USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Təbriz! Mən səndən ayrılmazdım...


https://img.baki-baku.az/news/2021/02/photo_3038.jpg

Duyğularımın su kimi təmiz, ürəyimin saz kimi kövrək, yaz kimi titrək yerisən Təbriz! Dərdimin yarpız yerisən! Gözümü açandan yamyaşılsan. Gülü yarpıza dönsün Səni məndən, məni səndən edənlərin, bağrımızı didənlərin. Səni mənə kəfən edənlərin! Ölüm ayağının altında! Yol ver, Türkün bayrağına! Yol ver gəlib səndən keçib haqqa qovuşum. Yol ver, məzarımı Savalanda qazsınlar. Üzümü üzünə söykəyib adımı sinənə yazsınlar! Xudafərinin, Arazın nisgilinə son qoyulsun, ruh bədənə, cism cana qovuşsun!

“Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya”. Kimlər gəldi, kimlər getdi gül qoynundan. Kimlərin könlünün çiçəyindən şeh, sevgisindən meh dərdin. Kimləri mələk, kimləri iblis donunda yoxluq dünyasına göndərdin? Yaxşıya körpü oldun, yaman da keçdi səndən. Sən deyənlər, səni deyənlər əbədi qaldı sənnən. Kimini şah taxtında, kimini qəm taxtında əyləşdirdin. Kimini müqəddəs duyğularının heykəlinə, kimini çör-çöpə çevirdin. Haqqa üz söykədin, üzünü üz görənlərdən qorudun. Yaxşıların abrında, abidlərin ağlında, zahidlərin ibadətində yaşadın.

Yolçulara yol, dərvişlərə nur verdin. Könlündə Tanrı quşu ötənləri sevdin. Onlara Salam olsun dedin! Sənə yaxın, Səndə qalan müqəddəs bir soy var. O mənim soyumdur. Əski şamanların, ustad aşıqların, qüdrətli fikir və düşüncə sahiblərinin, sərkərdə xaqanların qopduğu türk soyu. Oğuz oğlunun TURAN eşqındən cücərmişdin. Onun qoynunda dinclik tapmışdın. O sənin qoynunda murada çatdığı kimi.

Türkün mərd kişiləri qılıncının hökmünə qorumuşdu zaman-zaman TURAN işığını. Göz oxşayan, yovşan, yarpız qoxuyan çölləri, at işləməz, dəvə keçməz qırgəziəri, səhraları, quşqonmaz yamacları oymaq-oymaq, sancaq-sancaq qurmuşdu babalarımız. Sancaq dedim yadıma türk ərlərinin kamanından qopan oxların sancıldığı yurd yerləri düşdü. Əski tüklər sadaxdan ox çıxarıb kamana qoyar, yayı çəkərmiş, ox hara sancıldı, orda altundan bir çadır qurular, sonra da saray yapılarmış. O zamanlar Sən mənimmişsən, Dünya! Canlının, cansızın haqqından  sonra mənə - adına türkəm deyənə bağlı imişsən. Altaylardan Anadoluya, Tanrıdağdan Ağrı dağa, Tac Mahaldan Sultan Əhmədə, Çaldırandan Çanaqqalaya, Türküstandan Osmanlıya, Osmanlıdan Çin səddinə Oğuz ruhu, Qorqud qopuzu, Şaman duası, Qurd işığı hakimmiş. Sonra hər şey dəyişib, yağıları atdöşü edənlər, haqsıza haqq dərsi verənlər atdan düşdükcə bizdən küsübsən? Ürəyinə dəymişik. Şüşə könlünü sındırmışıq. Öncə dağları, sonra sarayları sar alıb, sınırımız, sərhədimiz daralıb. Ağlamaqdan gözümüzə qan damıb. Səni qınamıram dünya! Qınamaq, yanamaq sənin, yalvarmaq mənim haqqımdı indi. Gözəllərinə, gözünə, könlünə dəymişik, dağları arana, yaylağı şorana, sarayı çadıra dəyişmişik. Təbrizi Tehrana, Borçalını Kvemo–Kartliyə, Dərbəndi Dağıstana, Göyçəni Sevana, İrəvanı Yerevana çevirəndən baxt üzünü bizdən çevirdi. Şah babalarımın taxtı çevrildi. İndi iki əlim, iki gözümdü. Kimsə uzaqda, lap uzaqda “sil gözünün yaşın, ağlama bəsdi Qaragilə” - deyir!

Hamı dedi. Səndən savayı. Bircə sən demədin “Sil, gözünün yaşın”. Sən arif idin, dünya! Başında çox toplar atılmışdı. Gözünün qabağında çox köçlər, kəcavələr, cənazələr yola düzülmüşdü. Ayrılıqlar görmüşdün bir-birindən betər. Beləsini görməmişdin. Anası ölən balalar torpağın üzü soyuqdur deyib, gözünün yaşını ona görə silir ki, Ana anasının qoynuna köçüb.  Balası ölən gözünün yaşını silir ki, vədə çatanda öz ruhuna qovuşacaqsan. Bəs mən, nə deyib, gözüm yaşın sel etməyəydim. Torpağı əsir gedən, torpaqdan yetim-yesir gedən dədələrimə baxıb göz yaşımı necə siləydim. Mən silmədim. Öz içimdən, səsimdən göynədim. Saza söykəndim. Abbasın Gülgəz, Qurbanın Pəri, Qəribin Şahsənəm, Ələsgərin Səhnəbanu ağrısını çəkən qara saza!

Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Güləndə qadası qanıma düşdü.

Qanına qada, sevgidən səda düşən Dədə Ələsgər idi. Sazdan, simdən, tazanədən xəbəri yox idi. Bütanın xatasına Səhnəbanunun qadasına düşəndə tuş gəldi. Əvvəl sevgisini, sonra elini yağmaladılar. Səhnəbanusu ellərə qaldığı azmış kimi, yurdu el malı, Göyçəsi Sevan oldu. Büta camına zəhər, məzarına kədər süzdülər.

İrəvan qalasından bayrağımız enəndə Yerevana könül verdilər. Onda gözəlin buxağını bəzəyən xal ürəyimə düşdü dünya! “Xal mənim, yar mənim, ixtiyar mənim” deyənlərlə davaya düşdüm. İxtiyar mənim olsaydı İrəvan Yerevanmı olardı? Yar mənim olsaydı, əsirmi qalardı? Xal mənim idi. Bağrımın başında bitən, köz-köz olan xal. İrəvanda xan qalmadı, daha məndə can qalmadı, Göyçənin, Zəngəzurun, Vedinin, Dərələyəzin, Dərəçiçəyin, Ağbabanın xalını “Göyçə gülü”nə toxudum. Aşıq Nəcəfin, Aşıq Alının, Dədə Ələsgərin xalından xal, gülündən gül dərdim. Dərdin, kədərin, budanan budaqların gülünü.

Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı,
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı budağında bar olmaz.

deyib, gavuru sərv ağacına oxşatdıq. Gavur elə sərv ağacıdı, əsli qıtdı, amma əməli, bəd niyyəti qıt deyil. Xəstə Qasımın dərdinə düşdük. Sazın çanağına köçdük. Hamı ordan qopdu, bəzirgan oldu. Mən ola bilmədim, xoca qaldım, qoca qaldım, dünya. Sinəmi tikan yeyib, xar oydu. Qara dərdlərin qara tikanı oldum.

Dağlar dağımdı mənim,
Qəm oylağımdı mənim.

- deyib, Mahmudnan Məryəmi Əsliynən Kərəmə döndərən keşişin acığına, Göyçə məndən, mən Göyçədən qopmadım. Boynu bükük bənövşələrə qoynumu açdım. Özüm də dönüb  bənövşə oldum.

Qurbani der, könlüm bundan sayrıdı,
Neyləmişəm yarım məndən ayrıdı.
Ayrılıqmı çəkib, boynun əyridi,
Heç yerdə görmədim düz bənövşəni.


Qurbanın heç yerdə düz görmədiyi bənövşəli yörəndən idim dünya. Dərdə, kədərə öyrətdin məni. Mədəmi xəmirə, ruhumu saza, könlümü sözə öyrətdiyin kimi. Şuşada şüşə kimi sındım, Kəlbəcərdə ceyran kimi teyləndim. Laçında laçına döndüm. Ağdamın toy damlarında qaralan çıraqla qaraldım. Zəngilanda cəngi türklərindən olduğumdan utandım, Qubadlıda kədərimdən odlandım, Ağdərədə qara baxtdan usandım. Cəbrayılda Diri dağını, Pəri dağını, Qurban dağını çəkdiyim azdı, Araz ağrısını daşıdım. Kədər, qəm oldu yaddaşım, yoldaşım. Olanlar gözümün qabağında olub dünya. Olacaqları mən görməsəm də, Sən görəcəksən. O zaman nə qədər böyük olduğunu bir də dərk edəcəksən. Axı Sən yeganə varlıqsan ki, hönkür-hönkür ağlayanda, sinəmi çalın-çarpaz dağlayanda, yurdum deyib, oda düşüb yananda, özümü suya vurub daşa çırpanda “Sil, gözünün yaşın, ağlama bəsdi” deməmisən. Deməzdin axı. Təbrizi qan tutandan, Xudafərinin dirəkləri yatandan, Arazda qan axandan qurumayan göz yaşımı sözmü qurudar. Sözmü məni yola gətirər? Qurutsaydı mən, mən olmazdım ki, dünya!

Dədəmin, babamın at oynatdığı, ad alıb, süfrə saldığı, Batının, Doğunun qulluğunda durub, pişvazında dayandığı Təbriz! Kiminin əvvəli, kiminin axırı deyəndə, bəlkə elə səni düşünüblər. Əzəlin şahdı, padşahdı, xandı, sultandı. Qalalarından bayraqlar boy verər, bürclərindən şahinlərin pərvaza gələrdi. İgidlərin qoşun-qoşun, gözəllərin cərgə-cərgə idi. 40 gün 40 gecə toy vurdurardın oğluna, qızma. Qara qoçların kəsilər, qulplu qazanların asılar, sac üstündə qovrulan yuxaların açılar, xan plovların dəmə qoyular, bəy otaqlarının gərdəkləri qurular, xalçaları salınar, yuxular xeyrə yozular, “Cəngidən” başlanan toyların “Atlandırma”da başa varardı. Ustadlar “Ustadnaməni” bir yox beş desələr də, “Duvaqqapmanı” bircə dəfə deyərdi. Toyunu, sazını biz çaldıq, xeyri-duanı Tanrı versin, söyləyərdilər. Qızıla, gümüşə, zərxaraya, ipəyə, qumaşa bürünən çıqqalı, dikkəli nənələr dilinin duasını, əli qəlyanlı dədələr məsləhətini kəsməzdi. Küsülülər toydu deyib barışar, məclisə, mağara qarışardı. “Güləşəngi”nin, “Dirədöymə”nin, “Çovqan”ın, “Yallı”nın qəhrəmanı çıxanlara qara hörüklü, incə biləkli, yaylığı, könlü butalı qızlar qırmızı alma atardı. Alma, xurma bağlarında gündüz gözəllər, gecə mələklər dastan qoşardı. Abbasın Gülgəzi, Qurbanın Pərisi, Qəribin Şahsənəmi buralardan keçib deyərdilər.

