USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Milli qürur sahibi


https://img.baki-baku.az/news/2021/04/photo_3431.jpg

...Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və yaxın gələcəkdə layihə təqdim ediləcək. Şuşa bütün mövsümlərdə gözəldir. Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün, şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb. Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotoşəkillər də var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə”.

Bu sözləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birliklə bu il mart ayının 16-da Şuşa şəhərinə gedərkən demişdir.

Ölkəmizdə ülvi xüsusiyyətlərə malik, zərif, incə xarakterli insanlara - qadınlara, onların fədakar fəaliyyətinə həmişə diqqət yetirilmiş, etibar edilmiş, əməkləri yüksək qiymətləndirilmişdir. Şərqdə Azərbaycan ilk ölkədir ki, qadınlara seçmək hüququ verilmişdir. Və bu elə-belə olmamışdır. Azərbaycan qadınının əzmkarlığı, fədakarlığı, qurub yaratmaq qabiliyyəti, milli köklərimizə bağlılığı, xalqının maddi-mədəni ənənələrinə sadiqliyi, bacarıqları, savadları və digər insani keyfiyyətləri nəzərə alınaraq bu mühüm addım atılmışdır.

Qadın əməyinə müasir dövrdə də xüsusi qayğı göstərilir. Qadınlar elmimizin, təhsilimizin, səhiyyəmizin, iqtisadiyyatımızın müxtəlif sahələrinə, digər dövlət və quruculuq işlərinə, ictimai təşkilatlara cəlb olunur, onların qabiliyyətindən, əməyindən, bilik və bacarıqlarından kifayət qədər istifadə edilir.  

Xalqımızın Ümummilli Liderimiz Heydər Əliyev qadınların əməyini, onların milli-mədəni dəyərlərimizə verdikləri töhfəni, dövlət quruculuğundakı fədakarlıqlarını həmişə yüksək qiymətləndirirdi. Ölkəmizdə qadın siyasəti məhz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə təkmilləşdirilmişdir. Ulu Öndər həyatımızın bütün sahələrində qadınların əməyindən istifadə edilməsinə böyük önəm verirdi. O demişdir: “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələyimizin dayağıdır”.

Bu dəyərli fikirlər ölkəmizdə qadınların roluna, fəaliyyətinə dövlət səviyyəsində verilən yüksək qiymətin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Ümummilli Liderimiz Heydər Əliyevin etibarlı və yeganə siyasi varisi İlham Əliyev həmçinin qadınlarımızın quruculuq qabiliyyətinə, fədakar əməyinə, məğrurluğuna, vətənpərvərliyinə, mərdliklərinə xüsusi önəm verir.

Cənab Prezidentimiz İlham Əliyevin bu il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə azərbaycan qadınlarına təbrikində oxuyuruq: “...Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, onlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər. Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir”.

Budur azərbaycan qadınına, azərbaycanlı anaya göstərilən etimadın, inamın müqabilində onların səmərəli fəaliyyətinə, vətənpərvərliyinə, mərdliyinə dövlət səviyyəsində verilən qiymət!

 Öz səmərəli fəaliyyətləri ilə seçilən, elmimizə, səhiyyəmizə, incəsənətimizə, milli-mədəni dəyərlərimizə sanballı töhfələr verən qadınlarımız çox olub və indi də var.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun, Azərbaycan Gimnastika Federasiyasının, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva özünün çoxistiqamətli fəaliyyəti ilə, sözün bütün mənalarında azərbaycan qadınlarına örnək olan ictimai, siyasi xadim, qurucu, yenilikçi, milli qürurlu, nurani simalı, xeyirxah, təvazökar insandır. Humanistlik onun xarakterindədir. Bu vətənpərvər ana müxtəlif zümrələrdən olan yüzlərlə insanların, imkansız ailələrin, valideyn himayəsindən kənar uşaqların hamisidir, dayağıdır.

