USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağın iki siyasi nigahı, yaxud Ağabəyim ağanın və Xurşud Banu Natəvanın üsyanı -

Heydər Əliyev: “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur!”


https://img.baki-baku.az/news/2020/11/photo_1712.jpg?v=MjAyMC0xMS0xMyAxNzo0NTo0Mg==

Hər kəlməsi, cümləsi tarix, cümləmizin səsi, nəfəsi olan Ali Baş Komandanımız tarix yaradır. Belə deyirik hamımız. Gerçəkdə, batində isə hər şey fərqlidi. O, özünün qüdrəti, iradəsi, cəsarəti, məğrurluğu ilə keçmişlə gələcək arasında körpü olur. Klassikləşən müasirimizə çevrilir.

Alman jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir?” sualı onun boğazını qurudur. “Qarabağ bizim üçün qürur məsələsidir” deyir. “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir, yaxud Reyn Vestfaliya? sualı ilə suala sualla cavab verir. Kiçik düşünüb böyük danışmağın dərsini alan jurnalistin rəngi dəyişir. Ədalətli Prezident humanizmini, ev sahibi kimi qonaqpərvərliyini, yada salıb ona ikinci sərt şilləni vurmur. Əgər o, istəsəydi İkinci Dünya Müharibəsində Moskva, Stalinqrad SSRİ üçün nə idisə Qarabağ da Azərbaycan üçün odur, Sovet xalqı faşistləri – yəni, səni “kiçik tikə yeyib, böyük danışanın” babalarını gəldikləri yerə - Mozdokdan Berlinədək qovdu deyərdi. Demədi. Daha doğrusu demək istəmədi. Şəhdi şəyanına, kişiliyinə, şərqli mərhəmətinə, türk əzəmətinə sığışdırmadı. Yoxsa, gərək idi ki, həm də sual etsin: o qanlı-qadalı illərdə yəhudi xalqının günahı nə idi?

Bilmirəm Qarabağın Bavariya ilə müqayisəsi jurnalist deyilənə çatdımı? Hər halda Hegeli, Kantı, Nitşeni, Vaqneri, Bethoveni, Motsartı danmaq, inkar etmək də olmur. Bir də görürsən “bir dana bir naxırın adını batırır”. Məsələn, Nikol Paşinyan – Sorosun bu bivec, yal görəndə dədəsini tutan oğlu “Böyük erməni xalqını”, “Böyük Ermənistan xülyasını”, “Daşnaqsütün ideologiyası”nı silib süpürüb çöplüyə atdı. Ali Baş Komandanımız, canda canımız, Azərbaycanımız deyir ki, “Şuşaya bir nəfəs qədər yaxınıq!” Sənə şükür olsun Tanrı! Bu otuz ildə desəydilər, inanmazdım. Yoxdan var edən Tanrı, yoxu var edən Sərkərdə - xaqanımız varmış. Tanrı bir milləti xilas etmək istəyəndə onu fikir və düşüncə sahibləri, mütəfəkkir şair və filosoflar, qüdrətli Sərkərdə - xaqanlara, tərcümeyi halı ilə tarix yaradanlara müjdələyir.

Metenin, Atillanın, Alp Arslanın, Osman Qazinin, Fateh Mehmetin, Əmir Teymurun, Sultan Səlimin, Qanuni Süleymanın, Şah İsmayıl Xətainin qolunun davamı Qılınc, ruhunun davamı Qələm Oğuz oğlunu dünyanın dörd bir yanına sahib edib. Doğudan Batıya altundan saraylar yapılıb, düşmənə göz dağı qalalar tikilib. TURAN və QURAN müqəddəsliyinə tapınan törəmiz yaxası hilallı ulduzlu al, yaşıl, göy bayraqlı Göy Tanrının yaxasına sancıb!

Bayraqları boy-boy olan soyumuzun, boyumuzun hər qarışı cənab Prezidentin söylədiyi kimi bizim qürurumuz, qeyrətimiz, sevgimiz, ilk məhəbbət kimi müqəddəsimiz olub.

