USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ürəklərdə yaşayan şəxsiyyət


https://img.baki-baku.az/news/2020/12/photo_2206.jpg

Yaxşı insan, dəyərli şəxsiyyət, yüksək mənəviyyat məfhumları istənilən zaman və məkan üçün aktualdır.

İnsanlar var ki, illər keçdikcə onların yaratdığı, qoyduğu irs öz əzəmətini, zənginliyini, daha çox möhtəşəmliyini büruzə verir. Azərbaycan  xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə daim qurur duymuş, onları özünün milli sərvəti saymışdır. Bu insanlar xalqın zəngin mənəviyyatını, əxlaqını  parlaq  şəxsiyyətlərində qorumuş, həyatda mərdliklə yaşamaq, ad qoymaq üçün insana ləyaqət və şərəf hissinin yetərli olduğunu sübuta yetirmişlər. Əsl ziyalı üçün səciyyəvi dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərdən, elmi və ictimai fəaliyyəti ilə cəmiyyətə böyük fayda vermiş, 70 ilə yaxın müddətdə  özünün zəngin publisistik və elmi-pedaqoji fəaliyyəti ilə böyük şöhrət qazanaraq əbədiyyətə qovuşmuş tanınmış şəxsiyyətlərdən biri tarix elmləri doktoru, professor, görkəmli jurnalist Nəsir Əsəd oğlu İmanquluyevdir. Nəsir İmanquliyev mətbuat işi və ali jurnalistika təhsilinin görkəmli təşkilatçısı, tanınmış ictimai xadim kimi şərəfli və mənalı ömür sürmüşdür. Onun həyat yolunun ayrı-ayrı mərhələləri kəşməkəşli və çətin olduğu qədər də şərəfli və mənalıdır.

Ötən əsrin 30-40-cı illərinin şəxsiyyətə pərəstiş və repressiyalar dalğası illərində paytaxtda Azərbaycan dilində nəşr edilən yeganə qəzet olan “Yeni Yol”un  fəaliyyətini dayandırması həyatı erkən gənclik dövründən bu qəzetlə bağlanmış Nəsir İmanquliyevi ciddi narahat etdiyindən, o, heç bir şeydən çəkinməyərək Bakıda yeni nəşrin dərci ilə bağlı Mərkəzi Komitəyə rəsmi müraciət etmişdir. O zamankı respublika rəhbərliyi Azərbaycanın paytaxtında yeni bir qəzetin nəşrinə icazə verilməsi üçün Moskvaya müraciət etmişdir. 1957-ci ildə “Bakı” qəzetinin nəşrinə icazə verilmiş, tanınmış qələm sahibi Nəsir İmanquliyev qəzetin baş redaktoru təyin olunmuşdu və “Bakı” qəzeti 1958-ci ildə yanvarın 10-da ışiq üzü görmüşdür. Bu fədakar insanın banisi olduğu və 30 il sükanı arxasında vüqarla dayanaraq irəli apardığı, inkişaf etdirdiyi, övladı qədər sevdiyi, uğurlarına sonsuz iftixar hissi duyduğu “Bakı” qəzeti jurnalistikamıza yeni nəfəs gətirməklə yanaşı, şəhər həyatında əsl tribunaya çevrilmişdir. Beş ildən sonra 1 iyun 1963-cü ildən isə “Baku” qəzeti nəşr olunmağa başlamışdı.

İndi sürətlə inkişaf edən demokratik dəyişiklərin qızğın çağında, həyatın bütün sahələrinin canlandığı dövrdə yeni qəzet, yaxud jurnal təsis etmək adi hala çevrilmişdir. O zaman, altmış il öncəki bürokratik partiya sistemində, bütün təbliğat-informasiya işinin bir əldə cəmləşdiyi vaxtda “Bakı” və Baku”nun axşam qəzeti kimi nəşr edilməsi respublika paytaxtının ictimai-siyasi həyatında əlamətdar hadisə idi.

