USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Klassi̇k müəlli̇mi̇n sənət həqi̇qətləri̇

Nəsir müəllim son dərəcə milli ziyalı idi. Onu XX əsrin əvvəlləri Azərbaycan milli intibahının nümayəndələri ilə müqayisə etmək olar


https://img.baki-baku.az/news/2020/08/photo_346.jpg?v=MjAyMC0wOC0yOSAxMzowNzo0MA==

Cahangir Məmmədli, Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsinin professoru

Onda mən o uzaq kənddən bu böyük şəhərə hələ təzə gəlmişdim və o uzaq kəndin doğma, isti adamlarından ayrılıb yad və soyuq adamlarla dolu bu etinasız şəhərə necə alışacağımı düşünürdüm. Əlimdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul kağızım vardı və illərlə sadəlövhcəsinə həsrətində olduğum bu qəbul kağızının həvəsi ürəyimdən çıxmamış avqust istisinin yandırdığı böyük şəhərin kimsəsizlik, tənhalıq ovqatını yaşayırdım. Onda hələ o birinci kursun tələbələri də, müəllimləri də ziyalıları da, üzü kommunist küçəsinə baxan auditoriyaları da mənə çox darıxdırıcı və yad görünürdü. Bir neçə günün dərsləri də, bu dərslərə etinasız müəllimləri də bu yadlığa, bu kimsəsizliyə qəribə bir payız ovqatı gətirirdilər.

Bu payız ovqatının darıxdırıcı bir anında üzü kommunist küçəsinə baxan auditoriyamıza ucaboylu, qamətli, cüssəli bir müəllim daxil oldu və çox sakit, mülayim bir səslə salam verdi. Onun üzündə bir nur var idi. Üzündəki bu nur içimdəki kənd nostalgiyasını, hərdən qayıdıb bu etina-sız səhərdən qaçmaq istəyimi azaltdı və mən həmin gün nədənsə bu müəllimin yaxşı adam olmağı qənaətinə gəldim. O gün o müəllim o auditoriyada adlarımızı sinif jurnalından bir-bir oxudu. "Mən" deyib əsgərsayağı hər yerindən qalxan tələbəyə gülümsəyərək niyə jurnalist olmaq istədiyini soruşdu və deyəsən, elə bu bircə suala cavablardan kimin kim olduğunu öyrənmək istədi. Sonra ayağa durdu və özünü təqdim etdi:

- Mənim də adım Nəsir müəllimdir - dedi- Nəsir İmanquliyev. Mən sizə jurnalistikaya giriş fənnini deyəcəm...

Sonralar çox sevdiyimiz, auditoriyaya girəndə sakit olub qulaq kəsildiyimiz Nəsir müəllimlə ilk tanışlığımız belə başladı. Və müəllimlərimizlə yavaş-yavaş tanışlıqdan sonra içimdəki kənd nostalgiyası yoxa çıxdı, yad adamlar doğmalaşmağa başladı və biz hamımız bu böyük şəhərə öyrəsə bildik.

Bir az da ötdü və biz "Jurnalistikaya giriş" müəllimimizin həm də "Bakı" və "Baku" qəzetlərinin redaktoru olduğunu öyrəndik. Çətinlik çəkən tələbələrə hərdən deyirdi:

- Yanıma gəlin, redaksiyada söhbətimiz daha maraqlı olacaq.

Biz müəllimimizin və iki böyük, gündəlik qəzetin redaktorunun redaksiyadakı iş otağına ayaq açdıq. Bizi bir-bir şöbələrə tapşırırdı.

- Bunlara xəbər yazmağı öyrədin - deyirdi söbə müdirlərinə. Və dərsdə də bizə jurnalistika peşəsinin xəbərdən başladığını dönə-dönə təkrar edirdi.

Tələbə həyatının pulsuzluq deyilən maraqlı bir cəhəti var. Nəsir müəllim bu həyatı çox yaxşı duyurdu və maddi kömək üçün bizə tez-tez xəbər yazdırırdı. "Bakı" qəzetində dərc olunan bu xəbərlərə - ilk imzalarımıza görə qürur duyurduq. Bu xəbərlərin qonorar kağızını alanda isə özümüzdə peşənin gücünü hiss edirdik.

Jurnalistika fakültəsində oxuyanların bəxti gətirmişdi. Biz Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Həsən Şahgəldiyev kimi müəllimlərin illərlə qurduqları və təmizlik qeyrətini qoruduqları bir fakültədə oxuduğumuzu hiss edirdik. İndi biz tarixin bu günündən o günlərinə baxanda çağdaş Azərbaycan mətbuatında tüğyan edən bu hərc-mərcliyin, xaosun, reketçilik elementlərinin haradan qaynaqlandığını bilmək istəyirik. Ancaq bunda o qədər də böyük sirr yoxdur. Sadəcə, bu hərc-mərclik mətbuatının "jurnalistləri" o böyük müəllimlərin dərslərini görməyiblər. Və nə yazıq ki, həm də o böyük müəllimlərin dərsini görənlərin nostalji hissləri də bəzən onlara qəribə gəlir.

