USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ədalətsizliyə meydan oxumağı bacaran əsl kişilik obrazı


https://img.baki-baku.az/news/2020/12/photo_2213.jpg?v=MjAyMC0xMi0yMSAyMToxMDowOQ==

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri

___________________________________________________________

Bu görkəmli şəxsiyyət, klassik jurnalistikamızın nəhəng nümayəndəsi, böyük pedaqoq haqqında söz açılanda gözlərimin önündə əsl ziyalı obrazı canlanır. Onu da düşünürəm ki, tarixin bütün dövlərində Uca Tanrının lütfü kimi göndərilmiş belə görkəmli şəxsiyyətlər olub ki, biz bir xalq kimi itib-batmamış, dünyada özümüzə layiqli yer tutmağı bacarmışıq. Şübhəsiz, xalqın özündə də böyüklük var, dühalar yetişdirən genə malikdir. Sözüm bir qədər qəribə səslənə bilər, amma görünür, dühaları həm də ağırlığımızı çəkmək, inanılmaz fədakarlıqlara qatlaşmaq üçün yetişdiririk. Çox yükləyirik onları. Qismətmi, alın yazısımı deyək buna, bilmirəm. Nəsir müəllim də sözün əsl mənasında xalqın yükünü çəkən, dərdlərinə qatlaşan fədai obrazıdır.

Ötən əsrin 20-ci illərindən sonrakı sovet Azərbaycanının ictimai-siyasi, eyni zamanda mədəni həyatına diqqət yetirərkən, bir sıra görkəmli şəxsiyyətlərin adlarını çəkmək mümkündür. Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə və başqaları. Bu parlaq və dəyərli simalar yaradıcılıqları ilə milli özünüdərkimizdə müstəsna rol oynamışdılar. Onların keçdikləri həyat yoluna diqqət yetirəndə görürsən ki, hər biri öz fəaliyyət sahəsində xalqın keçmişinə, soykökünə, adətlərinə bağlılığını qorumaq, ənənələrini yaşatmaq naminə səylə çalışıb, bu və ya digər dərəcədə məhrumiyyət çəmbərinin daraltmasına nail olub, dövrün qadağalarından yayınmaqla üzərilərinə götürdükləri böyük missiyanı yerinə yetirib. Bu mənada Nəsir İmanquliyev obrazı bir növ, tamamlayıcı rol oynayırdı. O, hədəfləri daha yaxşı görür, mahir qələmi ilə sərrast nişan alırdı. Beləcə Nəsir müəllim adlarını çəkdiyim şəxsiyyətlərin yaşayıb-yaratdığı mənzərəyə ahəngdarlıq, ovqat gətirirdi və o ovqatda jurnalist peşəsinin əhəmiyyəti parlaq şəkildə görünürdü. Başqa cür ola da bilməzdi, çünki Nəsir müəllim böyük jurnalist idi. Peşəyə dəyər qazandıran, onu sevdirən jurnalist. Ana dilimizi sevən, onu təhlükələrdən qoruyan jurnalist.

Nəsir İmanquliyev “Bakı” və “Baku” qəzetlərinin timsalında söz sənətinin cəmiyyət həyatındakı müstəsna əhəmiyyətini göstərmişdi. Ancaq dediyim kimi, Nəsir müəllimi xarakterizə edən cəhət yalnız jurnalistika deyildi. Onun fəaliyyəti dövrün məhrumiyyət və qadağalarına, ədalətsizliklərinə sözün əsl mənasında meydan oxumağa köklənmişdi. O, jurnalist kimi də, pedaqoq kimi də, publisist olaraq da meydan oxuyurdu. Tələbələrinə inanılmaz qayğısı, onların gözündə örnəyə çevrilməsi öz yerində. Barışmaz, prinsipial, sözündən dönməz, qətiyyətli – tanınmış müasirləri onu məhz bu cür dəyərləndirir və gəldikləri nəticəni saysız-hesabsız konret misallarla əsaslandırırlar. Oxuduqca heyrətə gəlirəm. Gözlərimin önündə dərin ziyalılıqla yanaşı, əsl kişilik obrazı canlanır. Dosta, dostluğa sadiq kişilik obrazı. Görünür, elə buna görədir ki, belə insanların dünyamıza gəlişi Allahın bizlərə olan lütfüdür. Tanrı bizləri onların vasitəsilə qoruyur. Biz də bu nurlu insanların irsini qorumağa borcluyuq ki, gələcəkdə də var olaq.

Azərbaycanın ictimai fikrinin kişilik obrazı, böyük ustad, böyük ziyalı Nəsir İmanquliyevi anadan olmasının ildönümündə hörmətlə anmaq, onun irsinə ehtiramımızı bildirmək də borcumuzdur.

Allah Nəsir müəllimə rəhmət eləsin!

 




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Əflatun Amaşov