USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Vaqif poeziya günləri”nin yenidən bərpa edilməsi mədəni irsə diqqətin, həssas münasibətin təzahürüdür

Görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi dövlətin bu sahəyə diqqət və qayğısının mühüm göstəricisidir


https://img.baki-baku.az/news/2021/02/photo_2838.jpg?v=MjAyMS0wMi0xMiAxMjo1NjoxNA==

Muxtar İmanov,
AMEA Folklor İnstitutunun direktoru,
akademik

______________________________________

Dövlətçılık tariximizin ən yeni mərhələsində azərbaycançılıq dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən xüsusi baxışlar sistemidir. Müasir mərhələdə azərbaycançılıq Heydər Əliyevin daxili və xarici siyasətə, eləcə də cəmiy­yətin gələcək inkişafına yön verən nəzəri fikir və ideyalarına əsaslanır.

Azərbaycançılıq ideologiyasında ən ali dəyərlərdən biri Azər­baycan xalqının rifahı məsələsidir. Aparılan siyasətin, sosial, humanitar, elmi, dini və mədəni sahədə atılan hər bir addımın xalqın mənafeyinə uyğunlaşdırılması azərbaycançılıq ideologiyasının ana xəttini təşkil edir.

Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, eyni zamanda bu dəyərlərin ümumbəşəri dəyərlərlə sintezi və zənginləşməsi azərbaycan­çılığın təməl prinsip­ləri  kimi müəyyən­ləşdirilmişdir. Bu prinsiplər İlham Əliyevin mənəvi-mədəni inkişafa yönəlmiş siyasətinin qaynaqlarından biridir. Ölkə Prezidenti Novruz bayramı şənliyindəki çıxışlarından birində deyir: “Azər­baycan xalqı öz milli-mənəvi dəyərlərinə həmişə sadiq olmuşdur. Bu gün Azərbaycan dövləti milli dəyər­lərimizin qorunması üçün ardıcıl siyasət aparır... Müstəqil Azərbaycan dövləti də milli-mənəvi dəyərlər üzərində qurul­muşdur” .

 Ana dilinə diqqət və qayğı, dövlət dili olaraq Azərbaycan dilinin hərtərəfli inkişafının və daha da zənginləşməsinin təmin edilməsi azərbaycançılıq  ideolo­giyasında mühüm yer tutur. Görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir... Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”. Heydər Əliyevin dil siyasətinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şərai­tində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” milli dövlətçiliyin başlıca rəmzlərindən olan Azərbaycan dilinin zənginləşməsi və tətbi­qi imkanlarının genişləndirilməsi və qorunması istiqa­mə­tində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsinin hüquqi bazasını yaratmışdır. Azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunmasını, ədəbi dildən düzgün  istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını, bu istiqamətdə həyata keçiriləcək işlərin daha da geniş­ləndirilməsini təmin etmək məqsədilə ölkə başçısının 13 noyabr  2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi təsdiq edilmişdir.

Elm və təhsilin, ədəbiyyat və incəsənətin inkişafı Azərbaycan dövlətinin  daim diqqət mərkəzindədir. Görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi dövlətin bu sahəyə diqqət və qayğısının mühüm bir göstəricisidir. Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Gəncəvinin 870 illik, Məhsəti Gəncəvinin 900 illik, Firidun bəy Köçərlinin 150 illik,  Məmməd Arazın 80 illik, Bəxtiyar Vahab­zadənin 90 illik, Ceyhun Hacı­bəylinin 125 illik, Molla Pənah Vaqifin 300 illik, Hüseyn Cavidin 130 və 135 illik, Bül­bülün 120 illik, İmaddədin Nəsiminin 650 illik, Cəlil Məmməd­qulu­zadənin 150 illik, Məhəmməd Hadinin 140 illik, xalça ustası Lətif Kərimovun, görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun" operasının ilk tamaşaya qoyulmasının və “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyləri beynəlxalq təşkilatların iştirakı ilə təntənəli şəkildə qeyd edilmişdir. Məhsəti Gəncəvi, Lətif Kərimov, Mir Cəlal Paşayev, Səttar Bəhlulzadə və Üzeyir Hacıbəyovla bağlı yubiley tədbirlərinin UNESKO səviyyəsində keçirilməsi Azərbaycan ədəbiyyatı və incəsənətinin dünyada tanıdılması istiqamətində mühüm addımlar olmuşdur.  Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycan mədəniyyət tarixinin ən tanınmış simalarından biri, böyük mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”, 2021- ci ilin “Nizami ili”  elan edilməsi, “Xarıbülbül” festivalının, “Vaqif poeziya günləri”nin yenidən bərpa edilməsi də mədəni irsə diqqətin, həssas münasibətin və qayğının növbəti təzahürüdür.

