USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gülabatın: dərdi qədər böyük olan şair

Şeyx Ədabalı: İnsan dərdi qədər böyükdür!


https://img.baki-baku.az/news/2020/12/photo_2007.jpg?v=MjAyMC0xMi0wMyAxNToyNzowNQ==

Şərəf Cəlilli

___________________________________________

Vətənin qıraqda qalan yerləri seyrək, adamları kövrək olur. Vətəndə vətənsizliyin acısını könlündə, qəlbində çəkirsən. Qərib olur, qəribə olur. Dəniz kimi içinə çəkilir qəriblər. Mən bir Qarapapaq türküyəm. Bir az bayatı, bir az türküyəm. Həzin-həzin, korun-korun yanmağım, külümdən boylanmağım var. Biz hamımız beləyik. Köylərimiz, öylərimiz, adamlarımız bir-birinə bənzəyir. Daşımız, divarımız, qalalarımız da belədi. Buntürklərdən gəlmə, qarapapaqlardan törəmələrin əl uzatsa əli Təbrizə, Dərbəndə, Anadoluya çatar. Aşıqların, haqqa aşiqlərin, sinədəftər adamların diyarındanam. Aşıq Şenliyim, Xındı Məmmədim, Xan Hüseynim, Xan Əmrahım, Ustad Kamandarım, Şair Nəbim, Küllər Pərim, Zəlimxanım var. Sultanların, ağaların, bəylərin oylağındanam. Qara gəlsin müharibələri, repressiyaları. Peşkəşləri, “sülh müqavilələri”ni Allah kəssin. Bədöy atlı, şişmək qılınclı, od ürəkli, atəş biləkli ərənlərin yurdundanam. Tanrı dağından Ağrı dağına, davuldan qavala yol gələn şamanlardanam. Alpan elindən, Ağban ocağından, Alban məbədlərindən gəlirəm. İndi xristian kilsələri kimi təqdim olunan məbədlərdə ulularımın haqqa inamı, etiqadı, ehtiramı var. Pirlərin, övliyaların, sufilərin diyarındanam. İslam bizə çox gec gəlib. Biz oda, işığa, atəşə bağlı olmuşuq. And içəndə də elə bu adlara and içmişik. Daşa, Ağaca, Oda, Atəşə tapınmışıq. Sufilərin, hürufilərin, işraqilərin düşüncəsi bizə daha doğma olub. Adlarımız, soyadlarımız, yurd-yuva yerlərimiz də daşı, ağacı, odu, işığı xatırladıb. Sal qayaların, sıldırımların üstündə yuva qurmuşuq, binə salmışıq. Oylağımız, yaylağımız, tonqalımız belə varımız, yoxumuz olub. Dünyanın ilk yaşayış məskənləri, daş-tunc dövrünə aid sakrapollardan qəbirüstü abidələrə, sənduqələrə, Tumanın qalasından, Ağ qaladan, Qoçulu qalasından, Babəkər dağından Ərk qalasına, İrəvan qalasına, Şahbulaq qalasına, Əlincə qalasına, Qobustanın qayaüstü abidələrinə, Gəmiqaya, Gəlinqaya, Xoşbulaq, Borsunlu, Gülyataq kurqanlarına, Azıx mağarasına, Kür-Araz mədəniyyətinə, Qırmızı Körpüdən, Anaxatırdan – Ehramdan  xan Araza, Xudafərin körpüsünə yollar görünüb. Qaraqayadan, Səngər dağından boylananda əl uzatsam Savalana, İrəvana çatar deyib qürur duymuşuq. Dünyanın zoddu, oddu, Şura hökumətinin qılıncının dalının qabağının kəsdiyi vaxtlarda:

Əzizinəm Qars ayaz,
Bura qışdı, Qars ayaz,
Qələm qurbanın olum,
Qismətimi Qarsa yaz.

O yana döndər məni,
Bu yana döndər məni,
Ürəyim yaralıdı,
Təbrizə göndər məni.

İrəvanda xal qalmadı,
Gəncədə sultan qalmadı,
O xal nə xaldır,
Qoşa düzdürmüsən?

Əzizinəm Qarabağ,
Qara salxım, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

demişik. Yuxularımızda Dərbəndə, Təbrizə, İrəvana, Qarabağa yol getmişik. Barımız, barxanamız, köçümüz tutulanda gileylənmişik:

Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.

Şah İsmayıl Xətainin övliyalığını rəsmi sənədi və möhürü ilə təsdiqlədiyi, İrəvan xanlığında, Göyçə mahalında, Borçalı sultanlığında və Dərbənd diyarında xüsusi elçisi kimi təyin etdiyi Miskin Abdal Ocağındanam. Aşıq Nəcəfin, Seyid Bayramın, Qara Seyidin nəslindən, Qərib Seyidin şəcərəsindənəm. Ömrü boyu köç etmişik Borçalıdan Göyçəyə, Təbrizin Qaradağlısına. Anadoluda, Dərbəndin tər-tərlər, sur-surlar tayfasında qalanlarımız var. Kaşğarlı Mahmudun “Türk dilinin lüğəti” kitabında adı çəkilən gözəlsəsli quş kimi təsvir olunan tər - tərlər həm də Qarapapaqların dədələridi. Bu üzdən də aşıqlarımızın, haqqa aşiqlərimizin, övliyalarımızın sayı yoxdu...