Qarabağ sənətin, mədəniyyətin beşiyidir. Odlar Yurdunun Konservatoriyasıdır. Səsimiz, nəfəsimiz, zənguləmiz, xalımız, gülümüz, bülbülümüzdü. Gülü, bülbülü, Xarıbülbülü, Bülbülü var. Ən əsası, bürcü, qalası, Topxanası, İsa bulağı, Cıdır düzü var. Bir də dərd üzü var. Ağabəyim Ağa Ağabacı və Xurşud Banu Natəvan adında. İkisi də saray əyanı, şahzadə məqamıdı. Qarabağ xanı İbrahimxəlil xanın yaralı yeridi ikisi də.

Ağa Məhəmməd şah Qacar Azərbaycanı bütöv görmək istəyindən qoşun çəkib o taydan, bu taya gəlir. Muradı gözündə qalır, beli qırılır. Elə bizim də. Sağ əli sol əlini kəsir. Şuşa qalasında əcəl şərbəti içir. Qardaşı Fətəli şah xeyli bac-xərac və təzminatla xanın oğullarını və bacısı Ağabəyim Ağa Ağabacını 40 incə belli qızla hərəminə aparır. Cismi gedir ruhu qalır Şuşada Ağabəyim Ağanın. Könül verdiyi Çobandan ayrı düşür...

Deyirlər, qənirsiz gözəlliyi ilə Turan və İranda ad çıxaran Ağa bəyim Ağaya Fətəli Şah görən kimi bir könüldən min könülə aşiq olur. Onu nigahına alır. Düz 39 gün gərdəyə yaxın düşə bilməyən Fətəli Şah bu qənirsiz gözəli göz yaşlarına bağışlayır. Onun könlü olan günü gözləyir. 40-cı gün Has odabaşına sonuncu gün olduğunu deyir. İncə, incə olduğu qədər də incə qəlbli olan Ağabəyim Ağanı dilə tutan Has odabaşı ondan sirr alır: “Şuşada bir çoban sevmişəm, qəlbim ondadı, Könlümün şahı da, sultanı da odur” deyib hönkür-hönkür ağlayır. Bu acı göz yaşları, acı qarışıq hıçqırtı doğma idi odabaşıya. O da əsir gələndə ilk məhəbbətindən zorla qopmuşdu, qoparılmışdı. Rəhmi gəlir Ağabəyim Ağaya...

Deyirlər, Fətəli şah bivaxt dünyasını dəyişən anasını çox istəyirmiş. Hətta, o qədər istəyirmiş ki, sonuncu dəfə əynində olan paltarı sandıqda öz otağında saxlayırmış. Yatmazdan əvvəl onu qoxlayırmış. Odabaşı 40-cı gecə Ağabəyim Ağanın əyninə həmin paltarı geydirir. Gərdəyin arxasında taxtda oturdur. Gecə gəlir. Fətəli şahın arzulamadığı, xəyal etmədiyi gecə. Gərdəyi qaldıranda əlləri yanına düşür. Alnına bumbuz tər gəlir. Anasının son nəfəsindəki tər. Gərdəkdəki qənirsiz gözəl də, əynindəki geyim də, iy, ətir, qoxu da anası idi...

Keçib sandığın üstündə oturur. Hər gecə oturduğu kimi. Bu gecə unudulası gecə deyildi. Has odabaşından şübhələnsə də, üzə vurmamışdı. Anası Gəncəli idi Fətəli şahın, saraya gələndə sevdiyindən, ürəyindən, ilk məhəbbətindən zorla qopmuşdu. Ağabəyim Ağanın əynindəki paltar Gəncədən ona qalan ən əziz xatirə idi. Dünyadan köçəndə əyninə geymişdi. Sevdiyinin sevdiyi libasda can vermişdi...