Mədəni irsimizin bir çox örnəklərinin – tar və kamança ifaçılığı sənətinin, ənənəvi xalçaçılığın və ənənəvi kəlağayı sənətinin, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposlarının, Molla Nəsrəddin lətifələrinin, aşıq və muğam sənətlərinin, Novruz bayram kompleksinin, Çövkən və Qarabağ atüstü oyunlarının tədqiqi və dünyaya tanıdılması istiqamətində dövlət əhəmiyyətli işlər görülmüşdür. 2000-ci illərin əvvələrindən bu günədək İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, Qobustan qaya sənəti və mədəni landşaftı, Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına, “Lahıc misgərlik sənəti”, “Azərbaycan aşıq sənəti”, “Azərbaycan muğamı”, “Novruz bayramı”, “Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, “Qarabağ atüstü oyun ənənəsi – Çövkən”, “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”, “Tar və tar ifaçılığı”, “Kamança hazırlanması və ifaçılığı”, “Ənənəvi Azərbaycan xalçaçılığı”, “Ənənəvi kəlağayı sənəti”, “Nazik çörəyin hazırlanma və paylaşması mədəniyyəti”, “Dolmanın hazırlanması və paylaşması mədəniyyəti” UNESKO-nun “Qeyri-maddi mədəni irs üzrə Reprezentiv Siyahısı”na daxil edilmişdir.

2019-cu ilin 30 iyun – 10 iyul tarixlərində ölkə rəhbərliyinin səyi ilə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə təşkili, Azərbaycan mədəniyyəti örnəklərinin böyük ölçüdə UNESKO-nun Ümumdünya İrs Siyahısına və  Qeyri-maddi mədəni irs üzrə Reprezentiv Siyahıya, Şəkinin sənətkarlıq və xalq yaradıcılığının, Bakı şəhərinin dizayn tematikasının son illərdə UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsi Azərbaycan mədəni irsinin ümumdünya əhəmiyyətini bir daha ortaya qoyur. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gərgin əməyinin və eləcə də onların milli-mədəni dəyərlərə verdiyi böyük önəmin ifadəsidir. Burada onu da vurğulayaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan xalqının milli sərvəti İçərişəhərin Şirvanşahlar sarayı kompleksi və Qız qalası ilə birgə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd ediləcəkdir.

Bakıda 2012-ci ildə “Xalq qəhrəmanı Koroğlu”, 2013-cü ildə “Kitabi-Dədə Qorqud” abidələrinin açılışı və Dədə Qorqud parkının salınması, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci ildə “Kitabi-Dədə Qor­qud”un elm aləminə məlum olmasının, ilk tərcümə və nəşr edilməsinin 200 illiyi ilə bağlı olaraq imzaladığı sərəncam epik folklor irsimizə yenidən qayıtmaq, onu yenidən öyrənmək və təbliğ etmək istiqamətində mühüm rol oynamışdır.

Tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə münasibətdən danışar­kən İlham Əliyevin sərəncamları ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Nizami Gən­cəvi Beynəlxalq Mərkəzinin təsis edilməsi, Azərbaycan Xalça Muzeyinin inşası və muzeyə yeni statusun verilməsi faktları da xüsusi qeyd edilməlidir.