Bu ruhlu yazıları əvvəllər, lap, lap cavan olanda yazardım. Kəbəm, ziyarətim Borçalı idi. Həsrətim Təbriz, Dərbənd, Anadolu olan kimi. O zamanlar, Göyçə, Zəngəzur, İrəvan, Qarabağ kimi dərdlərimiz yox idi. Ötən əsrin 80-ləri hər şeyi dəyişdi. Dəyişən quruluş, zaman olmadı. Duyğu, düşüncə, dərd, kədər oldu.

Gülabatın xanımın “doqqazında bitən Çinar” məni uzaqlara apardı. Çox, çox uzaqlara. Nənəli - babalı, atalı - analı, qohum - əqrabalı, ən əsası obalı - oymaqlı günlərimə;

Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.

-dedim. Deməklə olmur axı. Geydiyim kətan bəlli, köçdüyüm Vətən bəlli. Ala gözlü Xəzərin ətəyində, Bibiheybət qayasının üstündə sevdiyimin, seçdiyimin qoynuna köçəsiyəm. Bu mənim alın yazım, Tanrıdan tale payımdı. Ağrılar ağır olur, adından bəllidi. Bala dağı qədər ağrılısı, acısı olmur. Gülabatın xanım hər halı, xəyalı, başındakı qalı qədər doğmadı mənə. Bəlkə də, özümdü, danışıb yaza bilmədiyim, sözümdü, tutulan dilimdi, ürəyimi aça bilmədiyim yerimdi. Axı mən şəhərdəyəm. Onun da qaydası, qanunu var. Saf, təmiz, səmimi adama yeri olmaz. Dərdli, qəmli adamı başa keçirməzlər. Gərək baş olasan, başda olasan, yuxarılarda olasan, heç olmasa yuxarılarda əlin, ətəyin ola...

İnsan beyninin məhsuludur şəhərlər,
Öz məhsulunun beynidi şəhər adamları.
Buludların göz yaşını içib
Yaşayır şəhər adamları.
Ayaqları torpaqdan üzülüb,
Göyə dəyir başları.

Biz bəzən filosofu Kantın, Feyrbaxın, Nitşenin əsərlərində axtarırıq. Səməd Vurğunun “İnsan” poemasını, Mir Cəlalın “İnsanlıq fəlsəfəsi”ni unuduruq. İri meqapolisləri, onun batini dəhşətlərini gözardı edirik. Tək bu bir cüt misraya görə zamanın ən qüdrətli fikir və düşüncə sahibidi Gülabatın xanım.

İnsan beyninin məhsuludur şəhərlər,
Öz məhsulunun beynidi şəhər adamları.

Deyirlər, dünyanın ən qüdrətli qadın filosofu Rəbiyyə Əl Bədəvi olub. Bəs, onda məzar daşına “Dilinizi, millətinizi, qeyrətinizi qoruyun” deyən professor Əzizə Cəfərzadə kimdir? “Yallı” Naxçıvandırsa, Naxçıvan Azərbaycandır. Bəs erməni kimdir?” deyən, “Beryozka” rəqs ansamblının qabağına “Çinarı” çıxaran Əminə Dilbazi kimdir? “Məni Fəxri Xiyabanda yox, Qazaxda Dilboz Ağanın sərdabəsində, anamın yanında dəfn edin. Babamın namus bilib vermədiyi Dilboz Atına görə gözlərini oyan Çar canişinlərinə göz dağı olsun!” nidası ilə ləyaqətin simvoluna dönən Mirvarid Dilbazi kimdir? “Zəngəzur abidələri qədim türklərin, bizim əcdadlarımızın yaddaş saxlancıdır” hikməti ilə tarix yaradan AMEA-nın müxbir üzvü, Məşədixanım Nemət kimdir? Yaxud, onların əfsanəvi, qəhrəman nənələri Tomris, Nüşabə? Deyirlər, İran şahı Kir Massagetlər hökmdarına xəbər yollayır ki, taxt-tacı tərk eləsin. Üstünə qoşun çəkib gəlir. Tomris onu hökmdar ucalığı, qadın müdrikliyi, ana müqəddəsliyi ilə haqqa çağırır. Günahsız qan tökülməsini istəmədiyini deyir. Gözünü qan tutmuş Kir dediyindən dönmür. Qeyri-bərabər döyüşlərdə Massagetlərin vəliəhdi öldürülür. Sıra iki hökmdara gəlir. Əyninə təkcə dəmir zireh, dəbilqə deyil, vətən sevgisindən don geyən Tomris həm də övlad intiqamını qılınca çevirir. Tək zərbə ilə Kirin başını bədənindən ayırır. Kəlləsini yerdən götürüb qan teştinə salır. Qəzəblə hayqırır: iç, iç bəlkə kəsdiyin başların qanından doydun.