Küçələri hörüklərim kimi burma-burma, bağları, yolları, cığırları xurma Təbriz! Min illərin su pərisi, dərgah mələyi, Tanrı çiçəyi, Odlar Yurdunun ürəyi uzaqda durma, boynunu burma! Mən Səndən yaralıyam, başı qaralıyam. Sən kimdən Təbriz?! Adını adımda, dadını ağzımda yaşatdım. Dolanbac küçələrini taleyimə oxşatdım. Camaat qibləyə, mən sənə sarı yatdım. Kürəyimi torpaq, ürəyimi qubar yandırdı. Adım diridir. Dirilər cərgəsindədi... Cismimə baxıb diri deyirlər. Ruhum səndədi Təbriz!

Adına dastanlar bağladılar, dalınca ağladılar. Dadına çatmadılar. Qollarından qandalı, əllərindən zənciri qoparmadılar. Haqdan olmayanlar, Ay kimi paralandılar, Günəş kimi doğa bilmədilər. Tomris olub yağını boğmadılar. Üstündən bəd ruhları qovmadılar, Təbriz!

Gözəlim, gözüm, ağzımda şirin dilim, Qırata tay tutduğum birçəyim, telim, dost-doğmaca elim - bəd nəzərə gəldin. Əllərin xınalı kəkliyə, baxışların qırğıya, duruşun Oğuz quşuna oxşayır. İçinin gözəlliyi üzünə çıxıb çıraq kimi yanır, par-par parıldayırsan. Al yanağın aldan, gül dodağın baldan, taleyin də qadadan, qaldan pay aparıb. Sən mənim ürəyimin buz  kimi kövrək yerisən, bircə baxışdan əldən gedər, suya dönüb əriyərsən! Sən mənim Peyğəmbər çiçəyimsən - Qızılgülümsən. Ürəyimi haqqa açan kimi açılıbsan, ruhunu alan kimi doğulubsan. Ləçəklərin də özümə, özünə oxşayır, uşaq kimi kövrək, ilk sevgi kimi ürkəkdi. Quruca bir nəfəs pərəyini pozub, ləçəyini dağıdar.

Sən mənim yurd adına yer üzündə ilk məhəbbətimsən. İçimdə qaynayırsan, qanımda oynayırsan. İçində yanıb, qanında oynayıram. Hara getsəm, hara baxsam ordan boylanırsan, yetim-yetim, məlul-müşkül baxırsan. Ustad Mikayıl Azaflının dediyi ilk məhəbbətim elə sənsən, sən Təbriz!

O eyvandan bu eyvana,
Nə baxırsan yana-yana.
Sən məni saldın ovsuna,
Səndən ayrıla bilmirəm,
Səndən ayrıla bilmirəm.

Nə baxırsan yetim-yetim,
Ayağında ölüm itim,
Ay şənliyim, səadətim,
Səndən ayrıla bilmirəm,
Səndən ayrıla bilmirəm.


Sən mənim sağalmayan, öz əlimlə qaysaq tutduqca duz səpib təzədən qaynatdığım yaramsan. Göz bağlamağından qorxuram. Duz basıram. Sən sağalsan yağıya, yada qalarsan! Savalanda yatan, yuxuya dalan igidə ümidim ölməyib hələ. Atına minib gələndə məni tərkinə alıb Sənə aparacaq, Laylanı özüm çalıb, ovsununu özüm oxuyacam. Tilsimini, sehrini üzəriyə atıb, atil-batil edəcəm. Yaxandakı düymələri, qıfılını, zəncirini açıb özümü, özünü xilas edəcəm. Yoxsa ölərəm Təbriz! Sən mənim duyğularımın, sevgilərimin, sufilərimin, dərvişlərimin şəhərisən. “Ey Allah, mən sənə cəhənnəm qorxusundan xidmət göstərirəmsə məni onun qoynuna at! Cənnət eşqinə xidmət göstərirəmsə məni ondan məhrum et! Yox, əgər mən sənə, sənin eşqinə görə xidmət göstərirəmsə onda mənim taleyim sənə necə sərf edir, o cür də həll et”, “Sultani aləm elmdir” deyən müqəddəslərim - Sənin qanından cücərib, Sənin qoynundan qaynayan bulaqların suyunu içib!