Prezidentin Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədi daşıyan 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə ölkədə “Çıraqqala–Şabran”, “Qədim Şəmkir şəhəri”, “Orta əsr Ağsu şəhəri” Dövlət tarix-mədəniyyət qoruqlarının yaradılması, “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun tərkibinə daxil edilməsi xüsusi əhəmiyyətli mədəni hadisələr sırasındadır.

Azərbaycançılıq ideologiyası milli-mədəni müxtəliflik ideologiyasından ayrılmazdır. Milli-mədəni müxtəlifliyi diqqət mərkəzində saxlamaq azərbay­cançılıq siyasi kursunun təməl şərtləri sırasına daxildir. Milli-mədəni muxtəlifliyi “milli sərvətimiz” kimi qiymətləndirən Ulu Öndərin siyasi kursunu davam və inkişaf etdirərək Prezident İlham Əliyev multikulturalizmi Azərbaycan xalqının “həyat tərzi” adlandırır, multikulturalizmin və tolerantlığın “alternativi yoxdur” deyir.  Bu gün Azərbaycan multikulturalizmi və Azərbaycan tolerantlığı ölkəmizdə yaşayan müxtəlif xalqlara münasibətlə məhdudlaşmır, dinindən, dilindən və irqindən asılı olmayaraq dünyanın müxtəlif xalqlarına münasibəti özündə ehtiva edir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci ildə başlatdığı, BMT tərəfindən dəstəklənən “Bakı Prosesi” və onun məntiqi davamı  olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları multikulturalizm üçün qlobal platforma hesab edilir. 2011-ci ildə Birinci, 2013-cü ildə İkinci, 2015-ci ildə Üçüncü, 2017-ci ildə Dördüncü və 2019-cu ildə Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları mədəni rəngarəngliyi təmsil edən insanlar arasında qarşılıqlı dialoqun qurulması işinə böyük töhfə verməkdədir. Prezident İlham Əliyev bu forumların birində Azərbaycanın fərqli mədəniyyət, din, dil daşıyıcılarının qarşılıqlı inam və anlaşmasına bir model verə biləcəyini qürurla vurğulayaraq deyir: “Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir”.

2016-cı ildə BMT-nin Sivilizasiyalar Al­yan­sının VII Qlobal Forumunun ölkəmizin paytaxtında keçirilməsi və həmin ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi, Bakıda Beynəlxalq Multi­kulturalizm Mərkəzinin yaradılması, 2015-ci ildə Avropa Oyunlarının, iki il sonra isə İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili Azərbaycanın artıq müxtəlif sivilizasi­yaların, xalqların və dinlərin qovuşa, anlaşa biləcəyi bir mərkəz halına gəlməsini sübut edir. 

Bütün bu tədbirlərin qlobal miqyasda keçirilməsində əsas məqsəd müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı güclən­dirməkdir. Bu tədbirlərin hamısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü, bilavasitə təşkilatçılığı və iştirakı ilə gerçəkləşmişdir. Ölkə Prezidenti gələcəyə doğru nikbinliyini ifadə edərək deyir: “Azərbaycanda bundan sonra da millət­lərarası, dinlərarası münasi­bət­lər ən yüksək səviyyədə öz həllini tapacaq... Bunun sirri çox sadədir. Sadəcə olaraq... milli və dini siyasət düzgün aparıl­malıdır. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri özlərini rahat hiss etməlidirlər. Bu gün bu vəziyyət reallıqdır. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi, mehribanlıq, sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu da bizim böyük sərvətimizdir, gücümüzdür və biz bunu qoruyuruq, qorumalıyıq”.