Bərdə hökmdarının əfsanəvi Nüşabənin Mekedoniyalı İsgəndərə verdiyi dərsi Şeyx Nizami Gəncəvi poeziyanın və fəlsəfənin məntiqi yozumu ilə “İsgəndərnamə”də təsvir edib. Ləl, cəvahirat dolu süfrəni görən Makedoniyalı İsgəndər Bərdə hökmdarının: “Onca yolu, bunca sərvət üçün gəldinizmi?” sualından heyrətə gəlib. Bərdəni Nüşabənin müdrikliyinə bağışlayıb. İrana keçib, Daranın tifaqını dağıdıb. Dünyadan gedəndə isə vəsiyyət edib: “Mən öləndə əllərimi cənazədən çölə çıxarın! Qoy dünya görsün ki, dünya fatehi də dünyadan əliboş gedir”.

Gülabatın xanım bir dağlar qızıdı. Səngəri, sipəri dağlar olan Faxralıdan, ağır elli Borçalıdandı. Səngər dağının, Orta Sivinin, Böyük Güneyin, Göy qayanın ətəyində, sərt qayaların, qalın meşələrin, sıx ormanların qoynunda dünyaya gəlib. Gözünü açıb Aşıq Şenniyi, Şair Nəbi Borçalını, Küllər Pərisini görüb. Qoçulu qalasından, Qaraqayadan, Tumanın qalasında, Ağ qaladan, Babakər dağından, Bolusun, Başkeçidin, Sarvanın, Qarayazının, Qaraçöpün qədim yaşayış məskənlərindən, kurqanlarından, Böyrüçala diyarından, yaddaş ağacı olan xan Çinardan, türkü Ərgənəkondan çıxaran Bozqurd işığından ilham alıb. Yazı yazmayıb, ruhunu, duyğusunu, ağrısını sözə köçürüb. Tanrının Qələm və Kəlam müqəddəsliyi ilə müjdələnib. Daşa, yaddaşa dönən dərdinə, kədərinə, intizarına sözdən abidə ucaldıb. Tanrı üzü görən Sözdən! Kəlam olub, Qələm olub ürəklərə dolub. Adamı adamdan, kamili cahildən, arifi nadandan seçə bildiyindən ilk məhəbbətə dönük çıxmayıb. “Qara donlu” olub. Bir cüt incisinin sevgidən nişanəsinin qolu, qanadı olub. Dağda daşa, gözdə yaşa dönən dünyasında xaniman qurub. Yurd - yuvadan, yar-yoldaşdan dönməyib. Elin, dilin yaddaşı olub. Elə olmasaydı dəftərdən, qələmdən qopub 21 yaşında kədərə karvan, qəmə sarvan olsa belə, daş dözümü, qaya əzəməti, dağ ucalığı olmazdı:

İnsanlar öz təbiətinin oxşarıdı
Dağ adamları elə bil qayanın bir parçasıdı,
İtidi, ovxarıdı.
Səsi də gurdu şimşək kimi
Xasiyyəti də tünd və kəskin.
Mərddi, qətiyyətli, vüqarlıdı.
Sanki dağın özüdü,
Başı qarlıdı...
Allahın xoş vaxtında yaradılıb
Yolları Allah yoludur,
Könülləri işıqla doludur,
Bunlar kənd adamlarıdır.

Bu misralar, onun məna tutumu dağların, özü qədər əzəmətlidir. Dağ adamlarının saflığından, paklığından, səmimiyyətindən, mərdliyindən, vüqarından soraqçıdı. “Könülləri işıqla doludur, yolları Allah yoludur” deyir Gülabatın xanım. Bu misraların əzəmətini biz bu günlərdə bir daha yaşadıq. İşğaldan azad olunan bölgələrimizin adamları: “Ölsəm də, dərdim olmaz, Vətənə gedirəm. Dağıtsınlar, yandırsınlar evimi. Ondan da gözəlini, tikib quraram”, yaxud şəhid analarının “Balamın qanı yerdə qalmadı! Torpaqlarımız azad olundu! Allah haqqı nahaqqa vermədi. Mənim, sənin balan, qardaşın şəhid olmasa Vətən olmaz!” kimi sərt qayaları, əzəmətli qalaları yerindən oynadan deyimləri bir millət, məmləkət olaraq ucalığımızın, yurda, torpağa bağlılığımızın simgəsi, bəlgəsi kimi qəbul etdik.

Gülabatın xanımın anasına ithaf etdiyi “Aynabənd” poemasında təbiətlə insan harmoniyada, vəhdətdə elə ustalıqla, elə bədii boyalarla təsvir olunur ki, özünü onun yanında olmuş kimi hiss edirsən. Yadına kəndin-kəsəyin, elin-obanın, doğmaların, dostların, inandıqların, sevdiklərin, seçdiklərin düşür. Burnunun ucu göynəyir, ürəyin nanə yarpağı, yarpız kimi titrəyir:

Sözündən dönməzdi, odunda sönməz.
Ona gözüyumulu güvənə bilərsən.
Bir də yaylaq adamları...
Təbiəti gözəl, havası mülayim.
Ağacları hündür, şaxlı-budaqlı,
Suları kirmiş, sözlü-soraqlı

İnsanları nurlu, işıqlı olur,
Qapısı ozanlı, aşıqlı olur.
Xanımları su sonası,
Bəyləri yaraşıqlı olur...

