USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mən, sən və balaca quşcuğaz - XATİRƏ


https://img.baki-baku.az/news/2020/12/photo_2032.jpg?v=MjAyMC0xMi0wNCAxOTowMzo0MQ==

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri

P.S. Bu yazı "Mənim doqqazımda bir çinar vardı" kitabına ön söz əvəzi yazılıb. 

____________________________________________________________________________________

Həyat vəfasızdır, hər şey ötüb keçir, sözdən başqa heç nə qalmır. Sən də, mən də bir ömürlük qonağıq.  Biləndə ki, bizi əhatə edən doğmalarımız da əbədi deyillər, elə gözümüzü açdığımız bu dünya da, elə sənin indi yaşadığın Faxralı da...  Bunları düşünəndə adam dəli olmaq dərəcəsinə gəlir. Belə qara fikirləri dərhal düşüncələrimdən uzaqlaşdırmağa çalışıram. Bircə onu bilirəm ki, sənin ömrünə yazılan talesizlik yox olmayacaq, bayaq dediyim söz kimi əbədi qalacaq.

Kim nə bilir, Allahın işidir, kim haqq dünyasına əvvəl qovuşacaq. Sənmi, mənmi? Əgər sən məni qabaqlasan qohumun, dostun qarşısında ölümünə bəlkə də gözümdən bir damcı yaş da cıxmayacaq. Amma sənin talesizliyindən doğan dərd  məni əbədi yandıracaq.  

Yadındamı, biz balaca olanda, özü də çox balaca olanda, böyüyəndə yazdığın “Aynabənd” şeirindəki həmin o göy rəngə boyanmış şüşəbəndimizdə nə qədər xoşbəxt yaşayırdıq. Elə bilirdik ki, səhərlər bizim üçün açılır, gün bizim üçün çıxır, axşamlar ona görə olur ki, nənəmizin nağillarını dinləyə-dinləyə yuxuya gedək. Elə bilirdik ki, külək də bizim üçün əsir, ulduzlar da bizim üçün sayrışır, sanki quşlar bizim üçün oxuyurlar. Bir sözlə, hər şey yalnız bizim üçündür. Ciyərlərimizə çəkdiyimiz hava da...

O da yadındamı, həyətimizdə hələ də qalan o nəhənq tut ağacı, onun başındakı sərcə yuvası. Ana sərçə balalarını yemləmək üçün dimdiyində nələri gətirmirdi? Necə də həvəslə tamaşa edərdik o səhnəyə. Səbrsizliklə gözləyirdik sərcə balalarının böyüməsini, onların ilk uçuşlarını. Birdən nə olsa yaxşıdı. Ana sərcə yox oldu, axşama kimi onu gözlədik, yenə də  gəlmədi. Gecəni bir təhər keçirib səhər olunca tələm-tələsik yenə tuta tərəf qaçdıq. Heç nə dəyişməmişdi. Yuva da öz yerində idi, içindəki gövdəsi yeni-yeni tüklənən üç sərçə balası da. Bir-birlərinə sığınmışdılar, dünənki kimi cikkildəşmirdilər. Yəqin ki, ac idilər. Onlara necə yazığın gəlmişdi, nə qədər ağlamışdın onda.

Elə ürəkdən, özü də elə ucadan hay-həşir salmışdın ki, səsinə hardansa əmimiz qızı Salatın gəldi. Səndən düz 3 yaş böyük idi, məndən də 6. Ana nənəsi namaz qıldığından dini ayinlərdən xəbəri vardı, bəlkə də başı heç çıxmırdı, amma özünü elə göstərirdi. Sənsə dayanmadan ağlayırdın. Salatın səni sakitləşdirməyə, ovutmağa çalışırdı. Sənə təkrar-təkrar təskinlik verirdi:

– Niyə ağlayırsan, deyirdi. -  Allah babaya yalvararıq, onları ölməyə qoymaz. 

Bir anlığa sakitləşdin. Elə bilirdin ki, balaca sərçələr yalnız cəyirtkə yeyir, çünki biz yuvalarına gələn analarının dimdiyində dəfələrlə çəyirtkə görmüşdük. Ona görə də zəif səsinlə soruşdun:

- Bəs Allah baba onlara çəyirtkə tutacaqmı?

Salatın sənə izah edə-edə əllərini yuxarı qaldırıb Allaha yalvarırdı ki, balaca balaları öldürməsin. Sən də ona baxıb əllərini yuxarı qaldırdın, ağlaya-ağlaya nə isə söylədin.

- Onlar ölməyəcək eləmi? - deyə daha çox təsdiqedici cavab umdun. Salatın səni inandırmağa çalışırdı ki, Allah baba onları mütləq ölməyə qoymayacaq.

Və sən içindəki tərəddüdü qova-qova mənə tərəf çevrilib gözləri yaşlı incik-incik:

- Sən niyə yalvarmırsan, istəyirsən onlar ölsün, - söyləmişdin.

Uşaq ağlımla söruşmuşdum:

- Kimə yalvarım ey?

- Allah babaya.

- O hardadır ki?

Əlinlə uzaq göyləri göstərmişdin:

- Baax, Salatın deyir orda. 

Başımı qaldırıb heyrətlə və maraqla diqqətimi ucsuz-bucaqsız ənginliklərə yönəltmişdim. Amma heç kimi görməmişdim.

İndi də bilmirəm hardan gəlmişdi uşaq ağlıma bu fikirlər:

- Sabah Orta Siviyə Allah babanın yanına gedək, ona orda yalvararıq.

