USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ürəyimin buz, yarpız yeri Kəlbəcər -


https://img.baki-baku.az/news/2020/11/photo_1901.jpg?v=MjAyMC0xMS0yNiAxOTo1MzowMw==

Danışanda şirin olan nağıllar yaşayanda yaman olur, zülüm olur. Aranın papağı Kəlbəcərin kədəri 27 ildir ürəyimin buz, yarpız yeri olub. Adı gələndə göyüm-göyüm göynəmişəm, titrəmişəm. Dərdi diri olub, yamyaşıl olub Dəlidağlı Kəlbəcərin. Papağı düşən, daha doğrusu düşürülən dağların dağını Qubadlıda yaşamışam. Xanlıqlar kəndində.  Universitet müəllimləri o zamankı rektor rəhmətlik Firudin Səməndərovun dəstəyi ilə Laçında döyüşən əsgərlərimizə yardım aparmışdı. Azərbaycan televiziyasının “Xoş gördük” proqramından səfəri işıqlandırmaq üçün ezam olunmuşdum. Qubadlının Başarat kəndində ayağı qaloşlu, gözü eynəkli səngər qazan universitet Müəllimini, oğluna günorta yeməyi gətirən, yaşı artıq 70-i keçmiş səngərə sipər Ananı da orda görmüşdüm. O, Bakı Dövlət Universitetinin xarici dil kafedrasının müdiri Abbas Abbasovun anası, səngər qazan da özü idi.  Tale elə gətirmişdi ki, yol yoldaşım da, onun ömür-gün yoldaşı, unudulmaz Roza xanım olmuşdu. O zaman cavan idim. Vətəndən uca sevgim, İstiqlaldan müqəddəs andım yox idi. Qarabağ sevdalısı idim. Yarım, canımda canım əsir düşsəydi, ölərdim. Ölmədim! 30 il sonra Şuşa qalasında şüşədə div əlində əsir qalan, saçından asılı səadətimə qovuşdum. Ölsəm də dərdim olmaz!

Yol boyu Roza xanımdan öyrəndiyim bir müqəddəslik oldu: könlündə sultan olana, sevib seçdiyinə təkcə məhəbbət yox, hörmət hissi. Bunu ancaq yaşayanlar bilər. Roza xanım dünyanı bivaxt tərk etdi. Abbas müəllimdə ilk məhəbbətə səadqəti, etibarı görəndə uluların “yuvanı məhəbbətlə qurar, hörmətlə idarə edər, sədaqətlə yaşadarlar” hikmətinə inandım. Bunu bir də ustadların xası professor Cahangir Məmmədlidə gördüm. Ustad gərək hər halıyla ustad ola!

Xanlığa, Qubadlıya dönmək istəyirəm: Laçın səfərindən sonra Qubadlıya gəldik. Gecələmək üçün. Qubadlının mərd qızı Hicran xanımgildə gecələdik. Süfrənin eni, uzunu yox idi. Naz-neməti demirəm, həyət-bacadakı qoyun-quzu, toyuq-cücə, mer-meyvə ilə Bakının yarısını çox demirəm, azı bir ay dolandırmaq olardı. Bakıdan uzaq bir dağ kəndindəki evin əşyaları Almaniyadan gətirilmişdi. Qab-qacaq da onun kimi...

Gecə kənddə toy var idi. Bəy tərifi gedirdi. “Uzundərə” səslənirdi. Gördüklərim, eşitdiklərim gözümdə qaldı. Səhər çay süfrəsində qara xəbər gəldi. Kəlbəcər işğal olunub dedilər. O zamankı Daxili İşlər naziri İsgəndər Həmidov  “öz rayonunu qoruya bilməyən adamdan nazir olmaz” deyib, istefa ərizəsi yazıb. Prezident ərizəsini qəbul etməyəndə “gülləni təpəmə çaxaram” söyləyib. Hər halda xəbərləri belə çatdırdılar. Elin ağzı yüyrək olar. Kaş o zaman abrından, qəhərindən təpəsinə güllə çaxanlarımız çox olaydı. 

O gün, bu gün əllərim yanıma düşdü. Qarabağın, Laçının, Kəlbəcərin, ümumiyyətlə şiddətli döyüşlər gedən Zəngəzurun hər qarışında ezamiyyətdə olduğum üçün Kəlbəcərin işğalının nə olduğunu anlayırdım. Aranın papağı Kəlbəcər qaya üzərində sərt Qala, gavur Ermənistanla aramızda Sipər idi. Ondan sonra Laçında laçın qalmadı, sar aldı. Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə Qarabağın toy damı Ağdamda çırağımız qaraldı. Ağ günlərimiz, güllərimiz saraldı. Laçın dəhlizi Uzun dərəmiz oldu. Geri qayıdanda elə bil belim qırılmışdı. Kəlbəcərin sərt sıldırım qayaları, qalaları ürəyimə, kürəyimə şələ olmuşdu. Əlim üzümdə Xudafərin körpüsünün ətəyindən keçəndə “necəsən bir ah çəkəm, dağlarda maral yana” dedim. Yana-yana, atəşimdən boylana-boylana 27 il yol gəldim. Simurq quşuna döndüm!

Ali Baş Komandanımızın, Qüdrətli Ordumuzun, Osmanlı adlı qürurumuzun iradəsi ilə  cənab Rəcəb Tayyib Ərdoğanın dili ilə desək, “Haqq öz yerini aldı!” Murovun zirvəsində, Dəlidağın ətəyində qələbə tonqalı çatıldı. Ürəyimin buz, yarpız yeri Kəlbəcərdə Azərbaycan bayrağı dalğalandı. Kəlbəcərə qar yağıb, yollar buz bağlayıb, bulaqları ürəyim kimi bumbuzdu. Üşümürəm! Daha kəlbəcərli qız-gəlinlər qürurundan, qeyrətindən özünü Murovun zirvəsindən dərəyə atmır. Dərədən dağlara yol gedir. Bu köçə karvan, haqqa sarvan dünyadı. Ölsəm də, dərdim yoxdu. Cənazəmi Kəlbəcər qızlarının toxuduğu xalçadan tutun. Gavurun kül etdiyi meşələrin ağacının kösöyündə aparın! Mən bir Simurq quşuyam! Öz külümdən dirilləm!

Şərəf Cəlilli




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Şərəf Cəlilli