Bu misraların insanda yaratdığı xoş ovqatı, mənəvi rahatlığı ancaq qalın yox, qalan kitablarda tapmaq, murada çatmaq, ömründən keçən illərin, ömrünü biçən illərin, su kimi içən illərin acısını, ağrısını unutmaq olar. Bunu Adəm övladına, adam balasına yaşatmaq üçün sadəcə şair doğulmalısan, Mövlamın müqəddəs camından pay almalısan!

Dünya bina olalı hər cür insanı olub. İşığı qaranlığı, məhəbbəti nifrəti, acısı şirini, kədəri sevinci kimi alimi cahili, az iş görüb çox danışanı, sözünə yox özünə abidə qoyanı, ədəbiyyatı “partiyanın təkərciyi, vintciyi edənləri”, Qələmi kürsüyə alət edənləri də görmüşük. Amma, “Səngərdən qalalı dağları”, “Mən cahan mülkündə mütləq doğru halət görmədim, hər nə gördüm əyri gördüm, doğru babət görmədim”, “Küllü Qarabağın abı-həyatı, nərmü-nazik bayatıdır, bayatı” misralarının əzəmətini ruhumuza çiləyən Molla Pənah Vaqifdən, Dədə Ələsgərdən, Molla Vəli Vidadidən olmayıb. Dədə Ələsgərin “süsənli, sünbüllü, lalalı dağlar”ına sevgisi Gülabatın xanımın qan yaddaşına, genetik kodlarına, Mirzə Güllər ucalığına bağladı. Dədə Ələsgərin müqəddəsliyindən, Mirzə Güllərin müdrikliyindən payı var Gülabatın xanımın. Gözü gördüyü, könül verdiyi dağlar, dərələr onun üçün bir dünyadı. Acısı şirinindən çox olan dünyasında bəzən oyanmaq belə istəmədiyi röyadı. O, bir şair, duyğusunu, düşüncəsinin bədahətən ifadə etməyi bacaran sinədəftər insan kimi hamının yanından bəzən etinasız, bəzən də sadəcə keçdiyi, bəlkə də ürəyində sevgi ilə təsvir etdiyi Səngər dağına dastanı elə qoşur ki, özünü onun ətəyində, zirvəsində bilsən də, ruhun Savalanda, Ərkdə, Əlincədə, Kəpəzdə, Qoşqarda, Dəlidağda, Diridağında, Babadağda, Şahdağda qanadlanır. Vurğuna vurğun könlündən “Nələr çəkib başın sənin, bilinməyir yaşın sənin” misrasının heyrəti keçir:

Dirsəklənib sağ qoluna,
Fikrə dalıb, qoca Səngər.
Arxa durub el yoluna,
Kölgə salıb, qoşa Səngər.

Çəkilibdi könlünə dağ,
Min döyüşdən çıxıbdı sağ.
Ətəyi boz, zirvəsi ağ,
Çox qocalıb, qoca Səngər.

Qərinələr gəlib gedib,
Neçələri ölüb-itib,
Könlümüzdə dağ tək bitib,
Hey ucalıb, qoca Səngər.

Türklər tarixi yaratdı, yazıya almadı. Gerçək tariximiz min illər boyu öncə dünyanın ilk tədris mərkəzlərinə çevirdiyimiz qayaüstü abidələrdə, sonra şifahi, bir az sonra isə yazılı ədəbiyyatda əbədiləşdi. Səngər dağı səngərli, qalalı, kurqanlı, tağlı Borçalının simgəsi olan dağ ucalığımız, daş müqəddəsliyimizdi. Bunu bilənlər bilir, bilməyənlər nə bilsin?

Gülabatın xanımın sufiyana poeziyasında, düşüncəsində İlahi eşqində bir Nəsimi əzəməti var. Onu oxuduqca anlayırsan, anlamazların dünyasında əbədi, diri, dipdiri görünür Güləbatın xanim. Deyirlər, Hələbdə dərisi soyulanda şairə üz tutan gerçək “zındıq” – dinsiz “Şair, rəngin saraldı, qorxdun elə bil” sualını verəndə Seyid İmadəddin Nəsimi “Bədbaxtlar, mən əbədiyyət üfiqlərində doğan Günəşəm. Günəş qürub edəndə rəngi saralar” nidası ilə “Məndə sığar iki cahan, Mən bu cahana sığmazam” gerçəyindən boylanır.

Güləbatın xanımın “Ruhani” havasında özünün də söylədiyi kimi əbədiyyət üfüqlərində doğan Günəşin “ənəlhəqq”i, Samirədə qolları budanarkən “40 il qul kimi yaşamaqdansa, bir gün azad olmaq yaxşıdır” nidasından boylanan Babək Xürrəminin üsyanı, “Ya azad ol, ya tamam yan Azərbaycan” həqiqətindən o taylı, bu taylı Azərbaycana Birliyin, Bütövlüyün abidəsini ucaldan Şəhriyarın harayı, hayqırtısı var. “Ruhani”ni yazan, daha doğrusu ruhunu, duyğusunu sözə köçürən, müdrikliyi, mərdliyi ilə XIV yüz ildə belə Seyid İmadəddin Nəsimiyə “Bu camal, bu kamal ilə görüb səni, Qorxdular haqq deməyə, döndülər insan dedilər” gerçəyini yazdıran Azərbaycan qadınıdı. Tomris, Nüşabə, Sara xatun, Səlcuqşahbəyim, Ağabəyim Ağa, Xurşudbanu Natəvan, Əzizə Cəfərzadə, Mirvarid Dilbazi, Gülabatın xanım kimi xatunların nənələridir!