Sən mənim dadmadığım Ana südüm, çalınmamış laylam, qurulmamış bəy otağım, tutulmayan cehizim, asılmamış gərdəyimsən Təbriz! Özümü qanandan adamların gözünə dik baxa bilmirəm, əsir adam yetim-yesirdi. Sən mənim yetim üzümsən! Kimsəyə deməyə qorxduğum, qul olduğum sözümsən Təbriz! Toylarda əlimə xına yaxmıram. Doğulandan dırnaqlarım xınalıdı. Dərdimin, nisgilimin qanı çıxıb üzünə!

Sən mənim havalı çağrılan adımsan! Adımı Havalı çağırırlar. Özündə, sözündə deyil, fıkri ayrı yerdədi deyillər. Sən mənim havalı üzümsən. Cismimdən qopan ruhumsan Təbriz! Havalı olmayım, dəli dərviş kimi dolanmayım bəs nə edim?

Sən mənim dünən bəxtəvər, başda olan, bu gün yollara boynu bükük-bükük boylanan, dərdinə dərman olmayan Millətimsən. O da qan ayrısıdı, Sən də! Yolların burma-burma, qapıların, darvazaların oyma-oyma! Gözümü yolda qoyma. Oyulmuş ürəyimi oyma Təbriz!

Hanı dediyin bəy ərənlər? Hanı Həsən bəyin altun sarayı? Hardadı, Sara xatunun siyasətindən qurulan məşvərət otağı? Həsən bəylə Qara Yusifi Ağ qoyunlu bəyləri ilə Qaraqoyunlu bəylərini kim yıxdı? Kim qardaşı-qardaşa qılınc qurşatdı?

De, utanıb eləmə, gözümün Nuru! Oğuz elindən başladı qara üzümüz. İç Oğuzla Dış Oğuzun Oğuz ənənəsini pozub, Üç oxlarla Boz oxların yerini dəyişik salması qırdı belimizi. Ot kökü üstündə bitər! Bitdi də...

Səlcuqluların zamanında qüdrətindən aşıb-daşan, topdağıtmaz saraylarını qanı qanından olmayan Nizamülmülk necə yıxdı gözümün Nuru? Bir yandan tikib, bir yandan sökdü. Öz  soyundan olanları içimizə yeritdi. Nə yaxşı ki, sarayın baş xatunu - Türkan xatun var idi. Əlini-ayağını yığışdırdı.

Şeyx Səfinin zamanında özünə qayıdırdın qan su yerinə axdı. Qan düşdü. Soyun qanı suya, boyun suyu qana qarışdı. Heydərin oğlunu, Aləmşahbəyimin gözünün nurunu, Ağqoyunlu Həsən bəyin yadigarını- nəvəsini beşikdə qoruya-qoruya Şahlıq taxtına çıxardılar. Ana dilli dövlətimizin qurucusunun çiyninə şahlıq quşu 14 yaşında qondu. Sarayını sənət-mədəniyyət gülüstanına döndərən, ana dilimizi Qorqud Ata zamanından sonra ilk dəfə dövlət dili elan edən Şah İsmayılın Xətai dünyası saz, söz üzün idi. Səsinə Kərbəladan Mövlana Məhəmməd Füzuli, sarayından Həbibi, Arazın bu tayından Dirili Qurban səs verdi. Sazın, Sözün işığında qurşanan qılınc Xaqan sərkərdəsinə dünya şöhrəti gətirdi.

Təbrizin taftalı, qoftalı, kələğayılı, işləməli, toxumalı, ipəkli, qumaşlı xanımlarının gözünün nurundan toxunan, gülü gülü, bülbülü bülbülü çağıran xalılarının, bu gün özgələrin adına çıxan sevgi məktublarının, məhəbbət sarvanlarının  qırağına qotazlı mütəkkələr, naz balışlar düzüb, “Təbriz gözəlləməsi”ni dinləməyənlər, dərdini “Şirvan şikəstəsi”nə köçürən Tufarqanlı Abbasın sevgisindən halı olmayanlar, Qurbaninin boynu bükük bənövşəsini qışın oğlan çağında döşünə taxmayanlar, Şahsənəmin Qəribinin uzaq yolunu yaxın edən

Xızır peyğəmbərin Ağ atının ayaqlarının altından götürüb Qəribə verib dədəsinin gözünə dərman dediyi torpağın müqəddəsliyini dərk etməyənlər, Qarapapaq Səkinənin saz üstündə gələcəyin xaqanı İsmayıla çaldığı laylanın sehrinə düşməyənlər:

Mərəndə gəl,
Xar gülü dərəndə gəl.
Sağlığımda gəlmədin,
Barı can verəndə gəl.

- deyib, özü Təbrizdə, ürəyi Borçalıda göynəyən Qarapapaq Səkinənin yurd həsrətini, oda, işığa burünən Eynəlqüzzat Miyanəlini duymayanlar, Əbu Həfs Sührəvərdinin, Yəhya Sührəvərdinin işıq sevgisinə tapınmayanlar, Şeyx Cəmaləddin Əfqaninin ideya və məfkurə gəmisində dünyanı seyrə çıxmayanlar, Nəsiminin “Haqq mənəm”, “Haqq məndədir” hikmətini qanmayanlar, zaman-zaman Şirvana iman Yurdu, Haqq ocağı kimi baxmayanlar, Təbrizi ruhunda Şirvana daşıyanları sevrməyənlər, Şirvanda sıxılanda, Kəbəm, ziyarətim-Təbrizim deyən Xaqaninin azadlıq istəyindən keçməyənlər Təbriz sizdən deyil. Sizin deyil! Təbriz onu qananların, oduna yananlarındı!

