USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın liderinin qət etdiyi şərəfli yol sübut edir ki, onun növbəti uğuru Şuşada olacaqdır

Milli Ensiklopediyanın hazırda onuncu cildi hazırlanır. İnanıram ki, yaxın gələcəkdə işıq üzü görəcək cilddə “Şuşa” adlı yazıda bu əzəli Azərbaycan şəhərinin işğaldan azad olunma tarixi öz əksini tapacaq və bu zəfər də İlham Əliyevin adına yazılacaq.


https://img.baki-baku.az/news/2020/10/photo_1574.jpg?v=MjAyMC0xMC0yOCAxMjo1OTowOA==

Tofiq Nağıyev, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru,
AMEA-nın vitse-prezidenti, akademik

                                                  _____________________________________

Artıq tarixə qovuşmuş XX əsrin sonlarını yada salaq: Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, Qarabağ müharibəsindəki ardıcıl məğlubiyyətlər, beynəlxalq aləmdəki uğursuzluqların fonunda ölkə daxilində səriştəsiz adamların hakimiyyət uğrunda mübarizəsi, illərlə formalaşmış iqtisadi əlaqələrin pozulması nəticəsində əhalinin dayanmadan yoxsullaşması və dövlətin bu və digər təhlükələr qarşısında aciz qalması cəmiyyətimizdə sabaha ümidsizlik əhval-ruhiyyəsinin bərqərar olmasına gətirib çıxardı. Belə bir mürəkkəb dövrdə qətiyyətli, el-obada nüfuzu olan, sözü keçən şəxsiyyətə, rəhbərə hava-su kimi ehtiyac duyulurdu.

Sovet dövründə respublikaya rəhbərlik xalq təsərrüfatına rəhbərliyi nəzərdə tutaraq, siyasi rəhbərliyi mütləq şəkildə istisna edirdi. Siyasət, istər ölkə daxili, istərsə də xarici siyasət olsun - mərkəzin, Moskvanın, daha dəqiq desək, Kremlin müstəsna hüququ idi. Belə olan halda, baş verən prosesləri dərk edib onlardan düzgün nəticə çıxarmağı nəzərdə tutan siyasi rəhbərliyin müstəqillik yolunda ilk addımlar atan dövlətin tarixində yeni, yazılmamış səhifə olması heç də təsadüfi olmadı. Vaxt isə yox idi, erməni işğalı, ölkə şimalında sadvalçılar, cənubda qondarma Talış-Muğan respublikası, ardı kəsilməyən qaçqın və məcburi köçkünlərin axını, daha nə kimi təhlükələr hələ ayaq tutub yeriməyən gənc dövlətimizi beşiyində boğurdu. Belə vəziyyətdə hakimiyyət başına gələn adama özünü tanıtdırmağa tale vaxt ayırmamışdı, ali kürsü tutacaq insan həm öz xalqı qarşısında etimad qazanmış, həm də beynəlxalq aləmdə nüfuz sahibi olan tanınmış şəxsiyyət olmalı idi və nə yaxşı ki, belə bir azərbaycanlı var idi. O azərbaycanlı, bir qədər sonra adını tarixə xalqımızın Ümummilli lider kimi yazdıran, hər zaman azərbaycanlı olmağı ilə fəxr etdiyini bəyan edən Heydər Əli Rza oğlu Əliyev idi.

Heydər Əliyev xalqın iradəsi ilə hakimiyyətə qayıdanda, özünün Milli Məclisdə çox dəqiq və olduqca bədii ifadəsi ilə desək, Azərbaycan dövləti hələ tutmamış qatıq idi, onunla son dərəcə ehtiyatla davranmaq lazım idi ki, bərkisin. Və belə də oldu, Heydər Əliyev tələsmədən, yalnız özünə məxsus həssaslıqla prioritet məsələləri önə çəkdi, milli barışıq elan etdi, atəşkəsə nail oldu, ölkənin şimalında və cənubunda separatçılığın kökünü kəsdi, müstəqil Azərbaycanı dünyaya tanıtdı. Bunlar Heydər Əliyevin qət etdiyi böyük yolda atılan son dərəcə uğurlu addımlar oldu və bu addımlar onu respublikaya rəhbərlik edən şəxsdən müstəqil dövlətin siyasi lideri səviyyəsinə yüksəltdi.