Uzaqlarda, lap-lap uzaqlarda, Səngər dağının, Göy qayanın zirvəsində şaman duasına bürünən bir xatun ruhları çağırır. Ədalətin qara sazının çanağından boylanır:

Ruhum “Ruhani”ni dinləyəndə, mən
Koroğlu görürəm, Qırat görürəm.
Dərisi soyulmuş, “Ənəlhəqq” deyən,
Nəsimi gözündə həyat görürəm.

“Ruhani” ruh verir torpağa, daşa,
“Ruhani” üsyandı zülmətə, qışa.
“Ruhani” haraydı, kükrəyən, coşan,
Babək qollarında fəryad görürəm.

“Ruhani” dodaqda ölmüş ağıdı,
“Ruhani” Şuşada donmuş çağadı,
“Ruhani” ürəyin qəm sorağıdı,
Dağılmış yurdumu bərbad görürəm.

“Ruhani” ruh anı, son cəng səsidi,
Tarix salnaməsi, bir cüng səsidi,
“Ruhani” qayada külüng səsidi,
Hər Şirin notunda Fərhad görürəm...

Vicdan yaradıcı insanın qələminin ucundadı. İnam, etibar, cəsarət, ləyaqət də elə. Milli-mənəvi dəyərlərimiz bizim yazılmamış tariximiz, keçmişdən gələcəyə, bu gündən sabaha ünvanlanan sevgi məktubumuzdu. Gülabatın xanım heç bir kitab ərsəyə gətirməsəydi belə o, əbədi sevgiyə, ehtirama layiq olacaqdı. 21 yaşından “Qaradonlu qadın” olmaq, iki körpəni daha doğrusu ilk məhəbbətin iki əmanətini qanadlarına alıb göylərə qaldırmaq, qaralan ocağının çırağını sönməyə qoymamaq ləyaqət, cəsarət tələb edirdi. Çiçəyi burnunda gəlin olmaq, yurdda qalmaq, eldən-obadan qopmamaq, dağları sinəndə sıralamaq təkcə məğrurluqla olmur, müdrikliklə olur. Sevdiyindən, könül alıb, könül verdiyindən ona bir çimir eşq yuxusu, ondan ona bir ömürlük xatirə, bir cüt incisinə ümid, inam, etibar qaldı. O, əridi, yandı, nuru, işığı əbədiyyət günəşinə döndü. Bunu bir türk, Azərbaycan qadını edə bilərdi. Etdi də. Bu bizim barmaqla sayılası, tutiya bilinəsi dəyərlərimizdəndir. Dəyərlərin əyarı olmaq üçün gərək dəyərli olasan. Bunu dərisi soyulan Nəsiminin gözlərində həyatı, Babəkin budanan qollarında fəryadı, dağılmış yurdda bərbadı, külüngün səsində, Şirinin həsrətində Fərhadı görən, Ruh halında “Ruhani”ni dərk edən, ruhların, peyğəmbərlərin, şəhidlərin, pirlərin, övliyaların məqamında yeri olan Şair bacarardı. Öncə gərək Kitab olasan, sonra xitab edəsən, oxunasan. Gülabatın xanım ruhunu cisminə geyib yer üzünə gələndə mələklərin qanadında enmişdi Kitab kimi, Kitab Adam kimi göndərilmişdi. Gec, ya tez üzə çıxacaq, oxunacaq, yaddaşlarda qalacaq, hər halı, xəyalı, hətta qeylü-qalı ilə örnək olacaqdı. Oldu da!

Önəmli olan oxumaq, oxunmaq, ilmə-ilmə, naxış-naxış yaddaşlara toxunmaqdı. Mən onu sevdim, adını qəlbimə yazdım. İnsanın diri, insanlığın ölü vaxtında dərdə dərman, eşqə fərman olmaq olmur axı! Elə olsaydı, indiyə qədər aşıq Hüseyn Saraclının kölgəsində sazının köklədiyi dağdağan ağacının, doqqazımızdakı tənha çinarın, saçı salxım söyüdün, heç suları durulmayan arxımızın nağılını Qaraqayının dastanını, Kəhrizin, Qarabulağın pıçıltısını, ilk məhəbbət kimi kol dibindən yığıb qoynuma qoyduğum bənövşənin ətrini, Hürü nənəmin övlad həsrətindən qoç-qoç olan kipriklərinin həsrət yükünü, Şəlvizdi meşəsinin zümzüməsini Hüseyn Saraclının başıma çəkdiyi sığalın hərarətini, həmişə ancaq alnımdan öpən, bizdə Borçalıda kişilərlə əl tutarlar, qadınların alnında öpərlər deyib, alnımdan öpən, bütün toyların sonuna “Qara qartal” havasını aşıqlara oxutduran Dədəmin dodağının istisini sözə çevirərdim. Çevirə bilmədim. Bura şəhərdi axı. Şəhərdə hər şeyi danışmır, yazmır, dilə gətirmirlər. Nə yaxşı ki, “sən də varsan bu dünyamda” ay Gülabatın xanım. Yoxsa, kimin rüzgarına qoşulub, gülzarına bənd olardıq, bəndə kəmənd olardıq?