Nəsir İmanquliyev jurnalistikanın nəzəriyyəsini və təcrübəsini özündə birləşdirən müəllim idi. Onun tələbələri xoşbəxt idi ki, əllərində Nəsir müəllimin simasında "Bakı" və "Baku" kimi iki gündəlik qəzet laboratoriyası vardı. Jurnalistikanın adi müxbrliyindən tutmuş qəzet redaktorluğuna qədər yüksəlmiş, jurnalistikanın nəzəri problemlərini işləmiş və onun ciddi elmi sahəsini yaratmış Nəsir İmanquliyev neçə-neçə elmi əsərin müəllifi idi. Amma onun şah əsəri böyütdüyü, peşə sahibinə çevirdiyi, çörək verdiyi tələbələri idi. Bu gün Qərb ölkələrindən neçə-neçə jurnalist gəlir və Azərbaycanda öz "standartlarının" treninqlərini keçirib özlərini gözə soxurlar. Həmin "standartları" Nəsir müəllim hələ otuz il bundan qabaq öz tələbələrinə qətiyyətlə öyrədirdi. Onun özünün rəhbərlik etdiyi qəzetlərin xəbər prinsiplərini Qərbə təqdim etmək indi yerinə düşərdi.

Nəsir müəllim haqqında çox yazı oxumusam. Öz müəllimləri haqqında ürəkdolusu yazan jurnalistlərin hamısı onun xeyirxahlığından daha çox danışırlar. Həqiqətən də, Nəsir müəllim çox xeyirxah bir insan idi. Mənim "Vağzalı" adlı ilk hekayəmi "Bakı" qəzetində dərc etdirmişdi. Doğrusu, o zaman bədii ədəbiyyata çox həvəsi olan bir cavan adam kimi uçmağa qanadım yox idi. Hekayənin dərcindən bir az sonra bu qəzet hekayəsinin qiymətinə sığmayan qonorar kağızı aldım. Onda mən müəllimim Şirməmməd Hüseynovun köməyi ilə jurnalistika fakültəsində laborant işləyirdim və mən cəmi 80 manat maas alırdım. Nəsir müəllim bunu bilirdi və nəşriyyatın mühasibinə xüsusi göstəriş vermişdi ki, o hekayəyə qonorarı artıq yazsın.

1970-ci illərin ortalarında mən hələ "naxalstroy" deyilən sınıq-salxaq bir evdə yaşayırdım. O ev plana düşürdü və Nəsimi rayon rəhbərliyi bu evin əvəzində bizi Bakının çox uzaq bir rayonuna göndərirdi. Onda Nəsir müəllim mənim, bizim ailəmizin köməyinə çatdı və mən bu gün yaşadığı-mız mənzili o böyük, xeyirxah insanın Bakı Şəhər Sovetinə etdiyi xahiş nəticəsində ala bildim...

İndi Azərbaycan xalqı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın xalqa yanımı, qayğısı, usaq evlərinə, məktəb tikintisinə göstərdiyi köməyin, xeyirxahlığın haradan, hansı kökdən gəldiyini düşünür. Amma fikirləşəndə ki, ölkənin birinci xanımı və Heydər Əliyev Fondunun prezidenti ana tərəfdən Nəsir İmanquliyevin, ata tərəfdən Azərbaycan ədəbiyyatının böyük siması Mir Cəlal Paşayevin nəvəsidir və üstəgəl Heydər Əliyev kimi bir xalq liderinin yanında yaşamaq xoşbəxtliyinə nəsib olmuşdur, onda heç bir təəccübə yer qalmır.

Mənə elə xoşbəxtlik nəsib olub ki, mən tələbə kimi həm Nəsir müəllimin, həm də Mir Cəlal müəllimin dərslərini keçmişəm və həm də universitetdə onlarla bir yerdə işləmişəm. Həyatımızda belə adamların olduğu bir şəraitdə bizim xeyirxah olmamağa, başqasının problemlərinə yanmamağa haqqımız yoxdur.

Nəsir müəllim zəhmətkeş insan idi. İki qəzetin redaktoru, universitet müəllimi, ailə başçısı, ictimai xadim... Bütün bunları çatdırmaq və həm də ictimai məsuliyyət hissi ilə, vətəndaşlıq qeyrəti ilə çatdırmaq çox çətin idi. O, çox ciddi münasibət tələb edən vəzifələrdə bərkimisdi: "Bakı" və "Baku" qəzetlərində redaktorluğuna qədər bir sıra partiya mətbuatında məsul vəzifələrdə olmuş, Bakı Səhər Partiya Komitəsində şöbə müdiri, Radio Verilişləri Baş İdarəsinin rəisi kimi bir çox vəzifələrin öhdəsindən ləyaqətlə gəlmişdir. Təsadüfi deyildi ki, o, jurnalistika dərslərində mətbuatın, radionun, televiziyanın nəzəri və praktik problemlərini eyni səviyyədə tədris edirdi. Bəzən onun öz şəxsi təcrübəsi kifayət edirdi ki, tələbələr onun dərslərindən məmnun qalsınlar.

