim saf əxlaqı, kövrək qəlbi, böyük vətəndaşlığı ilə ötən əsrin əvəllərinin cəfakeş ziyalılarını xatırladıb mənə həmişə. 90-cı illərdən başlayaraq rəhbərlik etdiyi “Bakı” qəzetinin qarşılaşdığı bütün çətinliklərə səbirlə, mətanətlə sinə gərən bu mətbuat fədaisi uzun illər doğma “Bakı”nın yaşaması, oxucusunu intizarda qoymaması üçün əsl fədakarlıq göstərmişdi.

Bəlkə bu anlarda onun çəkdiyi acılardan, iztirablardan çoxlarının xəbəri yox idi.

Ağa müəllimlə söhbət edən hər kəs sanki işığa, nura qərq olur. Daxili zənginliyinin işığı üz-gözündə əks olunan bu insan ömrü boyu insanlara yaxşılıq etmək duyğusuyla yaşamış, bundan rahatlıq tapmışdır.

Mən bir yazımda yazmışdım: “İstedadlı adamlar barlı ağac kimidir. Barınanları çox olar, qolları arasında dünya uyuyar, çiynində quşlar yuva qurar, başında ildırımlar çaxar və çox vaxt halal haqlarını almazlar”.

Ağa müəllim bu günün jurnalistikasından danışarkən böyük Azərbaycanımızın sabahkı taleyini unutmamağı tövsiyə edir. “Əsl jurnalistika ədəb-ərkan, yüksək mədəniyyət, intellekt, tərbiyə məktəbidir. Biz bu məktəbi keçmişik. Və bu məktəbi keçən qələm dostlarımın heç biri söyüş, təhqir dili ilə danışmayıb. Sözün sehri, qüdrətiylə oxucunu Azərbaycan uğrunda döyüşlərə səfərbər edib. Qarabağ uğrunda 44 günlük savaş və sonda qazandığımız böyük zəfər bu birliyi, həmrəyliyi bir daha sübut etdi.

Sözün düzü, xəstəlik, qaramat aurası yaradan miskin, zavallı qələm adamına yazığım gəlir. Axı o, içindən keçənləri sözün gücü, qüdrətiylə deməkdə acizdir, köməksizdir. Söyüş söymək, qarğış eləmək, çığır-bağır salmaq, stəkanda fırtına qoparmaq jurnalistika deyil. İstənilən yaradıcı adam üçün əsl sözə, qüdrətli sözə qiymət vermək həm də öz qədrini, qiymətini artırmaqdır.

Bu gün çox fərəhliyəm. İşğal altında olan torpaqlarımız azad olunub. İllər öncə cavan bir şairin dərdli misralarını oxuyub təsirlənmişdim:

“No olsun bu vətəndənəm,

No olsun bu kənddənəm.

Soruşursan, haralısan?

Deyirəm qürbətdənəm”.

Bu gün 80 yaşının aydınlığı içində olan qələm dostum Ağa Hüseynov şərəfli, namuslu, halal bir ziyalı ömrü yaşamışdır. Onun yazıları həmişə insanlarda açılan sabahlara inam, ümid hissi yaratmışdır.

Mən Ağa müəllim kimi saf, təmiz, nəcib, vətənpərvər, millətini ucaldan, enməyə qoymayan ziyalılarımızı xalqımızın ən yüksək əyarlı genefondu adlandırardım. Həyatı boyu Azərbaycan mətbuatına şərəflə xidmət eləyən, ona başucalığı gətirən bu əyilməz insan öz müəllimi, ustadı Nəsir İmanquliyev kimi həmişə xeyirxah, demokratik düşüncəli insanlara arxa, dayaq olub.

40 ildən artıq tanıdığım Ağa müəllim həmişə bütövlüyünü, mərdliyini, mətinliyini, gözü-könlü toxluğunu qorumağa çalışıb.

Nümunəvi ailə başçısı, əvəzsiz dost kimi jurnalistlər arasında böyük nüfuz, hörmət sahibi olan Ağa müəllim həm də gənc həmkarlarının yaxın məsləhətçisi, ustadı, müəllimi olub.

Yaşadığın bu şərəfli, enişli-yoxuşlu yollarda heç qorxduğun olubmu, Ağa müəllim , - deyə sual verirəm.

Bəxtiyar müəllimin bir şeirini yada salır:

...Qorxuram

Üzüyuxarı enişə gedən yoldan,

Özü sağ ikən solaxay soldan.

Yaxşını pisdən,

Qızılı misdən

ayıra bilməyən,

Gözü görə-görə kor olandan qorxuram.

Özünə gərəkli sözləri eşidən,

Qalan vaxtda kor olandan qorxuram.

Qara böhtandan,

Qırmızı tərifdən,

Ağ yalandan qorxuram.

Dövlətimiz Milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə Ağahüseyn Abbasəli oğlu Hüseynovu Respublikanın əməkdar jurnalisti fəxri adına layiq görmüşdür.

İki dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilən Ağahüseyn Hüseynov dəfələrlə Bakı şəhər Partiya Komitəsinin və Bakı Sovetinin fəxri fərmanlarına layiq görülmüşdür.

Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” və Həsən bəy Zərdabi adına mükafatlar da Ağa müəllimin halal jurnalist haqqıdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə Ağahüseyn Abbasəli oğlu Hüseynovu “Tərəqqi” medalı ilə təltif etməsi də istedadlı qələm adamına, tanınmış publisist, tərcüməçiyə verilən yüksək dəyər və qiymətdir.

55 ildən artıq şərəfli yaradıcılıq yolu keçmiş qələm dostumuz, Respublikanın Əməkdar jurnalisti, ustad sənətkar Ağahüseyn Hüseynovun 80 yaşı tamam olur.

O, bu 80 illik ömründə həmişə xalqına sədaqətlə xidmət etmiş, bəşəri, ülvi, xəlqi prinsiplərinə sadiq qalmış, Azərbaycan jurnalistikasına başucalığı gətirmişdir.

Yaşadığı bu şərəfli ömür də ona baş ucalığı, hörmət, izzət, şərəf, şan gətirib.

Bir şeirdə deyildiyi kimi:

“...Gözəl yaşamışam mən öz ömrümü,

Onu zərgər kimi naxışlamışam.

Gül-çiçək kimi yox, duz-çörək kimi

Möhtac olanlara bağışlamışam”.

80 illik şərəfli yubileyin mübarək, Ağa müəllim! Bütün təriflərdən, təltiflərdən ucada dayanan, əziz dost, böyük insan!

 

Zülfüqar Şahsevənli 




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Zülfüqar Şahsevənli