Axı sənin üçün mən
Darıxaram, bilmirsən?

Səni oxuduqca doqqazında pıçıltını dinləyən Çinar, yolunu həsrətlə gözlədiyin Sərçə olmaq keçdi könlümdən. Orta Sividə, Böyük Güneydə, Göy qayada, Səngər dağında axtardığın Tanrıya qurban olum. Yol versin! Türkün bayrağına, Şuşa qalasına, Xudafərin körpüsünə yol verdiyi kimi.

Deyirlər Ulu Tanrı yer üzünü bina edəndən sonra əşrəfi dediyi Oğuz oğlunu bircə “Ol!” kəlamından xəlq edib. Onun darıxdığını görəndə Oğuzu Ərgənəkondan çıxardığı kimi intizarına da son qoymaq istəyib. Suların bağrında bitən Qaba Ağacı Oğuz oğluna nişanə verib. Qaba Ağacın yaxası yarılıb, sarı bənizli, altun saçlı, qonur gözlü bir xatun əlinin yerinə qəbrini Oğuz Xaqana verib. Boz oxların, Üç oxların dastanı yaranıb. Dədəm Qorqud boy boylayıb, soy soylayıb. Elə o gündən Oğuz oğlunun daş, dağ, su, od, işıq, torpaq müqəddəsliyinin sırasında Qaba Ağac sevdası öndə olub. Dünyaya gələnlərimizin nənnisi, beşiyi, dünyadan gedənlərimizin cənazəsi Ağacdan oyulub. Su bulandırıb, yol kəsəni, isti su töküb torpağının hürüsünü küsdürəni sevmədiyimiz kimi Qaba Ağacımızı doğrayanları, qurudanları da sevməmişik. Otuz il öncə Qarabağda Topxana meşəsində qırılan tək armud ağacından - əslində isə Yaddaş Ağacından ötrü dünyanı qana çalxalamışıq. Lenin Meydanını Azadlıq Meydanına çevirmişik, Şuşa qalasından, Xudafərin körpüsündən Azərbaycan bayrağını asmışıq! “Biz türklərik, çadırımız Göy qübbəsi” deyib, “Bir ölər min dirilərik!” nidasından boylanmışıq. Gülabatın xanımın, əslində isə “Mənim doqqazımda bitən Çinar Oğuz oğlunun Qaba Ağac sevgisi, ilk məhəbbəti, yaddaş saxlancıdı.

Mənim doqqazımda bir çinar vardı,
Həmdəmim olmuşdu bu uca Çinar.
Sirrimi, sözümü ona verərdim,
Gəlib yaşa doldu bu uca Çinar.

Harda olsam onu xatırlayıram,
Ən uca heykəli durur könlümdə.
Bir həzin nəğmətək onu duyuram,
Nəbzi nəbzimlə vurur qəlbimdə.

Yayda çadır kimi kölgə salardı,
Köksünü cızardı dəli canavar.
Bir nəhəng pəhləvan gövdəsi vardı,
Onu qorxutmazdı ən sərt tufanlar.

Bir türk, Azərbaycanlı kimi hər birimizin bir Yaddaş Ağacı var. İlk məhəbbətin dərdini, həm də ilk ayrılığın acısını yaşadığımız Yaddaş Ağacı! İstər kənddə, istər şəhərdə ilk görüşə bir ağacın kölgəsində çıxarlar. Hər kəsin könlünün pıçıltısını, qəlbinin döyüntüsünü həmin ağaclar dinləyər. Ya ayrılırsan, ya da könül verib, könül alırsan. O yaşıl ağacın kölgəsi düşər üstünə, illər keçər, yan-yörən boşalar, ayrılıqlar payın olar. Təkcə ömür ağacının yox, doğmalarının yarpaq tökümü başlayır. Bir ömür “Harada olsam xatırlayaram” dediyin Ağacın ağrısını çəkirsən. Gülabatın xanıma qoşulub həzin-həzin pıçıldayırsan, korun-korun yanırsan:

Nəhəng ucalıqdan, de nə qaldı ki,
Dolu yuvaların boş günahları.
Ətrafa tökülən xatirələrin,
Gecələr sızlayan qərib anları...

Adam var şeir yazır, qafiyə tutur. Adam da var şair olub şeir yazır. Şeir yazmır ruhunu, duyğusunu, sevgisini, həsrətini, nisgilini sözə köçürür.

Payız fəsli yarpaq-yarpaq tökülür
Ötən günlər tökülməyin nə olar?
Bir ilim də kərpic-kərpic sökülür,
Ümidlərim, sökülməyin nə olar?

Bu bir insan ömrünün kədər tablosudu. Dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq ömrün yarpaq-yarpaq tökülən günləri, acılı-şirinli xatirələrin nişanəsi ötən günlərin həsrəti yoxdan var olmuş insana, Adəm oğluna qüssə gətirir, qəm şərbəti içirir:

Ötən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.

Özü nağıl, sözü türkü olan Gülabatın xanımın “Bir ilim də kərpic-kərpic sökülür” misrasına hopub nənələrin min illərdir dillərə dastan olan bayatısının hoyu, hənirtisi, əsintisi:

Əzizim harayından,
El yatmaz harayından.
Gündə bir kərpic tökülür,
Ömrümün sarayından.