Ağabəyim Ağanın qənirsiz gözəlliyi önündə müvazinətini itirsə də, özündə təpər tapmışdı. Onu dinləmək istəmişdi. Ağabəyim Ağa qəmli nağıl söyləmiş, “Çoban bayatı”larını pıçıldamış, yanıqlı-yanıqlı ağlamışdı.

Ədalətli Fətəli şah onu anasına, anasını dərmansız dərdə mübtəla edən ilk məhəbbətinə, Ağabəyim Ağanı əynindəki geyimə, bir də “Çoban bayatı”sına bağışlamış, yerini ürəyinin başında, sarayının baş köşəsində bilmiş, amma qəlbinə dəyib, sevgisinə, ilk məhəbbətinə toxunmamışdı. Ağabəyim Ağa təkcə gözəl bayatıları, ürəyəyatımlı, yanıqlı səsi, tarda, neydə, udda ifaları ilə təkcə Fətəli şahın sarayını deyil, həm də könlünü zinətləndirməmişdi. Rus, ingilis, fransız və fars dillərini ana dili kimi mükəmməl bilən Ağabəyim Ağa sarayın xarici ölkələrlə bütün rəsmi yazışmalarında iştirak etmiş, səfirlərlə və ölkə başçıları ilə görüşlərdə mütərcimliyi üzərinə almış, bir çox qanunların qəbul olunmasında, sənət-mədəniyyət siyasətinin yürüdülməsində, ədalətli qərarların çıxarılmasında, taleyüklü məsələlərin həllində şahın ən etibarlı əyanları, vəzirləri səviyyəsində məqama sahib olmuşdu.

Deyirlər, bütün nüfuzuna, şahın hüzurundakı səlahiyyətlərinə baxmayaraq həmişə onun qənirsiz gözəlliyinin, ay qabağının bulud tutan bir qəm pərdəsi, kölgəsi olarmış. Sevdiyi, könlündə köç əylədiyi, fəqət anası kimi müqəddəs bildiyi Ağabəyim Ağanın ərzi-halı şaha məlum olduğundan könlünü şad etmək üçün malını, varını əsirgəməzmiş. Bu səbəbdən də Tehranda bir bağ saldırır. Dünyanın ən nadir ağaclarını, çiçəklərini, quşlarını orda cəm edir. Bağ bara yatanda, gül bülbülü çağıranda Ağabəyim Ağanı cənnətin köşəsi bildiyi bağa aparır. Bağı dolana-dolana könlünün quşu Cıdır düzündə, Topxana meşəsində, İsa bulağında cövlan edən Ağabəyim Ağa kövrək səslə, pıçıltı ilə Xarıbülbül deyir. Fətəli şah Qarabağa çapar göndərir. Bağın gözə gəlimli yerini Xarıbülbüllə süsləyir. Bir az keçir, işıqlı səhərlərin birində Ağabəyim Ağanı bağa gətirir. Gözlərinə inanmır. Cecə çiçəkli, tumurcuqlu xarıbülbülü xar almışdı, saralmışdı, qaralmışdı. Əli ikinci dəfə üzündə qalır. Ağabəyim Ağa bu dəfə də Bəyim xanımın qiyafəsində, vida geyimində idi.

Əzizinəm Qarabağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

- deyir, qəmli bayatılar çağırırdı. Fətəli şahın yadına vida gecəsi anasının və 40-cı gecədə Ağabəyim Ağanın çağırdığı “Çoban bayatısı” düşdü. Son ümidi Xarıbülbülə, Sarıbülbülə döndü. “Dilə məndən nə dilərsən” söylədi...

Ağabəyim Ağa Qumda, Peyğəmbər Əleyhissəlamın nəvəsi, İmam Museyi Kazımın qızı, İmam Rzanın bacısı Məsumə xanımın məqamına yaxın bir malikanə, Tehrandan Məşhədə, Quma yol, karvan istədi. Fətəli şah Qəmin Karvanına sarvan olsa da, onu qırmadı. Şuşadan qopan, Tehranda duran köç Qumda – Məsumeyi-Münəvvərdə dayandı. Savalanın ətəyində bürəm-bürəm qar yağdı. “Çoban bayatısı”, “Sarıbülbül”, “Qarabağ Şikəstəsi” səsləndi. Qarabağda, Şuşa qalasında qalan ruhu Ağabəyim Ağanın cismindən qopdu.