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın 2004-cü ildən – Heydər Əliyev Fondu yaradıldığı vaxtdan bəri bu qurumun prezidenti kimi respublikamızda təhsilin, mədəniyyətin, idmanın, incəsənətin və sair sosial sahələrin inkişafı üçün həyata keçirdiyi işləri, tədbirləri sadalamaqla bitən deyil. Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti olaraq fəaliyyətə başladığı həmin zamandan respublikamızda yeni məktəb binalarının, kimsəsiz uşaqlar üçün sanatoriya, internat məktəblərinin müasir üslubda tikintisi, təmir edilməsi, yeni mədəniyyət, incəsənət ocaqlarının yaradılması geniş vüsət almağa başladı. Hazırda təkcə bu sahələrdə reallaşmış amilləri – yüzlərlə məktəb tikintisini, mədəniyyət ocaqlarını yada salmaq kifayətdir ki, Fondun xətti ilə, onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə görülən işlərin miqyasını dərk edəsən, onun mədəniyyətimizə, yeni nəslin tərbiyə edilməsinə təzə nəfəs gətirdiyini duyasan.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Molla Pənah Vaqifin məqbərəsinin və onun büstünün bərpası layihəsinin icrasının Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilməsini, qərara alması heç də təsadüfi deyildir. Cənab Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyevanın məsuliyyətini, yüksək zövqünü nəzərə alaraq bu çox vacib işi Heydər Əliyev Fonduna həvalə etmişdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təbirincə desək bütün mövsümlərdə gözəl olan Şuşada hər şey – abidələr də, mədəniyyət ocaqları da, dini məbədlər də, bir sözlə, şəhərin bütün atributları qəşəng, ürəkaçan, Azərbaycanın mədəniyyət mərkəzinə uyğun olmalıdır.  İnşallah, bu belə də olacaq. Artıq Şuşada qızğın quruculuq işlərinə start verilib.

Coşqun fəaliyyətində nəciblik, ülvilik, mərhəmət, yenilik hissi dayanan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir deyimini yada salmaq istəyirəm: “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır.

Mehriban xanım Əliyevanın bu ibrətamiz kəlamları hər bir insan üçün gərəklidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin bütün istiqamətlərinə kiçik bir məqalədə geniş nüfuz etmək mümkün deyil. Biz Mehriban xanım Əliyevanın sosial sahədə həyata keçirdiyi qlobal işlərin yalnız bəzi məqamlarına çox cüzi toxunduq. Mehriban xanımın ictimai-siyasi, sosial-mədəni fəaliyyətinə dair bir çox kütləvi informasiya vasitələrində işıq üzü görmüş çoxsaylı geniş məqalələr toplu şəklində çap olunmuşdur. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxistiqamətli fəaliyyəti sanballı kitablar yazmaq, əsərlər yaratmaq üçün zəngin materialdır. Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə həyata keçirilən genişmiqyaslı layihələr nəinki ölkəmiz daxilində, hətta xaricdə öz bəhrələrini verməkdədir. Bu isə ölkəmizi xaricdə tanıtdırmağın, təmsil etməyin bir növ üsuludur, istiqamətidir. Mehriban xanım Əliyevanın həm siyasi fəaliyyəti, həm quruculuq sahəsində həyata keçirdiyi çox əhəmiyyətli layihələr, işlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Xalqımız da onun humanistliyini, mərhəmətini, fədakarlığını, kütlə ilə daim təmasda olduğunu dəyərləndirir. Çünki Mehriban xanım Əliyeva həmişə öz xalqı ilə təmasdadır, ürəyi onunla birlikdə döyünür. Bunu Mehriban xanımın Vətən müharibəsi dövründə etdiyi paylaşımlardan da, İkinci Qarabağ Savaşından sonra ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və qızları Leyla Əliyeva ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımıza səfərlərindən də görmək mümkündür.

Kifayət qədər məsul vəzifələri ləyaqətlə yerinə yetirən Mehriban xanım Əliyevanın müsahibələrinin birində dediyi aşağıdakı sözləri xatırlamaq yerinə düşər. O demişdir: Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür”.

Bəli, Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu məsuliyyətli yükün öhdəsindən şərəflə gəlir və vəzifələrini ləyaqətlə davam etdirir.

Ənvər MƏŞƏDİYEV,
“Bakı” və “Baku” qəzetləri redaktorunun müavini




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Ənvər Məşədiyev