USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Jurnalistlərin unudulmaz müəllimi ustad Şirməmməd Hüseynov - XATİRƏ


https://img.baki-baku.az/news/2020/12/photo_2160.jpg

Bu  gün “Ata-babalarımız bizə bu Vətəni – cənnət məkanı Azərbaycanı əmanət ediblər. Biz də onu göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə əmanət etməliyik”-- vəsiyyəti ilə dünyadan köçmüş Azərbaycan jurnalistlərinin sevimli müəllimi,  çağdaş jurnalistikamızın ustad nümayəndəsi, görkəmli alim, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, professor Şirməmməd Hüseynovun anadan olduğu gündür.  2019-cu il iyunun 24-də vəfat edən Şirməmməd müəllim yaşasaydı, 96 yaşını qeyd edəcəkdi. Amma ötən il dünyaya vida etsə də, xalqımızın ürəyində yaşayır.

Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundov adına 2 saylı orta məktəbi bitirmiş, 1940–1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində oxuyub. O, 1945–1950-ci illərdə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə başa vuran Şirməmməd Hüseynov Lomonosov adına Moskva Dövlət Universiteti jurnalistika fakültəsinin aspiranturasına daxil olmuş, 1954-cü ildə təhsilini tamamlayıb dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

1954-cü ildən indiki Bakı Dövlət Universiteti Filologiya fakültəsinin jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayan Şirməmməd Hüseynov həyatını universitetə bağlayaraq ömrünün sonunadək burada baş müəllim, dosent, 1962–1969-cu illərdə filologiya fakültəsinin dekan müavini, 1970–1976-cı illərdə jurnalistika fakültəsinin dekanı, 1976–1988-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olub, 1988-ci ildən ömrünün sonunadək həmin kafedranın professoru vəzifəsində çalışıb.

Elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

Professor Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, ömrü boyu digər bir sıra mükafatlara, “Nizami təqaüdü”, “Qızıl qələm”, “Zərdabi”, Yusif Məmmədəliyev adına mükafat, M.Ə.Rəsulzadə adına mükafata layiq görülüb. 2014-cü ildə isə Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

“Mən Cümhuriyyətin 100 illiyinə 50 ildir hazırlaşıram”, - deyən Şirməmməd müəllim bütün varlığı ilə sevdiyi Cümhuriyyətimizin bir əsrlik yaşını bayram etdi, yazdığı kitabları ilə 100 illiyi qeyd etdi. Amma təəssüf ki, Qarabağımızın düşməndən təmizləndiyi, Şuşamıza üçrəngli bayrağımızın sancılmasını görmək nəsibi olmadı. Amma yəqin indi onun da ruhu şaddır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov feysbuk səhifəsində jurnalistlərin unudulmaz müəllimini dərin ehtiramla anıb və fikirlərini bölüşüb: “Onu təbrik etməyə getmişdim. Ona torpaqlarımızın işğaldan azad olunduğunu dedim. Bilirəm ki, bunu ən çox arzulayanlardan biri idi. Təbii, hər kəs arzulayırdı. Sadəcə o, illərlə apardığı elmi araşdırmaların, axtarışların nəticələrinə görə işğal tarixini hamımızdan daha yaxşı bilirdi və şübhəsiz ki, acısını da bizlərdən daha çox çəkirdi. Ad gününü də təbrik etdim Ali Ruhun – Şirməmməd Hüseynovun. Bu gün 96 yaşı tamam oldu yoxluğuna inanmadığım, inanmaq istəmədiyim bu böyük adamın, böyük elm fədaisinin, dəyərli müəllimin, ziyalının və sözün əsl mənasında böyük Jurnalistin.

Şirməmməd müəllim daim xatirələrdə yaşayacaq parlaq simadır, ölməzdir. Özünə də dedim bunu. Bir anlıq 2011-ci ildə Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumundakı çıxışını xatırladım. Gözümün önündə yarım saatdan çox davam edən çıxışı sonrası zaldakı heyrət dolu baxışlar canlandı. Toplantı iştirakçıları olan xarici qonaqlar Şirməmməd müəllimin az qala hər türkdilli ölkənin və toplumun tarixinə yer ayırdığı nitqinin və gəldiyi yekun məntiqi nəticənin sehrinə düşmüşdülər. Belə xatirələr yetərincə çoxdur...

Söhbətə ara verib təsdiq gözləyirmiş kimi “bildin” deyə soruşmağı da var idi Şirməmməd müəllimin. Məzarı önündə xəyallara dalarkən şirin ləhcəli məxsusi səsi ilə dilindən o kəlməni eşidirmiş kimi təəssürat yarandı məndə. Qeyri-ixtiyari “bildim, ey Ali Ruh” dedim.

Tahir Aydınoğlu




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Mədəniyyət