USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prima və ya Dəmir Ledi


https://img.baki-baku.az/news/2021/01/photo_2467.jpg?v=MjAyMS0wMS0xOCAxMjoxMDozOQ==

1995-ci il... Soyuq fevral axşamı. Heydər Əliyev  sarayında böyük sənətkarımız Polad Bülbüloğlunun 50 illik yaradıcılıq gecəsi...

Hər kəs Poladın ifasına heyran olduğu zamanda sanki bir şimşək çaxdı. Polad Bülbüloğlu “Xumar oldum” mahnısını elan edir və əlavə olaraq deyir: “Mənimlə elə bir sənətkar səhnəyə çıxacaq ki,heyrət edəcəksiniz.”

Mahnının ifası başlayır,hamı təəccüblə gözləyir... Səhnənin dərinliyindən üzü divara bir rəqqasə çıxır. Polad Bülbüloğlu elan edir: Prima Afaq Məlikova! Uzun illərdən sonra səhnədə!

Zal elə bir təlatümə gəlir ki,sözlə ifadə edə bilmirəm. Mən də həmin yubiley gecəsinə dəvətli idim.

Alqış səsləri susmur... Afaq xanım qu quşu kimi səhnədə süzür. Polad oxuyur. Amma alqış hələ də dayanmır. Bu, tamaşaçı məhəbbəti və həsrətin ifadəsi idi. Bu, həm də çoxsaylı tamaşaçıların  Afaq Məlikovanın rəqslərinə,gözəlliyinə çəkdikləri həsrətin acısı və sevgisinin təzahürü idi. Bir nüansı xüsusilə nəzərinizə çatdırmaq istəyirəm. O gün Polad Bülbüloğlunun yubiley gecəsinə toplaşanlar sıradan tamaşaçılar deyildi. Azərbaycanın tanınmış incəsənət və elm adamları idi. Afaq Məlikova şəxsiyyətini və sənətini alqışlayanlar onlar idi. 

Rəqs özü gözəllikdir. Bu zərifliyə, incəliyə qeyri-peşəkar münasibət , bu sənəti məhv edə bilər. Azərbaycan Dövlət Rəqs Ansamblı böyük sənətin simvolu olub. Şübhəsiz ki,bir rəhbər olaraq Afaq xanımın böyük istedadı ,bacarığı və dəmir nizam-intizamı sayəsində. Bu,birmənalı, mübaliğəsiz faktdır. Akademik inkişaf Xalq artisti Afaq Məlikovanın rəhbərlik illərində real olub. Bilirik ki, bizim rəqslərin müşayəti birmənalı Xalq çalğı alətləri ilə olub. Və biz tamaşaçılar elə zənn edirdik ki,bu,belə də olmalıdır. Amma tamamilə başqa, Simfonik Orkestrla da ola bilərmiş. 1975-ci ildə görkəmli rejissor Şəmsi Bədəlbəyli Filarmoniyanın direktoru olan zaman  Afaq Məlikovanı ansambla məşqçi –pedoqoq və solist təyin edir. Gənc Afaq xanımın yaradıcılıq imkanları daha da meydana çıxır və ilk dəfə dövlət konsertində Üzeyir Hacıbəyovun “Koroğlu” operasından Cəngi rəqsini Simfonik Orkestrın müşayəti ilə tamaşaçılara təqdim edir. Musiqi möhtəşəm, səslənmə bambaşqa...

Artıq ansambl öz ənənəvi formasından irəli addım atır. Afaq Məlikovanı ilk təbrik edənlər SSR Xalq artistləri Maestro Niyazi və Qəmər Almaszadə olur. İki böyük sənətkarın dəyəri əlbəttə ki, çox önəmli idi. Mənə elə gəlir ki,bu cür yenilikləri böyük dəyər sahibləri qiymətləndirə bilərdilər. Rəqs sənəti çətin sahədir. Hələ onu Simfonik Orkestrla birləşdirəndə peşəkarlıq birə on artır. Simfonik orkestrdakı 80 nəfərlik heyəti dirijor idarə edir. 60 rəqqasdan ibarət bir ifanı səhnədə nə baletmeystr,nə də bədii rəhbər idarə edir. Qazanılan uğur səhnəyə çıxana qədər balestmeystr Afaq xanımın dəmir iradəsi və böyük əziyyəti nəticəsində olub. Bu böyük bir risk idi. Görünür hər bir böyük sənət risklər hesabına yaranır.

Bu yenilikdən sonra 1979-cu ildə Maestro Niyazı Afaq Məlikovanı Dövlət Rəqs Ansamblına baş balestmeystr və solist təyin edir. Böyük sənətkarın istedadı və çalışqanlığı bir çox yeniliklərlə və uğurlarla nəticələnir. Ansamblın repertuar seçimi,quruluş verdiyi rəqslər çox fərqli idi.Onun yaradıcılıq axtarışları və məşqləri ansambl üzvlərini bəzən bezdirir və ya yorurdu. Amma Afaq xanımın tələbkarlığı hər şeyə üstün gəlirdi. Nəticə isə göz önündədir. Uğur!!!

Ötən əsrdən başlayaraq bu günə kimi Azərbaycanı dünyada daha çox mədəniyyətimiz təmsil edib. Bu sırada Dövlət Rəqs Ansamblının xidmətləri misilsizdir. Eyni zamanda rəqslərimizin dünya tamaşaçılarına təqdim olunması məsuliyyətdir. Özü də böyük məsuliyyət. Rəqslərimizdən tariximiz, geyim mədəniyyətimiz, igidliyimiz, qəhrəmanlığımız nümayiş olunur.