Bu bayatı biz tərəflərdə - buntürklərin, Börü oğlu Qarapapaq türklərinin diyarında dillər əzbəridi.

Əzizim yara sızlar,
Qəlbimdə yara sızlar,
Yaralının dərdini,
Nə bilər yarasızlar?

bayatısı da, elə eləcə. Hələ yaralı könüllərin tərcümanı olan bu türkünü demirəm:

Əzizim Yaradan var,
Yeri, göyü, yaradan var,
Əzrayıl məndən uzaq dur,
Məndə hər yaradan var.

Klassik Azərbaycan ədəbiyyatının ünvanları olub: Məhəbbət, Vətən sevgisi, ana, övlad həsrəti. İstənilən şairin ilk məhəbbətə bağlı dünyası sonralar əbədi sevgiyə - Ana Vətən, övlad istəyinə bağlanıb. Amma, baş olan, başda olan bir mövzu olub – Vətən! Bu mənada Məhsəti Gəncəvinin, Ağabəyim Ağanın nisgilli, Xurşudbanu Natəvanın kədəri, Səadət Butanın həsrəti var Gülabatın xanımın poeziyasında. Özümüz, suyumuz, qara sevdamız kimi doğmadı onun misraları ruhumuza. Dərdi böyük olan, həm də bölük-bölük, cilik-cilik olan, fəqət diri, dipdiri qalmağı bacaran şairi oxuduqca oxumaq, ürəyinə, qəlbinə, yaddaşına toxumaq istəyirsən. Bunun tək bir səbəbi var: Gülabatın xanım bütün klassiklərimiz kimi ədəbiyyatın əsas janrlarında sözü mirvariyə, muncuğa çevirib ipə-sapa düzür. Onun İsmayıl Güllərlə deyişməsi Aşıq Pərinin, Şımpırlı Sevgilinin, Xurşudbanu Natəvanın, Səadət Butanın ustad aşıqlarla, mütəfəkkir şairlərlə deyişməsini, dərdləşməsini yada salır:

Gülabatın:

Bir qəza gəlibdi mənim başıma,
Tək çəkə bilmirəm onu, ay şair.
Tökülən bir çanaq çıxıb qarşıma,
Bilmirəm nə olar sonu, ay şair.

İsmayıl Güllər:

Qəzavü-qədərdi gəlib başına,
Tək sənin başında olmayıb şair.
Atalar deyibdi tökülən çanaq
Bir daha yenidən dolmayıb, şair.

Gülabatın:

Dünyada nə görüb, nə götürmüşəm?
Bala böyütməyən yar itirmişəm.
Mən güllər əkmişəm, tikan dərmişəm,
Yer necə götürür bunu, ay şair?

İsmayıl Güllər:

Hər kəsin ürəyi bir qəm quvası,
Dəyişər iqlimi, düşməz havası.
Ömür binasından bir can davası,
Duyanlar qəlbləri qırmaz, ay şair.

“Bala böyütməyən yar itirmişəm”, “Güllər əkmişəm, tikan dərmişəm”. Kədərin, hicranın, yaxud qadın həyasının, ləyaqətinin bundan uca zirvəsi, bundan dəhşətli mənzərəsi, poeziyası ola bilərmi? Bunu ancaq dünyanın bütün müqəddəsliyini genetik kodlarının diktəsi ilə qanında, ruhunda daşıyanlar bilər! Daha doğrusu bir türk, Azərbaycan, Şərq qadını bilər.

Yar həsrətli Gülabatının kədəri, ayrılıq türküsü idi Xurşudbanu Natəvana əsrlər, illər öncə bu qəzəli yazdıran, onun övlad fərağından Gülabatın xanımın yar həsrətinə, nisgilinə körpü olan:

Yıxıb könül evim, eyləyib viran getmə!
Yoxumdu tabu tavan firqətə, cavan getmə!

Fəda olum sənə mən, səndən ayrıla bilməm,
Yəqin ki, fəqan edər qəddim kəman, getmə!

...Tərəhhüm eylə mənə, dərdi möhnətim çoxdur,
Qoyub bu hicri-bəla içrə Natəvan getmə!

Gülabatın xanımın ilk baxışdan kədərə köklənmiş kimi görünən poeziyasında dərdin özü, əzəməti var. Dünyanın da, dərdin də hər üzünü görən şairə yaşanan hissləri, tarixi gerçəkləri incə-incə, zərgər dəqiqliyi ilə poeziyaya gətirir. Ona unudulmamaq, yadda qalmaq kimi bir səadət bəxş edir. Bu gün Qarabağda, gavur düşmənlə savaşdakı böyük Zəfərə görə biz bir millət, məmləkət olaraq, Azərbaycanın Ali Baş Komandanına, Müzəffər Ordusuna minnətdar olduğunumuz kimi, həm də qələmini süngüyə çevirib tarix yaradan, sözün səngərində vüqarla dayanan Vətən şairlərinə - Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı kimi mücahidlərə minnətdarıq. O sırada Səadət Buta, Gülabatın xanım kimi şairləri görmək bir qadın kimi insanda qürur hissi oyadır. Necə olsa da biz Koroğlunu Nigarsız, Nəbini Həcərsiz, Ağqoyunlu Həsən bəyi Səlcuşahbəyimsiz, Qubalı Fətəli xanı Tutu Bikəsiz, Gəncəli Cavad xanı Bəyim xanımsız təsəvvür etmirik.