Yüz illər boyu dövlətimizin baş şəhərı olan Təbriz! Nələr gəldi başına? Ərəb xəlifələri, Avropa kralları, özümüzdən olan fatehlər, içindəki yağılar sinəni xırman, özünü dəyirman elədi. Özün öz qanına boyandın. Dar ağaclarında qalan haqq aşiqlərin danışan dilin, didərgin düşən oğulların düşünən beynin, budanan qollar qılınc çalıb, qələm tutan əllərin idi. Əlinlə əlini, dilini, başını kəsdilər.

Ağacı qurd içindən yeyən kimi, səni də içindən yedilər. Dostuna düşmən, düşməninə güvən dedilər. Saraylarına özgə gəlinlər ayaq açdıqca özgələndin. İpək donun, ipək telin ağardıqca qara günlərin başladı, qara giləndən qara sular süzüldü. Canım candan üzüldü...

Babəki satanlar, kölgələrdə yatanlar oduna, işığına, su saflığına, ağac eşqinə, dağ müqəddəsliyinə əl uzatdı. Halalına haram qatıldı. Xurma bağlarına ilan sarışan, dolaşan kimi sarayında iblis dolaşdı. Düşünən beyinlərin, xəzinələrin axını başladı. Nə yaman ağır köçün var idi Təbriz!

Türküstandan Xorasana, İsfahana işıq gətirən Yəsəviləri, Nəqşibəndiləri, Bəktaşiləri, özündən cücərən sufiləri, hürufiləri niyə qoruyanmadın? Hörmüzdən cücərən işıq, od sevgin Afşinlərin əli ilə ərəb xəlifələrinə satılanda, Babəkin simasında qanına qəltan olanda sən hardaydın? Sultan Səlimlə Şah İsmayıl Çaldıranda ruhunu çalanda neyləyirdin? Əlləri qoynunda, gözləri qanda inləyən Təbriz! Belini Ələmutda qıranlara, Ərkdə Ərkənəqon haqqını unudanlara, Bəzzdə dizini bükənlərə bu günündən danışmadınmı?

Məni qınama, elə hər şeyi səndən soruşuram! Kimim var ki, səndən özgə? Kimim, kimsəm, dizimin taqəti, Təbriz! Yadındamı Şeyx Səfinin nəvəsi - Şah İsmayıl? Şah babamı deyirəm. Babasının adına bir kitabxana qurmuşdu. Min illərin yazı tarixi, Quran dili, Şərq mədəniyyəti dil açırdı hər hücrəsindən. Başına nələr gəlmədi. “Gülüstan”dan, “Türkmənçay”dan sonra rus imperiyasının cəlladları şələləyib yarısını muzey abidəsi kimi Ermitaja, yarısını da Peterburq Universitetinə daşıdılar, dedilər Şərqi bu kitablarda araşdıracağıq. Dərd bu olsa nə var idi. Türk abidələri, Azərbaycan inciləri fars mədəniyyətinin nümunələri kimi tədqiq olunmağa başladı. Bu ağrı üç yüz ildi davam edir. Ruhu şad olsun xaqan oğlun Heydər Əliyein Peterburqda yaşıl bağda, düz Universitetin qabağında Nizami Gəncəviyə abidə ucaltdırmaqla, elə onu da fars şairi hesab edənlərə dərs verdi.

Şeyx Səfi xalçasını da dörd yerə bölüb, sarayından çıxarmışdılar. El-el, oba-oba dolanan xalçanın dörddən biri indi Böyük Britabiya Viktoriya və Albert muzeyində, biri də  Bakı da - Dövlət İncəsənət və Mədəniyyət muzeyində mühafizə olunur. Ulu Öndərin istəyi ilə yenidən toxunan Şeyx Səfi xalısı sarayımızı bəzəyir. El, aləm bilir ki, Təbriz zərgərləri, misgərləri, dülgərləri, sazbəndləri, memarları Şərqin ən qüdrətli sənət incilərini yaradıblar. Türbələrin, minarələrin, məscidlərin, qəbir üstü abidələrin əski yazı mədəniyyətin məhz onların adı ilə bağlıdır.

Təbrizli zərgələrin əl işlərindən qoluna bilərzik, belinə gümüş kəmər, boynuna hil asmayanlar, yaquta, almaza, mirvariyə, füruzəyə tutulmayanlar,

Ay gedən oğlan hil olum boynuna,
Elçini göndər, gələrəm toyuna.


- hikmətinin nədən boy verdiyini çətin bilər. Gümüş sərniclər, səhənglər, qazanlar, camlar, samovarlar, xəncər, qılınc qınları, tütün kisələri, qəlyanlar, mücrülər, sinilər Təbriz misgərlərinə dünya şöhrəti gətirib.

Əzizim sini-sini,
Doldur ver sinı-sini.
Mənə öz yarım gərək,
Neylərəm özgəsini.


- deyən, türk ərləri gözəl Təbrizin gözəllərinə könül verib, yar deyib. Təbrizli misgərlərin əl işlərindən cehiz tutub, bəy çadırları qurulanda, cəh-cəlalı kimi bərq vuran, tovuz quşunu (əslində oğuz quşu - Ş.C) xatırladan təbrizli gəlinin qırğı baxışlı yarına baxıb Təbriz zərgərlərinə, misgərlərinə qiymət qoyublar:

Qıza oğlan yaraşır,
Xəncərə gümüş kimı.