O yana, döndər məni,
Bu yana döndər məni.
Ürəyim yaralıdır,
Təbrizə göndər məni.

- deyib illərdi gözü yol çəkən Çobanın neyi susmuş, heyi kəsilmiş, mələyi yerdən göyə getmişdi...

Burada bir incə məqam da var: Ağabəyim Ağa Fətəli şahdan bir şey də təvəqqe edibmiş. Nigahının iptal olunmasını, kəbininin geri oxunmasını. Bu Qarabağın dövlət idarəçilik tarixində ilk ləğv olunan siyasi nigah idi. Ağabəyim Ağa Ağabacı “neynirəm o qızıl teşti ki, içinə qan qusuram” deyib, Qarabağ xanlığının müstəqilliyi və ilk məhəbbətə sədaqətin nümunəsi olaraq bu addımı atmışdı. Daha doğrusu qənirsiz gözəlliyi, hüdudsuz səmimiyyəti, müdrikliyi ilə ona nail olmuşdu...

“Qarabağ sizin üçün niyə bu qədər əhəmiyyətlidir?” sualını verənlərin axı Qarabağın mənəviyyat tariximizdəki yerindən, əzəmətindən xəbəri yoxdu... Qarabağın qara günləri, kədərli illəri onun Çar Rusiyası tərəfindən istila olunduğu, sərvətinin atdöşü edilib Peterburqa sürüldüyü, Xan qızı Xurşudbanu Natəvanın çar çinovniki, dağıstanlı Xasay xan Usmiyevlə məcburi siyasi nigaha vadar edildiyi ana bağladı.

Milli dövlətçilik tariximizə adı qızıl hərflərlə yazılan, Qarabağ xanlığının inkişafında mühüm layihələrə imza atan, İsa bulağından Şuşaya bulaq çəkdirən, Qarabağ Atlarının İngiltərədə ilk dəfə sərgisini təşkil etdirən, Qurani - Kərimin bir çox ayələrini ana dilimizə çevirtdirən, Qarabağın onlarla Üzeyir bəy kimi istedadlı balalarını Tiflisə, Qori Müəllimlər Seminariyasına, Rusiyanın ayrı-ayrı şəhərlərinə oxumağa yollayan, Şuşa ədəbi-mədəni mühitinin aynası olan “Məclisi - Üns” və “Məclisi - Fərəmuşan” kimi ədəbi məclislər quran, onun ölkəmizdəki digər mədəniyyət-incəsənət cameləri ilə əlaqəsinə körpü olan, incə ruhlu qəzəlləri, rəsmləri, tikmələri ilə bu gün də, dünyanın sərgi salonlarını, muzeylərini, fondlarını süsləyən, bəşəriyyətin maddi-mədəni inciləri siyahısını əsərləri ilə zənginləşdirən, Şuşadan Bibiheybətə yol çəkdirən, fransız səyyahı Ata Aleksandr Dümanı gözəlliyi, şahmatdakı müdrikliyi ilə heyrətləndirən, ondan şahmat fiqurlarının şərq müdrikliyin bəlgəsi kimi hədiyyə alan Xurşudbanu Natəvan İbrahimxəlil xanın nəvəsi, Çar Rusiyası Qarabağ xanlığını ilhaqı asanlıqla qəbul etmədiyi üçün bir anın içərisində qılıncdan keçirdiyi zaman, Peterburqda təhsil aldığına görə salamat qalan Mehdiqulu xanın qızı idi. Çar Rusiyası işğal etdiyi Dərbənd qalasını Xasay xan Usmiyevin, Şuşa qalasını Xurşudbanu Natəvanın simasında əsarətdə saxlamaq üçün onları nigaha məcbur etmişdi. Bu Qarabağın dövlət idarəçilik tarixində ikinci Siyasi Nigah idi. Mahiyyəti İbrahimxəlil xanın Fətəli şahla müqaviləsinə, Ağabəyim Ağa Ağabacı ilə Fətəli şahın siyasi nigahına bağlı idi. Bunu danmaq, inkar etmək mümkün deyildi. Onsuz da, hər şey gün kimi aydın idi...