Bütün bunlarla belə tələbələrdən sonra Nəsir İmanquliyevin ən böyük əsəri "Bakı" və "Baku" qəzetləri olub. Bugünkü yanaşmada qəzet yaratmaq su içimi kimi bir şeydir. Liberal qanunvericilik bazası var, söz və mətbuat azadlığı təmin olunub, dövlətin vətəndaş cəmiyyəti qurmaq iradəsi var və s. Mətbuat üzərində sovet dövlətinin və Kommunist Partiyasının qəti monopoliyasının hökmranlıq etdiyi dövrdə yeni qəzetin işıq üzü görməsi əsl hadisə idi. Nəsir İmanquliyev ömrünün sonunadək 1958-ci ildə yaranan "Bakı" qəzetinin redaktoru olmuşdur. Üstəlik, 1963-cü ildə nəsrinə nail olduğu rus dilində çıxan "Baku" qəzetini də ömrünün axırınadək özü redaktə etmişdir.

"Bakı" Azərbaycan gerçəkliyində öz tipologiyasına görə tamamilə yeni qəzet idi. Azərbaycan mətbuatı tarixində ilk axşam qəzeti olan bu mətbuat orqanı sadə fəhlənin, sadə bakılının problemlərinin ifadəçisi idi. Nəsir müəllim o dövrün ən cəsarətli qəzet redaktoru idi. Biz hamımız haqqımızı "Bakı"nın gücü ilə müdafiə edirdik. O qəzetin saralmış komplektlərində Nəsir İmanquliyevin cəsarət dolu imzası xalqın haqqını tapdayan, rüşvətxor, əclaf adamlar barədə yüzlərlə felyeton var. Mən Nəsir müəllimin qəzetdə dərcinə imza atdığı, dəqiq faktlara söykənən, amma böhtandan, təhqirdən uzaq o felyetonlarını xatırlayanda bugünkü bəzi qəzetlərimizin səhifələrində bas alıb gedən və insan ləyaqətini alçaldan səriştəsiz, səbatsız yazılara görə xəcalət hissi keçirirəm. Nəsir İmanquliyev dərsləri bizə oxucu qarşısında məsuliyyət daşımaq, hər bir leksik vahidin ölçüsünü bilmək, pesə etikasının bütün parametrlərinə əməl etmək, yazılarımızda dəqiq faktlara söykənmək, vicdanlı və qərəzsiz olmaq, problemlərin həlli yollarını göstərmək və s. kimi peşəkarlıq xarakteri öyrətmişdir.

Nəsir müəllim son dərəcə milli ziyalı idi. Bu mənada onu XX əsrin əvvəlləri Azərbaycan milli intibahının nümayəndələri ilə müqayisə etmək olar. Tədris etdiyi fənləri N.Zərdabidən, C.Məmmədquluzadədən, Ö.F.Nemanzadədən gətirdiyi misallarla paralelləsdirib müasir günlərin milli ziyalı obrazını tamamlayırdı. Bədii ədəbiyyatın milli-mənəvi dəyərlərlə bağlı nümunələrini "Bakı" qəzetində ləngitmədən dərc etdirirdi. "Sovet adamı" ifadəsini bir dəfə auditoriyada lağa qoydu:

- Adamın da soveti olar? - dedi - adamın milliyyəti olar, etnik mənsubiyyəti olar, lap ağını çıxarıblar!

Nəsir İmanquliyev klassik müəllim keyfiyyətində olan bir ziyalı idi. Səliqəli müəllim geyimindən tutmuş aydın nitqinə, tədris etdiyi fənlərdən tutmuş elmə münasibətinə, klassikaya məhəbbətdən tutmuş müasir düşüncəyə hörmət məqamlarınadək hər şeydə müəllim nümunəsi göstə-rirdi. Bu mənada onun tələbələrinin bəxti gətirmişdi. O tələbələrin bir çoxu indi yaslı nəslin, xeyli hissəsi yeni dövrün söz adamlarıdır. Onu dəqiq bilirəm ki, Nəsir müəllimin tələbəsi olmuş jurnalistlər öz peşəsinə heç vaxt etinasızlıq etməyəcəklər. Çünki onların hər birinin qəlbində Nəsir İmanquliyevin klassik ənənələrdən yoğurulmuş müəllim sözü, müəllim həqiqəti var.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Cahangir Məmmədli