Yaşlı nəslin nümayəndələri oxucuların hər gün axşamçağı qəzetləri üçün köşklərin qarşısında növbəyə dayandıqları illəri yaxşı xatırlayırlar. Qəzet öz səhifələrində operativ, dəqiq, maraqlı və rəngarəng xəbərlərin yerləşdirilməsinə üstünlük verirdi və bu, şəhər qəzetlərini o zamankı digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi. Respublikamızın iş ritmi məni həmişə heyran edirdi – kollektiv şövqlə, operativ və dinamik çalışırdı. Qəzeti səhifələnməyə və çapa vaxtında təqdim etmək lazım idi ki, axşam oxucular onu alıb cari günə aid xəbərləri öyrənsinlər. Nəsir müəllim çox tələbkar və bir qədər sərt adam idi. Lakin sərtliyinə baxmayaraq, öz kollektivinin üzvləri ilə, xüsusən gənc kadrlarla münasibətdə ata kimi xeyirxah və qayğıkeş idi, onlara etimad göstərirdi, kömək edirdi, eyni zamanda özünə qarşı daha artıq tələbkar idi. Son dərəcə qayğıkeş və rəhmli bir insan olan Nəsir müəllim hər nə desən güzəştə gedərdi, amma kadr məsələsində yox. O, kadrların qədrini-qiymətini bilirdi, Nəsir müəllim öz kollektivini çox sevirdi, 30 il fasiləsiz bu kollektivə rəhbərlik edib. Onun bu sözləri unudulmazdır: “Mənim iki evim, iki ailəm vardır. Biri yaşadığım ev, biri də çalışdığım redaksiyadır. Hər ikisi mənə  doğma və əzizdir.” Bu, həqiqətən belə idi. O, doğrudan da hər iki evi, iki ailəsi ilə nəfəs alırdı. Bu sevginin, bu istəyin nəticəsi idi ki, Nəsir müəllim təqaüdə çıxandan sonra da redaksiya ilə müntəzəm əlaqə saxlayır, “Bakı” və Baku”nun hər sayını alıb diqqətlə oxuyur, dərhal zəng vurub mənə iradlarını deyir, tövsiyələrini  verirdi.

Nəsir İmanquluyevin öz kollektivinə, öz tələbələrinə bağlığını onun nəvəsi akademik Nərgiz Paşayeva da öz xatirələrində qeyd edir: “ O, çoxlarının mənəvi atası idi. Onun təkcə bir uşağı yox idi, onun yetirmələri, qəzet əməkdaşları, jurnalistlər onun övladları idi.

Mən və mənim kimi bir çox jurnalistlər, onun tələbələri çox xoşbəxtik, çünki əlimizdə Nəsir müəllimin simasında “Bakı” və Baku” kimi iki qəzet laboratoriyası var idi. O, adi müxbirlikdən başlayaraq qəzet redaktorluğuna qədər yüksəlmiş və jurnalistikanın nəzəri problemləri üzərində çalışmışdı. Amma onun şah əsəri yetişdirdiyi tələbələri idi. Həmin tələbələrin bir çoxu bu gün jurnalistika sahəsinin mötəbər nümayəndələridir və indiyədək öz layiqli fəaliyyətlərini davam etdirirlər.

Mən dəqiq deyə bilərəm ki, Nəsir müəllimin tələbəsi olmuş jurnalistlər öz peşəsinə heç vaxt etinasız yanaşmayıblar. Çünki bizim qəlbimizdə Nəsir İmanquluyevin klassik ənənələrdən yoğurulmuş müəllim sözü, peşəkarlığı var. Nəsir müəllimin məktəbi bu gün də davam edir. Müasir Azərbaycan jurnalistikasının təfəkküründə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf edib. 

87 illik ömür yolunun 70 ilini kütləvi informasiya vasitələrinin quruculuğu işinə həsr etmiş Nəsir İmanquliyev jurnalistikada hamımıza örnək ola biləcək yaradıcılıq məktəbi yaratmışdır. Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən biri qəzetdə informasiyanın yüksək statusunun bərpası yolundaki yaradıcılıq əzmkarlığı olmuşdur. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən Nəsir müəllim xüsusən “Bakı” və “Baku” qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha təsdiq etmişdir ki, istənilən mətbu orqanın nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti təyin edir. 

Professor Nəsir İmanquliyevin xidmətlərindən biri də bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və onun xeyli dərəcədə siması sayıla biləcək bir sıra ixtisas kurslarının yaradılması olmuşdur. Lakin Nəsir müəllimin əsl universiteti “Baki” və “Baku” qəzetləri idi. O, universitet auditoriyalarında tələbələrə  jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılamış, “Bakı” və “Baku”nun “auditoriyalarında” isə Azərbaycan jurnalistikasının bütün bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistika məharəti, redaktə bacarığı, səbirlə işləmək vərdişləri öyrətmişdir.