Xan qızının incə ruhu olduğu kimi, həm də qürur, qeyrət payı var idi. Mənəvi əzabına, işgəncə yerinə çevrilən bu nigahdan imtina etməklə xanimanı dağılacaq, əmlakı iki yerə bölünəcəkdi. İlahi ədalətə inanan Xurşudbanu Natəvan saray qanunlarının ədalətsizliyini bilə-bilə onu Qarabağlı əzəməti ilə əzib, çeynəyib keçir. Çar məhkəməsi çox gözlətmir ədalətsiz qərarı ilə iç üzünü, mahiyyətini Qafqazda yenidən nümayiş etdirir. Xanlığın əmlakı iki yerə - Xurşudbanu Natəvanla Xasay xan Usmiyev arasında bölünür. Usmiyevə çatan hissə Tiflisdə - Şeytanbazarda satışa çıxarılır. O dövrün “Kavkaziskiy vestnik” kimi məşhur qəzetlərində belə bu barədə elanlar gedir.

Gedən, bazara sürülən təkcə Qarabağ xanlığının əmlakı, sərvəti deyildi. Qarabağ insanın – zərgərlərin, misgərlərin, xalçaçıların gözünün nuru, qəlbinin hərarəti, keçmişdən gələcəyə ünvanlanan sevgi, kədər məktubu idi...

Bu dəhşətli, müdhiş, qəlb dağlayan səhnədən sonra Xan qızı Xurşud Banu Natəvan Qarabağın Rusiyaya ilhaqından betər rüsvayçı nigahdan xilas olur. Çar Rusiyasına görk olsun deyə, daha bir cəsarətli addım atır. Qarabağın ən kasıb ailəsindən olan, incə ruhlu şeirləri ilə onu ondan alan, sevdiyi ilə - Seyid Hüseynlə  nigaha gedir, Mirhəsənin, Mirabbasın, Xanbikənin anası kimi tarixdə qalır. Bu addımı ilə o, Çar Rusiyasına sübut edir ki, Qarabağ xanlığını işğal edə bilər, onun qəlbini, ruhunu yox. Millət, məmləkət də, insan kimidi, ruhuyla yaşayır. İşğaldan sonra könlünü xar oyan Xarıbülbülə dönən Qarabağın əbədi istiqlala qovuşacağına, bir gün haqqını alacağına inam hissi idi Xurşudbanuya bu addımı atdıran. Bu Qafqazlarda Şeyx Şamildən sonra bir Cəsarət, Ləyaqət dərsi idi. O, bu addımı ilə Çar Rusiyasına göz dağı vermişdi. Sübut etmişdi ki, qapısının Qarabağlı nökəri onun könlündə sultan ola bilər, Çarın təbəəliyini, köləliyini qəbul edən Usmiyevdən ona yar olmaz!

Bu Qarabağın idarəçilik tarixində iptal olunan ikinci Siyasi nigah idi. Birinci Ağabəyim Ağa Ağabacı İbrahimxəlil xanın bacısı, ikincisi nəvəsi Xurşudbanu Natəvan tərəfindən atılmışdı, Qarabağa sonsuz məhəbbətin və ilk məhəbbətə sədaqətin eşqinə!

Alman jurnalist bunları bilmirdi, bilmək imkanına da malik deyildi. Meşşanların sarayında Ağabəyim Ağalar, Xurşudbanular olmur. Yarını, yoldaşını, sirdaşını “Bal gecələrində” dəyişənləri isə öz ədibləri təsvir edib. Özü də hər sətirbaşı. Bütün ədəbsizlikləri alnında yazı edən erməni qadınları barədə danışmağa isə lüzum yoxdu...