Siyasi liderlik anlayışı çoxdandır ki, tarix, fəlsəfə, siyasi nəzəriyyə, psixologiya və başqa elmi fənlər tərəfindən araşdırılır. Liderlik dinamik prosesdir, bu proses daxilində liderlər və onların davamçıları, tarixi şəraitdən, hadisələrin gedişindən asılı olaraq daim qarşılıqlı əlaqədə olmalıdırlar. Liderlik davamçıları ilə əlaqə quraraq, onların meyllərini, məqsəd və niyyətlərini anlamalı, səmərəlilik və təşkilatlanma prinsiplərinə əsaslanan quruluşa yönəlməyi nəzərdə tutur. Liderlərin uğurlarını məhz belə şərtlər müəyyən edir və onların davamçıları ilə münasibətləri müasir, gündən-günə mürəkkəbləşən dünyanın çağırışları ilə ayaqlaşması mütləq dəyişikliklərə gətirir. Belə olan halda yalnız baş verən proseslərin dərki yeni, dövrün tələblərinə cavab verə biləcək  liderlərin meydana gəlməsini təmin edə bilər. Müasir Azərbaycanın tarixində bu prosesi lider – Heydər Əliyev, davamçı – İlham Əliyev və yeni lider – İlham Əliyev kimi ardıcıllığında müşahidə olunsa da, liderlərin ətrafında siyasi elitanın formalaşması bu uğurun təməli oldu.

Hər bir cəmiyyətdə elitaların fəaliyyətinin varlığı danılmaz həqiqətdir. Hər bir sosial qrup tərkibindəki insanlarla, onların siyasi maraqlarının dərki və ifadəsilə xarakterizə oluna bilər. Kütlədən seçilməmək, mütləq bərabərlik isə, nəinki xəyalidir, zənnimcə, hətta olduqca təhlükəli anlayışıdır. Təhlükəlidir ona görə ki, bu halda təşəbbüskarlığın boğulmasını nəzərdə tutulur, təşəbbüskarlıq isə ilk növbədə cəmiyyətin inkişafının və müvəffəqiyyətin rəhnidir. Məhz buna görə də elitaların yoxluğu məqsədəuyğun sayıla bilməz. Elita fenomeninə münasibət böyük həssaslıq tələb edir. Bir tərəfdən nəticə etibarilə səmərəli və cəmiyyət üçün xeyirli olan elitanın formalaşdırılmalı, digər tərəfdən isə həmin elitaların mütləq imtiyaz sahibinə çevrilməsinin qarşısını alacaq qanunverici tədbirlər müəyyən edilib həyata keçirilməlidir.

Müsbət baxışlara malik, xalqa xidmət edən, dövlətin inkişafına nail ola bilən elita fenomeni Azərbaycana da öz töhfəsini verib və verməkdədir. Yuxarıda qeyd etdiyim kimi, liderlik dinamik   prosesdir və siyasi liderin öz  davamçıları ilə əlaqə qurması, başlanılan böyük işləri etibarlı əllərə ötürməsi, bəlkə də liderin üzərinə düşən ən məsuliyyətli vəzifədir. Bu baxımdan Heydər Əliyevin 2003-cü il prezident seçkiləri ərəfəsində xalqa müraciətində İlham Əliyev haqqında dediyi “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək... Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözləri bir daha sübut etdi ki, yeni tipli lider yalnız möhkəm siyasi bünövrəyə arxalandığı halda xalqın ümidlərini doğrulda bilər”.

O vaxtdan ötən on yeddi il əyani şəkildə göstərdi ki, Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyev müasir dövrün tələblərin tam şəkildə cavab verə bilən liderdir və o, xalqın inamına arxalanaraq qəbul etdiyi siyasi irsi nəinki qoruyub saxlaya bildi, onu hər gün, hər saat müasir dövrün tələblərinə cavab verə biləcək çevik, xalqın maraqlarına uyğun vəziyyətdə inkişaf etdirməyə, müxtəlif daxili və xarici təhlükələrdən qorumağa qadirdir.

Ötən illərdə Azərbaycan Respublikası Prezidentinin gördüyü işlər, dövlətimizin əldə etdiyi uğurlar göz qabağındadır, onun yürütdüyü siyasət, inkişaf strategiyası nəticəsində qazandığımız  uğurlar danılmazdır. Bu gün, Azərbaycan sabitlik diyarı kimi nüfuz qazanıb, Prezidentin yaratdığı biznes imkanları Azərbaycana investisiya axınını sürətləndirib, artıq ölkəmizdə geniş vüsət almış qeyri-neft sektoru bizi “qara qızılın” dünyada baş verən neqativ proseslərə həssas olan qiymətindən asılı vəziyyətdən xilas edə bilib və son bir neçə ay ərzində, pandemiya şəraitində neftin qiyməti hətta sıfıra endiyi vaxtda belə, əhali dünyadakı dərin böhranı, demək olar ki, hiss etmədi. Hiss etmədi ona görə ki, dövlət başçısı gözləmə mövqeyi tutmadı, dərhal təhlükənin qarşısını alma tədbirlərini həyata keçirdi.