Təbriz dulusçularının güyümünü çiyninə alıb bulaq başına tələsən, qumaş ətəkli, ipək qoftalı, xara küləcəli, noxudu kəlağayılı, çatma qaşlı, qoşa hörüklü Təbriz gözəllərini, İsfahan marallarını, Mərənd, Xoy, Xorasan çiçəklərini yana-yana kol dibindən seyr edib, bənövşə kimi boyun bükməyənlər gözəli gözələ yazan Tanrının qüdrətini, bir məclisdə Babəkə şərab süzən zaman ilk məhəbbətin yanğısını, həsrətini çəkənləri çətin dərk edər.

Duyğularımın, yuxularımın şəhəri Təbriz! Aynəbəndli evlərin, məhəccərli sarayların, oymalı, burmalı şəbəkə qapı-pəncərən Ağac yaddaşımın bəlgəsidi. Ağaca ruhu Tanrı verdi. Qızılı saçlı, qonur gözlü, ipək donlu türk gözəli doğuldu. Oğuz xaqana yarım dedi. Həmin yaddaşa qayıdışımızdı Təbrizli ustaların ağac sevgisi! Nə yaxşı sevgi varmış, sevgiylə dolan könüllər varmış.

Nərəsi paşaları, xotkarları lərzəyə salan Koroğlu xəyanətin əlindən keçəl Həmzəyə qolu bağlı qul olur. Qıratın əsir məqamı başlayanda Koroğlu “əylən deyim Qıratın qiymətini” deyib atın müqəddəslik zirvəsidən boylanır. Təbrizin sazbəndlərinin işi Koroğlunun Qırata qoyduğu qiymətdən bahadı. Təbrizli minagərdan gözəllərin bütün cizgiləri-alışıb pul-pul olan yanaqları, mirvari dişləri, incə dodaqları sazın çanağından aşığına, pərdəsindən tutmuş siminə elə yaraşıqla işlənir ki, deyirsən indicə türkün ağac sevgisi, xar tutdan, armuddan, qozdan sığala gəlib, “yadındamı ötən günlər” deyib, biz türklərik yaddaşımız ağac koğuşu söyləyəcək.

Təbrizli memarların qurduğu saraylar, çəkdiyi körpülər, tikdiyi türbələr, hördüyü Tanrı evləri özünəməxsus cizgiləri ilə Şərq memarlığına gözəllik bəxş edir. Şeyx Səfinin, Şah İsmayılın, Xaqaninin, Xorasan, Təbriz dərvişlərinin adına ucaldılan Göy gümbəzli məqbərələr, cüt minarəli məscidlər özünün Şərq elementləri ilə yanaşı, türk cizgiləri ilə bu yurdun əski sakinlərinin kimliyindən soraq verır. Ayın və səkkiz guşəli ulduzun hər məqamda işlənməsi türkün Tanrısal duyğularına işıq salır.

Şaha, padşaha baş əyməyən Təbrizim! Şahlar, padşahlar sənə baş əydi. Qüdrətinə, qeyrətinə, hikmətinə tapındı. Saib Təbrizinin, Şəms Təbrizinin ilham pərisi, Əfzələddin Xaqaninin saray müqəddəsliyi, haqq səsi oldun. Zindanlara, buxovlara dözsə də sənsizliyə dözmədi. Qoynuna köçdü. Xanın xəndan oğluydu. Sinəsi ləllə, gövhərlə doluydu. Qədrini bilmədilər, alıb qoynuna laylasını çaldın.

Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Hadi, Abbas Səhhət, Sabir daha kimlər, kimlər sənə üz sürtüb, Pirlərini, övliyalarını ziyarətə gəlib.

Qələm və kəlam müqəddəsliyim, dövlət sevgim, millət istəyim Təbriz! Şah rejimi zindanlarını doldurdu, ondan sonrakılar qapını açıb “İstəyən Təbrizdən gedə bilər” deyib gözünü oydu. Düşünən beyinlərin ABŞ-da, Fransada, Kanadada, İsveçdə, Norveçdə, Almaniyada, daha nə bilim haralarda bir parça çörəyə çapır. Milyonçunun dilənçi balasının ömrünü yaşayır.

Daha baş şəhərim deyilsən. Saraylarını ocaqlar, evlər əvəz eləyib. Yazarların Şəhriyarın, Sahəndin yoluyla gedir. Özgə dildə yazıb, özgə dildə oxuyur. Hərdən də “Heydər babaya” salam söyləyir. Anaların könlü xoş olsun deyə. Təbrizin yerini Tehran, Göy türklərin yerini özgələr alıb. Öz dilində yazıb oxuyanın azalıb.

Əzizim dilim-dilim,
Kəs, qovun dilim, dilim.
Dilimdən keçən olsam,
Doğranım dilim, dilim.


- deyənlərin, üsyan edənlərin zindanda Xaqaninin “Həbsiyyə”sini oxuyur.

Qoynunda doğulanların nicat yeri Arazın bu tayı olub.