Azərbaycançılıq məfkurəsində insan amili ön plandadır. Təsadüfi deyil ki, “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən İlham Əliyev dünyanı bürüyən və böyük insan tələfatına səbəb olan yeni növ koronavirus (COVID-19) pande­miyasından Azərbaycan vətəndaşlarının sağlamlığını və maddi rifah halını qorumaq üçün qətiyyətli və ardıcıl addımlar atdı.  “Koronovirusla Mübarizəyə Dəstək Fondu” yaradıldı, zəruri tibbi avadanlıqların və tibbi tələbat vasitələrinin tədarükü haqqında və pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına, makro­iqtisadi sabitliyə, ölkədə məşğulluq məsələ­lərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı sərəncamlar verildi. Xəstəliyə daha həssas kateqoriya insanlar sırasında olan məhbusların böyük bir qismi cəzaçəkmə müəssisələrindən evə buraxıldı, xüsusi tibb müəssisələri tikildi və ya bu məqsədlə ayrıldı, xaricdəki vətəndaş­larımız ölkəyə gətirildi, xəstəliyin yayılmasının qarşısının alınması  məqsədilə təcili zəruri addımlar atıldı, xəstələrin müalicəsini dövlət öz üzərinə götürdü, pandemiya səbəbindən maddi çətinlik çəkən insanlara ünvanlı sosial yardımlar göstərildi və digər çoxsaylı tədbirlər həyata keçirildi.

Azərbaycan dövləti təkcə Azərbaycan xalqına deyil, imkan daxilində, pande­mi­ya səbəbindən fəlakət içərisində olan ölkələrə insani yardımlarını əsirgəmə­mək­dədir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün, mayın 4-də isə Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə toplantısının təşkili də ilk növbədə insan sağlamlığının mühafizəsi və bu qlobal təhlükəyə qarşı müştərək fəaliyyət, təcrübə mübadiləsi və qarşılıqlı yardım kimi məsələlərə həsr olundu. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq müstəvidəki aktual problemlərin həlli istiqamətində səylərini, şəxsi bacarığını və nüfuzunu ortaya qoymaqdadır.

Milli ruhlu və sağlam əqidəli gənclik Azərbaycan dövlətinin gələcək mövcudluğunun qarantıdır. Prezi­dent gənclərlə görüşündə gənclərə milli-vətənpərvərlik ruhunun aşılanmasına döv­lətin xüsusi diqqət yetirdiyini dəfələrlə vurğulamışdır: “Gənclər milli ruhda böyü­yəndə, əlbət­tə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq. Ona görə vətən­pərvərliyi, milli dəyər­ləri, ənənələri qorumalıyıq və biz də qoruyuruq. Əsas budur. Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir”. Ərazi bütövlüyümüzün bərpası, soydaşlarımızın doğma torpaqlarına qaytarılması ölkə başçısının daxili və xarici siyasətində mühüm bir vəzifə kimi nəzərdə tutulur. Güclü Azərbaycan ordusunun yaradılması, tarixi torpaqlarımızın, Qarabağın işğaldan azad olunması, yüksək hərbi hazırlıqlı kadrların yetiş­dirilməsi, xalqımıza və dövlətimizə qarşı yönəlmiş ideoloji təxri­batların qarşı­sının alınması istiqamətində aparılan işlər və görülən tədbirlər qazanılacaq uğur və perspektivlərdən  xəbər verir.    

“Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Elm haqqında” qanunların qəbul olunması, "Azərbaycan Milli Ensiklope­di­yasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Prezident sərəncamları, “Azərbaycan Respub­lika­sın­da təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq ediməsi, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Stra­te­gi­yanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”, 2005-2009-cu, 2011-2015-ci və 2017-2021-ci illəri əhatə edən “Azər­baycan gəncliyi” Dövlət Proqramları, Azərbaycan Res­pub­­likasının Prezidenti yanında Gənclər Fondunun yaradılması milli dəyərlərə sahib sağlam və intellektual nəslin yetişməsinə, Respub­likada elm və mədəniyyətin yüksək səviyyədə inkişafına ­yönələn və mühüm əhəmiyyət daşıyan tarixi faktlardır. Bütün bunlar azərbaycançılıq ideologiyasının ölkəmizdə  aparıcı siyasi  istiqamət təşkil etməsini və həmin siyasi  istiqamətin xalqın elmi-mədəni  yüksəlişində əsas şərtlərindən birinə çevrilməsini göstərən mühüm tədbirlərdir.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Muxtar İmanov