Qarabağ yaralı, qana qan deyir,
Bunu Təbriz deyir, Naxçıvan deyir,
Neçə şəhid olan İntiqam deyir,
Bağrı Lalə kimi qan, Azərbaycan!

Biz qandan, intiqamdan doğulduq! 44 günlük tarixi savaşımızla zəfər çaldıq! Qarabağ Azərbaycandır! nidası ilə tarix yaratdıq. Təbriz, Naxçıvan, Dərbənd, Anadolu, Borçalı “Cəngi”yə, “Cahargah”a qoşuldu. Gülabatın xanımın intiqam dolu şeirləri ilə yanaşı, bir başqa dünya, aləm olan Səadət Butanın misraları dillərə dastan oldu.

Sənsən mənim bu dünyada
Yerim, göyüm Azərbaycan!
Xan Arazım, Göy Xəzərim
Göyçə gölüm Azərbaycan!

Vətəni yeri, göyü, müqəddəs köyü bilmək üçün gərək Vətəndən qiymətli nəyinsə olmadığını dərk edəsən. Biz bir türk, Azərbaycanlı olaraq bir sevdanın oduna alışıb yandıq. “Vətən qalan, qalan hər şey yalan” söylədik. Vətən dolu bayatılar, türkülər yazdıq. Yazı yazmadıq. Qəlbimizin səsini, doğmalarımızın son nəfəsini sözə, saza köçürdük. Gülabatın xanımın səsi, nəfəsi ilə pıçıldadıq:

Harada Şikəstə, muğam oxunsa,
Orada tar da mənəm, kaman da mənəm.
“Yanıq Kərəm”, “Dilqəm” ruha toxunsa,
Orada sarı simdə, yanan da mənəm...

Bu misraların hənirtisi, yaddaşın səsidi Rüsəm Behbudiyə qol-qanad, ən əsası Vətən boyda Ürək verən. “Əl uzatsam Ərzuruma yetəndi, Füzuli məzarı da Vətəndi, Vətən!” nidasını “Cəngi”yə, “Cahargah”a, “Yallı”ya çevirən.

Gülabatın xanımı oxuduqca dili dualı nənələri, üzü sulu gəlinləri xatırladım. Səngər dağının kölgəsini gərdəyi, Orta Sivinin, Böyük Güneyin çənini həya pərdəsi, Göy qayanın əzəmətini dəyanəti bildim. Dərdin hər üzündən payı olan analı, balalı, tənha sonalı dünyasında doqqazının ağzındakı Çinarın kölgəsində çiçəyi burnunda, xanası əl-ayağında, muncuq kimi göz yaşları – yanağında puçur-puçur olan Gülabatın xanımın dühasında. Sarı bənizli, qonur gözlü, altun saçlı Gözəli gördüm! Oğuz Xaqanın könlünün sultanını, Boz oxların, Üç oxların Gövhər-Kanını elə ilk baxışdan sevdim. Üzümü Qorqud Atanın qolça qopuzuna söykədim: “Axar sularınız qurumasın, Qaba Ağacınız doğranmasın!” dedim.

Borçalı bizim gavur qabağında dimdik duran, “dil içində dil, din içində din bəsləyən” ağır taxtalı, sanbal-salğarlı, qədim-qayım elimiz, görən gözümüz, döyünən qəlbimizdi. Təbriz cəsarətimizin, Dərbənd qüdrətimizin, Şamaxı heyrətimizin, Gəncə məhəbbətimizin, Bakı mərhəmətimizin, İrəvan həsrətimizin paytaxtı olan kimi, Borçalı da dəyanətimizin Baş kəndidi! Onun üçün həm də Sipəri Səngər dağı olan, Qələmini süngüyə çevirən, özü də bilmədən ləyaqətin poeziyasını, “kədərin simfoniyası”nı yaradan Gülabatın xanım kimi yurdundan, yuvasından qopmayan, xatunlara, onların laylasından, bayatısından cücərən Ustadların Qara Sazından boylanan ərlərə, ərənlərə, el yolunda can verənlərə, Sapand daşına dönənlərə minnətdar oldum!

İnsan yaddaşı ilə yaşayır. Yaddaş həm də, Ulu Tanrının Qələm və Kəlam müqəddəsliyinə bağlıdı. Məni məndən alan Gülabatın xanımın, daha doğrusu, dərdi qədər böyük olan şairin könül dəftəri. Qəlb çırpıntısı ilə bağlı özü kimi nurlu, işıqlı kəlmələri yazmaq istədim. Dönüb geri boylananda ünvanına ən qiymətli fikirin kitabının ön sözünün sonunda deyildiyini anladım: “Zaman sonsuz olduğu qədər Söz də əbədidir! Biz olmayacağıq, sözün isə qalacaq, yanında da adın – Gülabatın!” Unudulmamaq, yadda qalmaq, bax, bu Sənin ömrü boyu əlçatmaz bildiyin ən böyük səadətindi, Əzizim!




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Şərəf Cəlilli