Gözəl başı bəlalı olur... Maral da gözəldi. Dağların, meşələrin gözəlidi. Gözünün rəngi ilk məhəbbət kimidi, dumdurudu. Başının tacından şaha, padşaha oxşayır. Tacını da, taxtını da Tanrı verib. Gülsüz-bülbülsüz, saçı yolunmuş meşədə görünməz, gözəlliklər içində şahdı, sultandı. Dəryanın qızılbalığı, qəlbi dağların qartal ucalığı, qayaların kəklik müqəddəsliyi kimidi. Öz dünyasının gözəlidi. Ovçuların həsrətini çəkdiyi, insanların adına ziyarətgahlar ünvanladığı müqəddəslikdi. “Maral dağ”, “Maral göl”, “Maral bulaq”, “Maral qız”, “Maral yol” işığından, sevgisindən, ağrısından cücərən bir bayatımız var.

Əzizim Maralyana,
Yol gedir, Maralyana.
Necəsən bir ah çəkəm,
Od tuta, maral yana.

Hamının həsədlə, ovçuların gileylə söhbət açdığı Maral da Tanrı üzü görəndi. Yoxsa, onun ağac sevgisi maralın başında göz-göz olub budaq atardımı, qoşa qanad olardımı? Maralın yeri qalın meşələrdi. Daha sıx yerlərdə güzəran qurar. Gözdən, könüldən, ovçudan, bərədən uzaq yerdə. Ömründə bircə dəfə maralın hürkək baxışını görən insan Tanrının müjdələnmiş adamlarından sayılır.

Təbriz də maraldı! Azərbaycan maralı! Ha varmaq, ha çatmaq istəyirsən, səhradakı ilğım kimi, səni çəkib dalıyca uzaqlara, əl çatmaz, quşqonmaz yerlərə aparır. Sıldırım qayalardan, yaşıl yamaclardan, qos-qoca ağacların arasından boy göstərməyi, pərdəsini qaldırmağı var. Təbriz də elədi. Maral gözlü, şirin sözlü, “Segah” üzlü Təbriz!

Maralın ətini yüz min dərdə dərman buyurub təbiblər. Təbriz də dərmandı. Yer üzünə səpəiənmiş 50 milyondan çox Azərbaycan türkünün bütövlük dərdinin dərmanı. Ovçusu zamandı. Əcəldən macal vermir deyə - Ələmutda, Ərkdə, Bəzzdə qala dərdini, qılınc nisgilini çəkir. Qılıncı qında, ürəyi qanda...

Gəlmişəm otağına oyadam səni,
Nə gözəl xəlq eləyib yaradan səni.
Götürüb mən qaçaram aradan səni,
Dərbənd aralı, könlüm yaralı.
Bir yar sevmişəm qaragilə,
Ellər maralı.

Ellər maralı, yardan yaralı, Dərbənd aralı deyib göynəyən könlümün gözəli Təbriz! Tanrının gözəl deyib yaratdığı, murada çatdığı Təbriz! Ərənlərin qılıncı qına qoyandan, atdan enəndən səni götürüb qaçan, dərdin əlindən alan, şüşədəki divdən qoparan yoxdu!

Sən özün özünü, özünlə bizi qurtarmalısan! Tacım-taxtım, yatan baxtım, haqq yerinə sənə baxdım. Sən haqqsan. Haqdan xəlq olunubsan, Qızılgülün, Xarıbülbülün bağrını xar oyur, məni də xar öldürür. Dərdindən el içində xar olmuşam. Qızılı zülflərin boyuma, dərdlərin qoluma dolanıb zəncir yerinə. Mən Sənin əsirinəm, Cən də dərdinin!

Qızıl gül əsdi,
Səbrimi kəsdi.
Qaragilə...


Sənə oxunan nəğmədi. Didərgin qızın Rübabə Muradova kimi heç kəs oxuya bilməz. O, oxumurdu, qara bəxtinə ağlayıb, sənə layla çalardı. “Segah” üstə nalə çəkirdi...

Mən də nalə çəkirəm, hələ çox çəkəcəm. Yurd oyanana, Təbrizə varana, buxovları qolumdan açana qədər. Yuxusu gözündən qaçan, şahinləri uçan, oğulları perik düşən, Səttərxanın, Şeyx Məhəmməd Xiyabaninin, komissar Əziz Əliyevin, Pişəvərinin qılıncında parlayan, sonra qında paslanan, məlul-müşkül dayanan, gedib geri gəlməyən, zindanlarda çürüyən oğullarının dərdindən əli qoynunda qalan Təbriz! Sən əbədisən, qalan hər şey yalan Təbriz! Sən dərd kimi, sevgi kimi canı sulusan, dirisən. Ruh verənini, qalx deyənini gözləyirsən! Gələcəklər! Mütləq gələcəklər durna çıraqlarını yandırıb Ələmutda, Ərkdə, Savalanda tonqal çatacaqlar. Qələbə tonqalı! Oğuz elinə səs düşəcək! Dədəm Qorqud qopuzunu köynəyindən çıxarıb kökləyəcək... Süfrələr salınacaq, Oğuz eli cəm olacaq. Üç oxlarla Boz oxlar əski çağa dönəcək. Bilgə Xaqanın, Gültəkinin, Eltərisin, Qapağan Xanın ruhuna, Oğuz Səlcuqların, “Güney Azərbaycan tarixi torpaqlarımız, orada yaşayanlar qan qardaşlarımımzdı”, “Ya gəlin birlikdə Dərbəndi, Dağıstanı xilas edək, ya da gəlin birlikdə ölək!” – nidası ilə tarix yaradan komissar Əziz Əliyevin eşqinə kəmər qurşayıb at çapacaq, sancaq-sancaq artacaq, əlini uzadanda Göy Tanrıya çatacaq! Göy bayrağı TURAN, Yaşıl bayrağı QURAN eşqinə qaldıracaqsan!