Neft, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bu gün də Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır, bu təmələ əsaslanaraq, ölkəmiz çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir, dövlətimizin başçısı üzərinə düşən məsuliyyəti cəsarətli addımlarla həyata keçirir, Vətəninə əhəmiyyətli uğurlar qazandırır. Onun kamil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub, beynəlxalq aləmdə nüfuzunu daha da artırıb, regionun nəinki iqtisadi və mədəni, həmçinin siyasi mərkəzinə çevirib. İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisi bu gün artıq reallıqdır. Regionlarımızın malik olduğu potensial səmərəli istifadə edilir, Bakı və Abşeronun sosial-iqtisadi inkişafı sürətləndirilir, qəbul olunan çoxsaylı Dövlət proqramları uğurla icra olunur. Nəticədə yalnız ötən 2019-cu ilə nəzər salsaq görərik ki, həyata keçən sosial-iqtisadi islahatlar hər sahəyə, nəticə etibarı ilə isə hər vətəndaşa müsbət təsir edir.

İlham Əliyevin apardığı düşünülmüş daxili siyasət nəticəsində onun prezidentlik dövründə iki milyona yaxın yeni iş yerləri yaradılıb. Bu böyük uğurdur, lakin onun özünün də dediyi kimi, vaxt ötür, zaman dəyişir, qarşıya yeni tələblər qoyulur və bu tələblər yeniləşməni, modernləşməni aktual edir, bu səbəbdən daim dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin diqqət mərkəzində olan ümdə problemlərdən biri də sosial bəla olan yoxsulluğun tamamilə aradan qaldırılmasıdır və ölkəmizdə bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə də təqdir edilir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizinə sahibdir, onun inkişaf modeli mühüm uğurlarımızdandır və investisiya cəlbediciliyi baxımından bizim dünyanın inkişaf etmiş dövlətlərin diqqətini çəkməyimiz, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin, böyük qismi xarici investisiyalar olmaqla  250 milyard dollara yaxınlaşması heç də təəccüblü deyil.                                     

Müasir dövrdə sabitlik və iqtisadi tərəqqi ictimai-siyasi əmin-amanlıqla sıx bağlıdır, Bu isə demokratiyanın tətbiqindən asılıdır. Ötən illərdə İlham Əliyev siyasəti məhz bu amillərə arxalanıb. İstər insan hüquqlarının qorunması, istər azad mətbuatın inkişafı,  seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, istər çoxpartiyalı sistemin formalaşdırılması və seçkilərin şəffaf təşkili, bunların hamısı hansısa dövlətə, təşkilata xoş gəlmək üçün deyil, Azərbaycanın uğurlu gələcəyi naminə aparılan islahatlardır. Bu siyasətin mərkəzində hüquq və azadlıqlarının qorunması durur və Prezidentin Sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunması, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq referendumun keçirilməsi bir daha İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyir.

Güclü sosial siyasətə arxalanan iqtisadi islahatların zamanın tələblərinə uyğunlaşdırılması ölkəmizin sosial dövlət olduğunu göstərir və bu amili dövlətimizin başçısı hər bir çıxışında əsas məqam kimi önə çəkir. Prezidentin qeyd etdiyi kimi, iqtisadi inkişaf prosesini gözlə görmək mümkündür, o, statistik rəqəmlərdə öz əksini tapır. Vaxtaşırı dünyanı bürüyən böhranlar dövründə ölkəmizdə əmək haqlarının, pensiyaların artırılması dövlətimizin, şəxsən Prezidentin sosial müdafiəni daim diqqətdə saxladığını nümayiş etdirir və nümunə kimi, vətəndaşlara sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsini, eləcə də aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnmələrini qeyd etmək kifayətdir.

Uğura yol açan əsas amillərdən biri də neft gəlirlərinin düzgün idarə olunmasıdır və bu layihə də İlham Əliyevin siyasəti sayəsində öz məntiqi davamını tapmışdır. “Əsrin müqaviləsi” bir zaman beynəlxalq əməkdaşlığa yol açdısa, cənab Prezident həmin yolu geniş bir magistrala çevirə bildi. Cənub Qaz Dəhlizinin təməlinin qoyulması və açılışı, “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması, Bakı, Tbilisi, Qars dəmir yolunun tikintisi və başqa irimiqyaslı layihələrin gerçəklənməsi beynəlxalq əhəmiyyət daşısalar da, ilk növbədə Azərbaycana, Azərbaycan xalqına xidmət edirlər.   