Milli mətbuatımızın bu gün üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 60 il bundan əvvəl yüksək qiymətləndirən Nəsir müəllim rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə geniş yer ayırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi. Jurnalist operativliyi mütləqdir. Bu mənada Nəsir müəllimin gördüyü işlər ona görə qiymətli idi ki, o, qəzet redaktoru kimi bu tələbləri son dərəcə dəqiqliklə bilir və özünün gündəlik fəaliyyətində onlara ardıcıllıqla əməl edirdi. Bütün mətnləri özü yoxlayardı, gözdən keçirərdi. Bu qün intensiv vasitəsi ilə hər şeyi izləmək olur, lakin o vaxt bu imkan yox idi. Mübaliğəsiz demək olar ki, o vaxt “Bakı” və “Baku” axşam qəzetləri günün xəbər agentliklərinin yerinə yetirdikləri işləri görür, hər gün baş verənləri operativ surətdə oxucularına çatdırırdı.

Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır – bu anlayışları peşənin əsas prioritetləri sayırdı. “Ürəyinin səsinə qulaq asmalıdır, peşəsini kiminsə pul kisəsindən asmamalıdır”. Ustadın bu sözləri bu gün də aktuallığını saxlayaraq, jurnalist peşəsinin, fəaliyyətinin əsasını, onun peşə kodeksini təşkil edir.

Həyat sınaqlardan ibarətdir. Kim bu sınaqlardan  şərəflə çıxırsa bax, əsl insan da olur. Belələrinə Allah hər iki dünyada əbədi səadət bəxş edir. Nəsir İmanquliyev də həyatının bütün sınaqlarından şərəflə çıxmış belə bir insan idi. Ömrünün bu ahıl çağında arxaya dönüb baxanda özümü çox xoşbəxt hiss edirəm ki, məni əlimdən tutub redaksiyaya gətirən, professional jurnalistikanın sirlərini aşılayan görkəmli jurnalist, sözün həqiqi mənasında peşəkar, həmişə öz dövründən bir neçə addım irəlidə gedən novator, həssas və qayğıkeş pedaqoq, öz tələbələrinə  mənəvi əxlaq kodeksini aşılayan, sadə dildə desək, bu peşədə nəyin yaxşı və nəyin pis olduğunu başa salan, incə qəlbli, nurlu və təmiz insan, qayğıkeş ailə başçısı, Aidə xanım İmanquliyeva kimi gözəl bir övlad böyütmüş ata-ustadım, müəllimim Nəsir İmanquliyevlə çiyin-çiyinə işləmişəm. Onun böyüklüyünü, müdrikliyini, kamilliyini, mahirliyini, ağsaqqallığını daima öz üzərində hiss eləmişəm. Nəsir müəllim mənim peşə və ömür yolumun yol göstərəni olub.

Mən həmişə çalışmışam ki, bütün çətinliklərə baxmayaraq, onun yadigarı olan “Bakı” və “Baku” qəzetlərinin çırağı daima işıqlansın.  Bəli, sevindirici haldır ki, şəxsiyyətinin  irsini yaşadacaq elektron media orqanı fəaliyyətə başlayıb. Ümidvaram və inanıram ki, “Bakı-Baku.az” saytı onlayn media orqanları sırasında öz layiqli yerini tutacaq və bu işdə əməyi olan insanların fəaliyyəti ilə Nəsir İmanquliyevin xatirəsi daim yaşayacaq.

Bu dünyada hər şey, eləcə də insan ömrü ötəridir... Fəqət, insan dünyasını dəyişəndən sonra yalnız əməllərində yaşaya bilir. Məktəb içində məktəb yaradan və bu məktəbi örnəkləri, həyat dərsləri ilə zənginləşdirən görkəmli jurnalist, özünəməxsus rəhbərlik üslubu ilə seçilən peşəkar redaktor, mərhum Nəsir İmanquliyevi də əbədiləşdirən onun şərəfli ömür yoludur. Nəsir müəllim zaman-zaman xatırlanır, ehtiramla yad edilir.

Ruhunuz şad olsun, ustadım.

Ağa Hüseynov

Respublikanın əməkdar jurnalisti,
“Bakı” və Baku” qəzetlərinin baş redaktoru




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Ağahüseyn Hüseynov