USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şuşa özünə qayıtdı... (YADDAŞ)


https://img.baki-baku.az/news/2020/11/photo_1724.jpg?v=MjAyMC0xMS0xMiAyMjozMToyNQ==

İnsan həyatı o qədər uzun deyil ki, onu dərd-qəm içində yandırmaqla barışasan. Bu həqiqəti dərk etməyə başlayandan hər birimiz həyatımızın hər günündə bir sevinc işartısı axtarmağa başlamışdıq. Tapmayanda uşaqlıq illərimizin qayğısız günlərini xatırlayar və özümüzü inandırmağa çalışardıq ki, heç olmasa o zaman, uşaq olarkən xoşbəxt idik. Bizi istədiyimiz qədər qane etməsə də qarşılaşdığımız ən kiçik sevinc anlarını belə yaddaşımızda bir-birinin ardınca xalça ilmələri kimi düzməklə bu xırda sevinclərdən xəyalımızda özümüzə xoşbəxtlik xalısı toxumağa çalışırdıq. Amma qəlbimizin dərinliyində bizi sızladan, gizli-gizli ağladan və həyatımızın böyük bir hissəsini yandırıb külə döndərən bir nisgil vardı - Qarabağ nisgili.

Vətən nisgili, itirilmiş torpaq ağrısı, aşağılanmış qürur acısı, övladlarımızın gözlərinə kişi kimi baxa bilməmək xəcaləti şüurumuza, varlığımıza hakim kəsilmişdi. Bu iztirab, bu acılar, bu xəcalət hissləri heysiyyatımızı ləkələmiş, bizə xoşbəxtliyin dadını unutdurmuşdu. Övlad dünyaya gətirməkdən, qız köçürməkdən, oğul evləndirməkdən almağa çalışdığımız sevinc və fərəh hisslərimizi nə qədər xəyali xoşbəxtlik xalçamıza düzməyə çalışsaq da, bu bizi xoşbəxt edə bilmirdi. Özümüzü aldatmağa qürurumuz yol vermirdi. Yaşayaraq heç zaman xoşbəxtlik hisslərini bir daha yaşaya bilməmək qorxusu ruhumuzu əsir etmişdi, amma sındıra bilməmişdi. Bakıda, Şəkidə, Gəncədə, Lənkəranda yaşasaq da, ruhumuz Qarabağda dolaşırdı. Eşitdiyimiz istənilən pis və ya yaxşı xəbərləri qulaqlarımızda daim səslənən əsirlikdə çırpınan Qarabağın iniltiləri içərisindən eşidirdik. Hara baxmaq istəsək, Şuşa dağlarının dumanlı başı və ildən-ilə həsrətdən bozalan qədim Qala divarları gözlərimiz önündə canlanırdı.

Düz 28 il hər açılan sabahın bir müjdə gətirəcəyinə ümidlə yaşadıq, əzab çəkdik, şüurumuzla, qəlbimizlə o günün gələcəyini, o xoşbəxt sabahın açılacağını gözlədik. Bu gün o sabah açıldı.

Bizi bu xoşbəxtliyə qovuşduran xalqımızın mətin iradəsi, Ordumuzun yenilməz rəşadəti, Ali Baş Komandanımızın misilsiz cəsarəti oldu. Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bu günkü yekdilliyi fəth etməmiş ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, canını döyüş meydanlarında qoydu, Qarabağın keçilməz dağlarında, dərələrində tökülən qanlarının izləri ilə Azərbaycanı o alınmaz Şuşa qalasına gətirib çıxardı.

Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Şuşa özünə qayıtdı. Şuşa miniilliklər ərzində köksündə bəsləndiyi doğma Azərbaycanına qovuşdu. Dədə-babalarımızın qoruyub bizə saxladığı əvəzsiz miras, başımızın tacı, ruhumuzun yelkəni Şuşa əsirlikdən azad olundu.Bu gündən etibarən dünyanı bir başqa rəngdə görməyə, yaşamımızı bir fərqli ovqatda davam etdirməyə başlayırıq. Yeni Həyat başlayır. Qələbə müjdəsinin gözlərimizi yaşartdığı, Qələbə qürurunun başımızı ucaltdığı, xoşbəxtlik hisslərimizin sinəmizə sığmadığı bir günlə başlayan Yeni Həyat. Yaşa Azərbaycan xalqı! Sən ən böyük xoşbəxtliyə layiqsən!

Cavanşir Feyziyev
Millət vəkili

Yazı müəllifin facebook səhifəsindən götürülüb.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Cavanşir Feyziyev