İlham Əliyevin təşəbbüsləri beynəlxalq aləmdə də nüfuz  qazanıb, beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerini və rolunu möhkəmləndirib. Belə ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilmiş, ölkəmiz, həmçinin onun paytaxtı Bakı şəhəri müxtəlif sahələrdə beynəlxalq səviyyəli siyasi, iqtisadi, dini, mədəni və idman tədbirlərinə ev sahibliyi etmişdir. Həmçinin bu siyasət dini-mənəvi köklərə sadiq olduğunu da nümayiş etdirir. Dövlət başçısının sərəncamlarına əsasən, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan edildi, paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, digər yüksək əhəmiyyətli mədəniyyətlər və dinlərarası dialoq forumlarının Azərbaycanda keçirildi ki, bunlar hər şeydən əlavə Azərbaycanda dini və milli zəmində heç bir problemin olmadığını, əksinə, dünyanın bu dilbər guşəsində yaşayan millət və din mənsublarının dövlətimizin bərabərhüquqlu vətəndaşları olduğunu sübut edir. Bu sırada İlham Əliyevin təşəbbüsü ilə təsis olunan və 2011-ci ildən keçirilən ənənəvi Bakı Beynəlxalq Humanitar Forumları xüsusi yer tutur, burada bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılır. Forumların beynəlxalq əhəmiyyətini onların işində iştirak edən bir sıra dövlətlərin rəhbərlərinin, Nobel mükafatına layiq görünmüş görkəmli alimlərin adlarını sadalamaq kifayət edər.

Dövlətimizin, xalqımızın və dövlət başçısının qarşısında duran ən mühüm problem, təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və yorulmaz səylərinin nəticəsidir. Münaqişənin həllində mövcud olan möhkəm hüquqi baza diplomatik mübarizədə ölkəmizə artıq qələbə qazandırmışdır. Lakin münaqişənin həllində sülh yoluna üstünlük verən dövlətimiz, hərbə üz tutduğu təqdirdə qələbəmiz şəksiz olacaq və tarixə Aprel döyüşləri kimi imza atmış qələbəmiz bunun təsdiqidir. Prezident İlham Əliyev dünyanın ən nüfuzlu kürsülərindən qətiyyətlə dəyişməz mövqeyini bəyan edərək Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu  ola da bilməyəcəyini dünya ictimaiyyətinə bəyan edir və onun bir çox dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən toplantılarda qarşı tərəfin rəhbərinə “Qarabağ Azərbaycanındır və nida” sözləri artıq ordumuzun qələbəyə aparacaq yolun şüarına çevrilmişdir.

Atalarımız yaxşı deyib, dost dar gündə tanınar. Özünü hər bir Azərbaycan vətəndaşının Prezidenti elan edən İlham Əliyev, demək olar ki, həmçinin özünü hər bir azərbaycanlının dostu olduğunu ifadə etdi və bu dostluq dünyanı təhlükə altına salan pandemiya dövründə sınaqdan başı uca, üzü açıq çıxdı. Demək olar ki, vətəndaşlarımız bu ağır günlərdə dövlət qayğısı ilə əhatə olundu, xaricdə olan soydaşlarımız dövlətin hesabına vətənə qayıtdı, karantin dövrünü ən bahalı mehmanxanalarda keçirdilər, aztəminatlı ailələr yardım aldılar, işə çıxmayanlar isə maaşlarından məhrum olmadılar. Pandemiya bir daha sübut etdi ki, dövlətin sükanı etibarlı əllərdədir və sosial-iqtisadi cəhətdən əhali lazımınca müdafiə olunur, onun arxasında qüdrətli dövlət var.

