USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Alagözlüm, səndən ayrı gecələr...”

Milli musiqimizin Türkiyə əks-sədası


https://img.baki-baku.az/news/2024/04/photo_12028.jpg

Bu yaxınlarda Ankara şəhərində Azərbaycan musiqi mədəniyyəti mövzusunda yeni bir kitab işıq üzü görüb. “Alagözlüm, səndən ayrı gecələr” adlanan bu kitabın müəllifləri Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova və İstanbul Cərrahpaşa Universiteti sosial təsislər əlaqələndiricisi, tədqiqatçı Tuğşad Ata Türkməndir.  Kitab 19 sentyabr 2023-cü il tarixində Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı şəhid olmuş baş leytenant Elçin İbrahimlinin xatirəsinə həsr olunub.  

Azərbaycan mədəniyyətinin daha geniş miqyasda təbliği məqsədi daşıyan kitabda musiqimizin və ədəbiyyatımızın bir neçə tanınmış simasının – XX əsrin repressiya illərində zülmə məruz qalan şəxsiyyətlərin həyat hekayələri, həmçinin Azərbaycanın ən çox sevilən və Türkiyədə də əzbər bilinən, eyni zamanda, mübahisə mövzusuna çevrilən bəzi mahnılar, onların yaranma tarixi haqqında maraqlı məlumatlar yer alıb. Müəlliflər zəngin Azərbaycan musiqisi ilə bağlı müəyyən məsələlərə işıq salıblar.    

Burada toxunulan mövzuların hər biri özlüyündə ayrılıq, həsrət, kədər dolu duyğuları ehtiva edir. Təsadüfi deyil ki, kitabın adı da məhz görkəmli Azərbaycan şairləri Nigar Rəfibəyli və Rəsul Rza məhəbbətinin tərcümanına çevrilən məşhur mahnıdan götürülüb.   Və elə ilk yazıda məhz dillərdə dastan olan bu sevginin tarixçəsindən, “Neyləyim” mahnısının yaranmasından bəhs edilir. Daha sonra məşhur “Laçın”, “Sarı gəlin”, “Apardı sellər Saranı” kimi xalq mahnıları, eyni zamanda, Azərbaycan ədəbiyyatının nəhəngləri Əhməd Cavad və Mikayıl Müşfiqin həyatına nəzər salınıb.  “Çırpınırdı Qara dəniz” və “Oxu tar” adlı mahnıların yaranma tarixinin maraqlı məqamları kitabda öz əksini tapıb. Topluya daxil edilən yazılardan sonuncusu Azərbaycanda professional bəstəkarlıq məktəbinin yaranması, bu yolda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yorulmaz səyləri, gərgin əməyi haqqındadır.    

Kitabın ön sözünü şair Tuğrul Kəskin yazıb, arxa qapağında isə Xalq artisti Azərin, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, tərcüməçi, publisist, yazıçı Orhan Aras, Əməkdar artist, dosent Sahib Paşazadə, Türk xalq musiqisi sənətçisi Esat Kabaklı və müğənni Cavid Təbrizlinin ürək sözləri yer alıb.     

Anadolu türkcəsində yazılmış bu kitab həm ixtisaslı kadrlar, həm də Azərbaycan mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün mühüm etibarlı mənbə ola bilər.  

İttifaq MİRZƏBƏYLİ 




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

İttifaq MİRZƏBƏYLİ