Gözümü açandan, özümü dərk edəndən qırıq-qırıq fıkirlərimi, çox danışmağımı, surətlə yeriməyimi üzümə çəkiblər. Qırıq-qırıq fıkrimin, duyğumun, istəyimin adı sənə bağlıdı. Səndən fikirləşib sonunu görməyəndə əllərim yanıma düşüb. “Yar şirindi” deyib, yenə sənə qayıtmışam. Səndən başlamışam. Yuxularımı, duyğularımı, sevgilərimi hamıya danışmışam. İstəmişəm hamı səni desin, səndən desin! Qaça-qaça, uça-uça yeriməyim də sənə bağlıdı. Ağlım kəsəndən tellərin kimi qızılı, qomroy qotazlı, ifçin nallı, igid canlı dəryada müjdələnmiş atın yalmanına yatıb töyşüyə-töyşüyə çapıram. Sənə çatmaq, ayağına döşənmək, qapında pəyəndaz, otağında palaz, divarında xalça olmaq, oxunmaq, yaddaşına yazılmaq, yazına dönmək istəyirəm. İstəyirəm ürəyimi oxusunlar. İçimi göynədən, kimsəyə deyə bilmədiyim son sözün hikmətini anlasınlar. Ayağının altında ölüm Təbriz! Qəbrimi Savalanda qaz. Üzümü üzünə çevir. Səndən keçib Haqqa gedim!

Səni qolu bağlı, dili qıfıllı, əsir-yesir, məlul-müşkül görmək istəmirəm. Sən mənim fateh babalarımın, sultan dədələrimin taxtı, Tanrının sufi, hürufi üzündə açılan baxtı, sazın, sözün yaxasının, köynəyinin ilgəyinin, düyməsinin açılıb, sökülən vaxtı olanda özün idin. Səni deyib gələnlərə könül açardın. Altun saraylarında dolub-daşan, məclislər qurardın...

Sinənin Əmir Teymur dağı, üzünün Çaldıran qarası, iki imperiyanın “Gülüstan”, “Türkmənçay”, türkün Ələmut, Ərk yası, Babəkin Bəzz bəlası, Samirədə budanan qolları, Şah İsmayılın xatununun Osmanlı sarayındakı qul görkəmi, Xətainin Şirvan xatası yol vermir Sənə qovuşum Təbriz!

Sən mənim İşıq adamlarımın üzündə qaralan nurumsan. Bütöv Azərbaycan deyib qılınc qurşayan Qubalı Fətəli xan, Ağa Məhəmməd şah Qacar sevgimsən! “Azərbaycan gec qızan bir daş qazana bənzər. O gec qızar,  gec də soyuyar” deyən Səttarxan istəyimsən, ölümsüzlüyünü dərk edən Xiyabani əzəmətimsən. “Azadlıq hər bir xalqın haqqıdır, bu yolda mucahidlər yetirmiş, şəhidlər vermiş Güney Azərbaycanın isə daha çox haqqı!”- nidası ilə Səttarxandan, Xiyabanidən 25 il sonra milli hərəkatın təməlini qoyub, milli hökumətin zəminini hazırlayan komissar Əziz Əliyev məğrurluğum, müdrikliyimsən. İmperiyanın toruna düşüb güdaza gedən Seyid Cəfər Pişəvəri donunda qəza yerimsən!

Duyğularımın su kimi təmiz, ürəyimin saz kimi kövrək, yaz kimi titrək yerisən Təbriz! Ağzımda dilimsən, göynəyən könlüm. Yağının çəngində qanlı köynəyim, məni dünya işığından eləyən, gözümə çəkilən milsən Təbriz! Qoşa qanadımsan! Burnumun ucu göynəyir səndən ötrü. Pencər kimi sıxıllam, sac üsündəki yuxa kimi, köz üstəki kabab kimi qovrullam. Dərdimin yarpız yerisən! Gözümü açandan yamyaşılsan. Tanrımın, millətimin dərd üzüsən. Ağlım kəsəndən Qədir Rüstəmov “Sona bülbüllər” də gileyli-gileyli:

Gülü yarpıza dönsün,
Bizdən üz döndərən yarın.

- deyir. Gülü yarpıza dönsün Səni məndən, məni səndən edənlərin, bağrımızı didənlərin. Səni mənə kəfən edənlərin! Ölüm ayağının altında Təbriz! Yol ver, Türkün bayrağına! Yol ver gəlib səndən keçib haqqa qovuşum. Yol ver, məzarımı Savalanda qazsınlar. Üzümü üzünə söykəyib adımı sinənə yazsınlar! Ölüm ayağının altında Təbriz! Yol ver, Xudafərinin, Arazın nisgilinə son qoyulsun, ruh bədənə, cism cana qovuşsun!




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Şərəf Cəlilli