USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ruhun zirvəsində, sözün dərinliyində...

Məmməd İsmayılı məhz oralarda axtarmaq olar


https://img.baki-baku.az/news/2024/02/photo_11295.jpg

Əsrik Cırdaxanda son 45–50 ildə dəfələrlə yuva qurub bala uçurmuş bir ağacdələn hansısa taxta qapını döyür, Məmməd əmi... Bilmirəm, eşidirsənmi, ya, xəbərin varmı? Məndən cəmi 12 yaş böyük olsan da, sənə əmi deməkdən çəkinmədim. 

Bilmirəm, səni qocaltdığıma görə qı­nadınmı? Mənim minlərlə yaşıdım üz qabığında “Gənclik” yazılmış bir dərginin (jurnalın) nostaljisini yaşayır. Özüm də o jurnalı daha bir dəfə oxumaq arzusunda­yam. Hanı, harada oxuyacağam? İndi kim elə bir toplunu ərsəyə gətirə bilər ki? Təx­minən, 10–15 il əvvəl Barat Vüsal yazmış­dı ki, Məmməd İsmayıl ovaxtkı gəncliyin gözündə əfsanələşmiş şair idi. 

Xatirələrimdən birinə sənin misralarını sərlövhə seçmişdim: “Nə yaxşı ki, indi çoxu anadır, dünən bizi qoyub qaçan qızların”. Kimsə qınamışdı ki, özəl xatirələrini yada salmaq üçün öz sözün yoxdurmu? Elə “adamqınayanları” bizdən yaxşı sən tanı­yırsan. Qardaş ölkə olsa da, Tovuzun yerini verməyən Türkiyədən paylaşdığın bir foto­nu görəndə unudulmuş limanlar haqqında yazdığın şeirin bir misrasını xatırlamışdım: “Ümidləri kül olub saqqalında, saçında...” Qoy, yenə də qınasınlar. O da onların hə­yat tərzidir: “Dərələr dağlara yalvarar hər­dən, nə olar məni də zirvənə çıxar...”

Yadımdadır, sən Dövlət Teleradio Şirkətinin sədri olanda hansısa rəssam bir dostluq şarjı yaratmışdı. Qrafika üsulu ilə çəkilmiş şarjda sən teleqülləni saz kimi bağrına basaraq hansısa aşıq havasını səsləndirirdin. Türkiyədən göndərdiyin son şeirləri oxuyanda isə elə bildim ki, sinəndəki teleqüllə yox, Azərbaycan xə­ritəsidir. Şeirlərinin biri “Ruhani” üstündə­dir (bəlkə ona görə ruhun zirvəsindəsən), biri “Sarıtel”, başqa biri isə “Dilqəmi”.

Hər halda, bütün bunlar indi dəbdə olan mədhnamələrdən deyil, sadə bir vəsfnamədir. Bu sətirlər sevdiyim bir şa­irin yaradıcılığını, özünəməxsus cizgiləri­ni, mühüm dövlət vəzifəsi daşıdığı illərdə belə məmur olmağı bacarmadığını vəsf etmək cəhdidir. 

Mənim dövlət radiosuna işə qəbu­lum barədə əmrimi şirkət sədri Məmməd İsmayıl vermişdi. Elə “Son xəbərlər” şö­bəsinin müdiri vəzifəsinə təyin olunmaq əmrimi də o imzalamışdı. O vaxt hər gün şöbə müdirlərindən biri axşam saat 18-dən 22-dək sədrin qəbul otağında növ­bətçilik edirdi. Mən növbətçi olduğum günlərdə rəhmətlik aşıq Aydın Çobanoğlu, şair Kələntər Kələntərli, Musa Yaqub və daha bir neçə qələm adamı axşam saat 8-dən sonra sədrin qəbuluna gəlmişdilər. Deyirdilər ki, sədr bu növbətçilik qaydası­nı qadınların axşam işdə qalmaması üçün müəyyən edib. 

Qərəz, ilk növbətçiliyim başlananda sədr öz otağında yox idi. Saat 8-də gəldi. Salam verdi və soruşdu:

– Kimi gözləyirsiniz? 

– Heç kimi, növbətçiyəm. 

Otağının qapısını aça-aça soruşdu:

– Şöbə müdirisiniz? 

– Bəli. 

– Adınız necədir? 

– İttifaq Mirzəbəyli. 

Mənə yaxınlaşaraq, bir daha salam­laşdı, əl verib görüşdü:

– Bağışlayın. Tanımağım yaxşı oldu. Sizin verilişləriniz məni qane edir. 

Teleşirkət sədrinin tanımadığı adi işçi­dən (mən bilən, o zaman şirkətin 3 minə qə­dər əməkdaşı var idi) üzr isəməsi, qapıdan qayıdaraq onunla səmimi görüşməsi mənə qəribə gəlmişdi. Sonralar eşitdim ki, Məm­məd İsmayılda belə “qəribəliklər” çoxdur. 

Həmin “qəribəliklər”indən biri də köh­nə tanışlarını daim arayıb axtarması idi. “Xalq qəzeti”nin şöbə müdiri Telman Heydərovla da çoxdan tanışlığı var imiş. Sədrliyindən çox sonra (onda mən artıq “Xalq qəzeti”ndə çalışırdım) yol keçərkən, sadəcə, Telman müəllimlə söhbət eləmək üçün redaksiyamıza gəlmişdi. Olduqca səmimi söhbət edirdilər. Qısa müddətdə mən əmimə, dayıma xidmət edirmiş kimi çay hazırladım. 

– Mən sizi Tovuzdanmı tanıyıram, yox­sa Gənc Yazıçıların Ədəbi Birliyindən? – deyə soruşdu. Dedim, teleşirkətdə məni işə götürmüşdünüz. Bir daha üzr istədi. 

Başqa bir vaxt isə dənizkənarı parkda üz-üzə gəldik. “Onsuz da tanımayacaq” düşüncəsi ilə salam verib ötmək istədim. Gülümsünərək soruşdu: 

– Yenə “Xalq qəzeti”ndəsənmi?

Yaddaşına qüvvət, Məmməd əmi!

Bu sətirləri sənin ən çox sevdiyim bir şeirinin misraları ilə yekunlaşdırıram: 

Hərdən üz çevirib taleyə, baxta,

Çıxdığı səfərdən qorxub qaçan var.

Bir adam yol gedir bizdən qabaqda,

Yaxşı ki, dünyaya cığır açan var.

Yaxşı ki, varsan. Sənə cansağlığı arzulayırıq.

P.S. Məmməd İsmayılın ailəsindən re­daksiyamıza bildirdilər ki, şairin müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götü­rülüb. 

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

İttifaq MİRZƏBƏYLİ