“Bizim işimiz haqq işidir!” “Biz zəfər çalacağıq!” “Qarabağ Azərbaycandır!” “Şuşaya bir nəfəs qədər yaxınıq!” nidası ilə tarix yaradan Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyev bunları çox yaxşı bilir!

“Güney Azərbaycan bizim tarixi torpaqlarımız, orada yaşayanlar qan qardaşlarımızdı!” “Dərbənd bizim qədim şəhərimizdir!”, “Ya gəlin, Dağıstanı, Dərbəndi birlikdə xilas edək, ya da gəlin birlikdə ölək!”, “Cəmiyyətə də, ailəyə də hərarət gətirən, istilik yaradan qadınlardır!” gerçəyi ilə yüz minlərlə dağlının Şeyx Şamil əzəmətinə, ucalığına dönən Əziz Əliyevin nəvəsi “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur!”, “Azərbaycan qadını öz, işi, əməli, yüksək mənəvi keyfiyyətləri ilə daima xalqımıza, dövlətimizə başucalığı gətiribdir!”  nidası ilə qürurumuz, vüqarımız olan, bütün fəaliyyəti dövründə Azərbaycan qadınına dəyər verən Heydər Əliyevin Varisidi!

Millət, məmləkət də İnsan kimidi, yaddaşı, ruhu, səsi, nəfəsi ilə yaşayır! Şuşa bizim səsimiz, nəfəsimiz, yaddaşımız, ruhumuzdu. Seyid İmadəddin Nəsiminin sinə daşına bir beyti həkk olub: “Nəsimiyəm mən bilənlərə, bilməyənlərə müşkülatiliyəm!” Bizi bilənlər bilir, bilməyənlər nə bilsin? Bilənlərə, haqqa könül verənlərə, enən bayrağımızı səmaya sərənlərə salam olsun!

***

Bu yazını yazıb nöqtəsini qoymuşdum televiziyada cənab Prezidentin xalqa müraciəti barədə məlumat verildi. Sonra Prezidentimiz ölkənin Birinci vütse- prezidenti ilə Fəxri Xiyabana, Ulu Öndəri, daha sonra Şəhidlər Xiyabanını ziyarətə gəldi. Bir qədər sonra isə xalqa müraciət etdi. “Şuşa işğaldan azad oldu!”, dedi. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim!” nidası ilə ailə, ocaq, nəsihət, vəsiyyət müqəddəsliyimizə töhfədə bulundu. Cənab İlham Əliyevin  “Əziz Şuşa, sən azadsan!” nidası yoxdan var olmanın, yaddaşa, ilk məhəbbətə, tarixi dəyərlərə sədaqətin rəmzi idi. “Atəşkəs” adlı mənfur “siyasi nigah”la 27 ildir üstümüzə gələn, bizə meydan oxuyan dünyaya dərs verən Ali Baş Komandanın 44 günlük tarixi haqq savaşından həm də Ağabəyim Ağanın, Xurşidbanu Natəvanın imperiyalara etirazı boy verirdi.

Yadıma 2013- cü il mayın 10-da Gül bayramında körpə qızın Prezident İlham Əliyevə söylədiyi “Mən səni tanıyıram, Heydər babanın oğlusan!” sözü düşdü. Bir türk - Azərbaycanlı olaraq qürur hissi keçirdim. “Şuşa sizin üçün bu qədərmi əhəmiyyətlidir?” sualına “Şuşa bizim üçün namus, qeyrət məsələsidir!” cavabını verən bir sərkərdə - xaqana sahib olduğumuz üçün Tanrıya dualar etdim. Bu gün Şuşa qalasında, Ərimgəldi qayasında Azərbaycan bayrağı dalğalanır. Kimin ləşkəri, kimin qoşunu gəlmiş olsa belə. Şuşa bizim səsimiz, nəfəsimiz, döyünən qəlbimizdi!




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Şərəf Cəlilli