Bu amilləri bir rəqs ifasında ümumiləşdirmək asan deyil. Bu baxımdan Afaq Məlikovanın quruluş verdiyi rəqslərin gözəlliyi, tarixi əksi ilə fərqlidir. Dövlət Rəqs Ansamblı ilə zaman- zaman bir çox bəstəkarlar əməkdaşlıq ediblər. Afaq Məlikova ansambl üçün rəqslər yazdırıb. 1983-cü ildə Ansambla bədii rəhbər təyin edildikdən sonra bu ənənə daha da genişlənib. O zamankı Mədəniyyət Naziri Zakir Bağırovu bu təyinatı ilə Afaq xanım rəhbərliyə başlayıb. 45 illik rəhbər fəaliyyəti dövründə ansambl böyük inkişaf yolu keçib. Xalq artisti, bəstəkar Eldar Mansurovun Dövlət Rəqs Ansamblı ilə yaradıcılıq əlaqələrini səbəbkarı Afaq xanım olub. Mən yaxşı bilirəm ki, Afaq xanım Eldar müəlimlə dostdur. Bu dostluq yaradıcılığa da müsbət təsir göstərib. Baxmayaraq ki, 2 istedadlı insanın yaradıcılıq problemləri yaranır, bəzən küsülülüyə qədər olur. Amma nəticə sevindirici olub. Afaq Məlikova və Eldar Mansurov vəhdətindən  “Qavalla rəqs”,  “Odlar yurdu”,  “Qılınclar”  və “Məzəli rəqs” kimi uğurlu işlər yarandı.  Dünya səhnələrində bu rəqslər dönə -dönə alqışlanıb.

Rəqslərə məxsusi tikilmiş kostyumlar göz oxşayır. Afaq xanım bu geyimləri görkəmli rəssamlarla işləyib. Vaxti ilə Xalq rəssamı Bədurə Əfqanlı ilə,  son illər isə SSRİ xalq rəssamı Tahir Salahov və xalq rəssamı Tahir Tahirovla əməkdaşlıq edib.  Dövlət Rəqs Ansamblı dünyanın möhtəşəm səhnələrində ən azı 5 və  10 dəfə qastrol səfərində olub. Bu fakt böyük uğurun göstəricisidir. Eyni zamanda Azərbaycanın təbliğində qazanılmış böyük uğur deməkdir.

Afaq Məlikovanın tərtib etdiyi repertuar əslində Azərbaycan musiqisini bütünlüklə əhatə edib. Klassik bəstəkarlar Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Vasif Adıgözəlov, Cahangir Cahangirov və başqaları. Bu siyahı onun göstəricisidir ki, ansambl təkcə oyun havalarını ifa etməklə məhdudlaşıb. Böyük bəstəkarların əsərlərini ifa etmək rəqs ansamblının peşəkarlığını artırıb.

Yaradıcı kollektivə rəhbərlik etmək üçün bir çox xüsusiyyətlər tələb olunur. Ən əvvəl kollektivi qoruyub saxlamaq, o insanların hər birinin xarakterinə uyğun davranmaq, məişət problemlərinə kömək etmək  və yeni istedadları ansambla cəlb etmək. Bütün bunların öhdəsindən Afaq xanım məharətlə gəlirdi. Dövlət Rəqs Ansamblının daimi yeni kadrlarla təzələnməsi üçün xoreoqrafiya məktəbinin buraxılış imtahanından gəncləri seçirdi. Onların yaradıcı mühitə daxil olmaları üçün xüsusi bir münasibət qururdu. Bundan sonra istedadlı rəqqaslara solist olaraq rəqs qururdu. Bir çox rəqqasların Əməkdar və Xalq artisti olmalarında Afaq xanımın böyük əməyi var. Onlardan Təranə Muradova, Eteri Cəfərova, Rüfət Xəlilzadə və başqaları. Afaq Məlikova mehriban, qayğıkeş olmaqla bərabər bir rəhbər olaraq tələbkar və bəzən də ciddiliyi ilə dözülməz olur. Sizə deyim ki, belə olmasa idi 45 il rəhbər ola bilməzdi. Həm də Dövlət Rəqs Ansamblı kimi yüksək səviyyədə kollektiv yarada bilməzdi. Afaq xanımın sənət yolunda onu dəyərləndirən böyük sənətkarlar olub. Şəmsi Bədəlbəyli, Qəmər Almaszadə, Maestro Niyazi.

Ulu öndər Heydər Əliyev cənab Prezident İlham Əliyev. Diqqət edin, Ulu öndər Heydər Əliyev Afaq Məlikovanı 1975-ci ildə əməkdar artist, 1978-ci ildə xalq artisti, 2000-ci ildə isə “Şöhrət” ordeni ilə mükafatlandırıb. 2017-ci ildə cənab Prezindent İlham Əliyev “Şərəf” ordeni ilə Afaq Məlikovanı təltif edib.

Bütün bu təltiflərdən sonra heç bir söz və cümlə ilə Afaq Məlikova sənətini vəsf etmək olmaz. Və hələ zaman-zaman bu böyük sənətkar öz qiymətini alacaq.

Vidadi Hüseynov




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Vidadi Hüseynov