Onda mənim uşaq dünyam lap balaca idi. Elə bilirdim ki, kəndimizi əhatə edən dağlarla göylərin təmas xətindən o yana dünya yoxdur. Yəni göylər dagların başında qurtarır, evimizin arxasındakı Orta Siviyə çıxsam, göyün divarlarına əl vurmaq, ona toxunmaq olar. Bəlkə mən küsməyim, sənin də elə fikirləşdiyini demişdin onda. Təklifim deyəsən beyninə batmışdı.  Orta Siviyə çıxmağa səni inandıra bilmişdim. 

Həmin gecəni nənəmin qucağında nigaran yatmışdım. Bəlkə də ilk dəfə idi ki, yuxu görürdüm. Elə indi də yaddaşımda ilk qalan həmin yuxudur. Sərçə balalarının danışdığı yuxu. Sən onları çəyirtkələrlə yemləyirsən, onlar da səninlə danışırdılar, nə deyirdilər, nə söyləyidilər, düzü, orasını unutmuşam.

Səhəri səbrsizliklə açmışdıq. Gözləmişdik ki, evdə baş qarışsın, atamız, anamız işlərinin dalınca getsinlər. Nənəmizi evdə qoyub yollanaq Orta Siviyə.

İndi  təsəvvürünə gətirirsənmi,  iki kiçik uşaq özündən dəfələrlə hündür, qollu-budaqlı kolların arasından sivişib Orta Siviyə çıxacaq, fəqət göylərin dağa birləşdiyi yeri orada tapmayacaqlar, həmin yeri daha irəlidə Böyük Güneydə görəcəklər. Balaca quşcuğazların taleyi ilə bağlı balaca ürəklərə dolan narahatçılıq onları Böyük Güneyə də qaldıracaq. Burada da göylərlə qovuşmayacaqlar. Çünki sonsuz ənginliklərin yerə toxunan ətəkləri bu dəfə onlara Göy Qayada, Səngər dağının zirvəsində görünəcək...

Həmin gün axşamacan biz tək-tənha göylərin dağlara dəyən yerlərini axtardıq. Tapmadıq. Allahı da tapıb yalvara bilmədik. Amma həmin gün dünya bizim üçün başqalaşacaqdı, böyüyəcəydi, sonsuza çevriləcəydi. O tapıntıların təsiri altına o qədər düşmüşdük ki, hətta ciddi narahat olub arxamızca Böyük Güneyə gələn atamız bizi tapıb danlayanda belə əməlimizdən peşmançılıq çəkməmişdik.

Yadındamı, sərçə balalarından biri ölmüşdü. Qalan ikisini qoymadın ölməyə. Hər gün neçə dəfə cəyirtkələrini verdin. Qoymurdun kimsə onları əlinə götürsün. Gövdələrinə tük gələ-gələ, dimdiklərinin kənarındakı sarı hissə azala-azala böyüdülər, günlərin birində uçub getdilər. Onlar üçün yığdığın cəyirtkələr qarışqalara yem olanda usandın gözləməkdən, onda da ağlamışdın. 

İndi bildinmi, niyə şerlərinin toplandığı kitaba yazacağım ön sözdə bu xatirəni yada saldım. Sərçələrin uçub getməsi xiffətinə dözmədin, uzun müddət unuda bilmədin onları. Birinci sinfə gedirdin onda. Hərfləri öyrənib qurtarmamışdın. Yadındamı, şəkilli kitabların vardı, oxuyanda mənə də verirdin şəkillərinə baxmağa. Bir gün məktəbdən evə  pərişan gəlmişdin. Müəllim danlamışdı. O şəkilli kitablarının birinə quş şəkili çəkmişdin, altına da aşağıdakı şeiri yazmışdın:

A sərçə, sərçə, sərçə,

Niyə bura gəlmirsən.

Axı sənin üçün mən

Darıxıram,  bilmirsən?

Müəllim bilməmişdi bu şeiri sən yazmısan, sənin ilk yaradıcılıq nümunəndir. Bəlkə də bilsəydi xətrinə dəyməzdi heç.

Şeir yazdığını bilirdim, mən əsgərlikdə olanda da, tələbəlik illərimdə də, sonralar da mənə həsr etdiyiklərin yadımdadır.  Nədənsə şairliyinə həmişə adi baxmışam. Yadındamı, ötən il mən kəndə gələndə təsadüfən gözüm stolun üstündəki məktəbli dəftərinə sataşmışdı. Üstünə də Güləbətin yazılmışdı. Necə oldusa vərəqlədim. Gözümə ilk dəyən “Çinar” şeiri oldu. Öxuduqca heyrət məni bürüdü, həm də kövrəldim. Çünki o çinarın kölgəsində tay-tuşlarımla nə qədər oturmuşdum, kimlərdən, nələrdən danışmamışdıq.  Dəftəri qapadım və  səndən bir neçə günlük istədim. Etiraz etmədin. Qərara gəldim ki, seirlərin bir qismini toplayıb kitab halında çap etdirim. Və sənə sürprizim olsun. Elə də olacaq. Bimirəm sevinəcəksənmi kitabı əlinə alıb vərəqləyəndə. Yoxsa o balaca sərçə balalarının xiffəti səni yenə ağladacaq, hər seir, hər sətir kəşməkəşli həyat yolunu xatırladıb səni qəhərləndirəcək. Kaşki sevinəsən. 

Zaman sonsuz olduğu qədər Söz də əbədidir. Biz olmayacağıq, sözün isə qalacaq, yanında da adın – Güləbətin!




Redaktorun seçimi

Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Mədəniyyət