Tarix əvvəlcədən yazılmış ssenariyə uyğun irəliləmir, həyat bəzən ağıla gəlməyən, gözlənilməz hadisələrlə tarixin gedişinə təsir edir. Belə bir hadisə ilə dünya yaşadığımız 2020-ci ilə qədəm qoydu, uzaq Çində baş qaldırmış, gözə görünməyən təhlükə dünyanı əhatə etdi və dünyanın tərkib hissəsi olan Azərbaycan da bu bəladan sığorta deyil və ölkəmizdə pandemiya sərtlərinə ciddi əməl olundu. Koronavirus xəstəliyi ilə bağlı vətəndaşlarımızın əksər hissəsi işləməsə də, Prezident iş başındadır və biz bunu hər gün televiziya vasitəsi ilə müşahidə edirdik. O, görüşlər və onlayn müşavirələr keçirir, vacib qərarlar qəbul edir, onların icrasına nəzarət edir, qaçqın və məcburi köçkünlər üçün yeni şəhərciyin açılışında iştirak edir, xalqımızın Ramazan sevincinə qatılır. Bəs belə olan halda icraçılar necə, onlara yüksən dövlət məsuliyyəti tapşıran, onlara böyük etimad göstərən rəhbərə dayaq ola bildilərmi? Təəssüf ki, heç də həmişə belə olmur. Son günlərin hadisələri sübut etdi ki, heç də hamı xalqın, dövlət başçısının inamını doğrulda, nəfslərinə qalib gələ bilmir. Yüksək vəzifə sahiblərinin rüsvayçı əməllərinin ifşa olunmalarının şahidi olduqca yazıçı Mirzə İbrahimovun “Böyük dayaq” əsərindəki sözlər yadımıza düşür: “Kim ki, camaata xor baxır, elə bil öz əli ilə öz şamını söndürür…”. İşdən qovulan, həbs olunan məmurlar cəzalarını aldılar və ölkə rəhbərinin belə addımları xalq arasında onun yüksək olan hörmətini daha da qaldırdı. İnanıram ki, cəmiyyətimizin saflığı naminə bu istiqamətdə hələ çox işlər görüləcək. Bu işdə Prezidentin ən etibarlı dayağı xalqın özüdür.

Xalq, onun ən savadlı, milli dəyərlərə arxalanan, müasir düşüncəli nümayəndələri daim Prezidentin kadr siyasətinin mərkəzindədir. Burada son illərdə Azərbaycan üçün misilsiz işlər görmüş Heydər Əliyev Fondunu misal çəkmək yerinə düşər. Mədəni irsimizin qorunub saxlamasında və təbliğində, ölkə daxili və beynəlxalq aləmdə irimiqyaslı layihələrin gerçəklənməsi, tədbirlərin keçirilməsi I vitse - prezident Mehriban xanım Əliyevaya böyük hörmət qazandırdı, onun fəaliyyəti UNESCO və İSESKO kimi mötəbər beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirildi. Heç şübhə yoxdur ki, Mehriban xanım, onun təşkilatçılıq istedadı, xalq arasında qazandığı hörmət və sevgisi Prezident İlham Əliyevin həyata keçirdiyi taleyüklü islahatlarda ən dəyərli dəstək olacaq.

Xalqın iradəsi ilə Prezident seçilmiş İlham Əliyevi gələcəkdə daha mühüm və vüqarlı işlər gözləyir. Azərbaycanın liderinin keçdiyi yol, əldə etdiyi nəticələr və mövcud nöqsanları aşkar edib aradan qaldırmaq bacarığı sübut edir ki, onun qət etdiyi bu şərəfli yolun növbəti uğuru Qarabağda, Şuşada olacaqdır.

Son əsrlərdə xalqımızın maariflənməsində, tərəqqisində iki nəşrin danılmaz rolu olmuşdur. Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti və Azərbaycan Milli Ensiklopediyası. Maarifçiliyi hər an diqqətinin mərkəzində saxlayan, ona böyük önəm verən  Prezident İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən nəşr olunan, Elmi Mərkəzinin direktoru olduğum Azərbaycan Milli Ensiklopediyasının hazırda onuncu cildi hazırlanır. İnanıram ki, yaxın gələcəkdə ensiklopediyada işıq üzü görəcək cilddə “Şuşa” adlı yazıda bu əzəli Azərbaycan şəhərinin işğaldan azad olunan tarixi əksini tapacaq və bu zəfər də İlham Əliyevin adına yazılacaq. Hal- hazırda uğurla davam etməkdə olan Vətən müharibəsi, Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi faktı bunları əminliklə söyləməyə əsas verir.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev artıq dünyada təcrübəli, sözü keçən xarizmatik lider kimi tanınır. Onun, istər ölkə xaricində, istərsə də daxilində siyasi etimad qazanması fenomenini kompleks şəkildə araşdırarkən xəyalən ötən əsrin 90-cı illərinə və məqaləmizin əvvəllərinə qayıtmalı, bir daha Azərbaycan şəraitində müstəsna olan “lider və onun davamçısı”, “cəmiyyətdə siyasi elitaların fəaliyyəti” kimi halları araşdırmalıyıq. Bu isə yuxarıda qeyd etdiyim kimi, tarixçilərin, filosofların, siyasi nəzəriyyəçilərin və psixoloqların elmi tədqiqat dairələrinə aid məsələdir.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Tofiq Nağıyev