USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bizi bizdən, özümüzdən edənlər UNUDULMAZLAR

Özü boyda yeriyən Odlar Yurdu Azərbaycan, Qazax, İncə Dərəsidi Ələddin İncəli. Lirikası, incə ruhlu poeziyası ilə ruhu - rəvanımız, təbi – təbanımızdı. Dili, üslubu, yazı manerası, ifadə tərzi ilə Vidadinin, Vaqifin, Səməd Vurğunun, Hüseyn Arifin qopub gəldiyi yaddaşa bağlıdı


https://img.baki-baku.az/news/2020/09/photo_1127.jpg?v=MjAyMC0wOS0yNiAxNDo1NjoyMg==

Nizami Cəfərov: Ələddin İncəlini İncə Dərəsi poeziyasının klassiki hesab edirəm

Biz bir Şərqli, türk, Azərbaycanlı olaraq yaddaşımızla yaşayırıq. Könül verib sevdiklərimizi, könlündə yer etdiklərimizi, qopub gəldiklərimizi unutmuruq. Unuda bilmirik. “Ana kimi yar, Ata kimi diyar olmaz” deyirik. Nənəli, babalı günlərimizi ömrə zinət bilirik. Sığalına yatdığımız, sevdasına qalxdığımız, laylasına dinclik tapdığımız, şirin xəyallar qurub yatdığımız, atının kişnərtisini, bir elə yaraşıq olan səsinə, nəfəsinə oyandığımız nənələri, dədələri, onların məkanını, məqamını yer üzündə heç nə əvəz eləmir.

Qazax mahalı bizim qədim-qayım diyarımız, Kəlam qalamız, Qələm ucalığımız, Saz, avaz müqəddəsliyimizdi. Dünyanın sərvəti tökülüb gələ “Küllü Qarabağın abı-həyatı, nərmü-nazik bayatıdır, bayatı” kədərindən boylanan Molla Vəli Vidadini, “Mən cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim” ağrısını çəkən Molla Pənah Vaqifi, “Bakının dərdi var, Bakı xəstədir. Könül intizarda, göz yol üstədir”, “El bilir ki, Sən mənimsən, Yurdum, yuvam məskənimsən, Anam doğma Vətənimsən, Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan?!” gileyindən tellərinə dən düşən, vaxtsız köçüb durna qatarına qoşulan, ruhların nəğməsini çağıran mələklərin dərgahında qanad çalan Səməd Vurğunu əvəz etməz.

Aşıqların, haqqa aşiqlərin, sufilərin oylağı Qazax mahalı bizim üçün qiblə olub. Borçalıda, Göyçədə ruhunu cisminə geyən hər kəs bu torpaqlara, buradakı adamlara pir kimi, övliya kimi baxıb. Qazaxlı səxavətindən, qazaxlı məhəbbətindən, mərhəmətindən olmaz deyib.

Dilboz Ağanın, İsrafil Ağanın, Şıxlinskilərin, Sarıvəllilərin, Qayıbovların, Mamayevlərin, daha kimlərin, kimlərin yurdu, yuvası, ocaq müqəddəsliyidi, Qazax mahalı. Yaddaş saxlancımız, oda, işığa, atəşə bağlı dünyamızdı. Hər daş-qayası tarixdi Qazaxın. Çar Rusiyasının fitnə-feli ilə erməni daşnaklarının sahibləndiyi onlarla Alban məbədlərini quran Alban dövlətinin baş şəhəri Xunan bu torpaqlarda – Şıxlı elindədi. Yaşı min illərlə ölçülən Qırmızı körpü, Xudafərinin, Arazın qan qardaşı da bu yörəmizdədir. Bir yanı Babakər dağları, bir yanı Ehram, bir yanı Keşikçi dağı, bir yanı Qarayazı meşələri, zinəti Ceyrançöl, Avey dağı, Göyəzən dağıdı, Damcılı bulaqdı Qazaxın. Qəlbi kimi süfrəsi açıq Kişilərin, üzü sulu, dili dualı nənələrin, anaların, gəlinlərin, Qaçaq Kərəm kimi igidlərin, ərənlərin, haqqa könül verənlərin, sufilərin, dərvişlərin diyarıdı Qazax. Port Arturun tarixini dəyişən Əliağa Şıxlinskiyə “Məzar daşıma ölüm tariximi yazmayın, Nigar xanımın dünyadan köçdüyü gündü o” vəsiyyətini etdirən, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsini könlünün sultanın eşqinə Qazaxa köçürtdürən Firudin bəy Köçərlini Badisəba ülviyyətdi Qazax. Nərimanı Nəriman Nərimanov edən, arxasında dağ kimi dayanan Gülsüm xanım bu müqəddəs torpaqdan cücərib. Səhnələri, dünyaları fəth edən başından kəlağıyısını, çalmasını yerə qoymayan, “Çinar”ı ilə milli rəqs sənətinə abidə ucaldan, sənətin, mədəniyyətin Çinar kölgəsinə dönən, Naxçıvan yallılarına elmi əsaslarla yeni nəfəs verən, Naxçıvan iddiası ilə bu gün də fitnəsindən əl çəkməyən erməni daşnaklarına 60-cı illərdə dərs verən, bu üzdən də Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsində “İstiqlal” ordeninə layiq görülən Əminə Dilbazinin, ədəbiyyatın ürək, kövrək nümayəndəsi, Dilboz Ağanın gözündəki giləsi başının yaylığı, ərzi-halı ilə belə yeriyən söz, kəlam və qələm müqəddəsliyi olan Mirvarid Dilbazinin, Seyid Nigarinin ustadı Hacı Omar Əfəndinin, ustadlar ustadı Mirqasım Əfəndiyevin, Qurban Musayevin, gözlərə nur, işıq Nazim Əfəndiyevin, akademik Teymur Bunyadovun diyarıdı Qazax mahalı. Milli-mənəvi dəyərlər tariximizin simgəsi, bəlgəsidi Qazax! Dilboz atlarının, adı, əməli, şöhrəti atların yel qanadlarında yer üzündən göylərə yol olan, “Bir papaq, bir at, bir arvad qeyrətidi kişinin” nidasına tapınan çar cəlladlarına Atını – soyunun, boyunun bəlgəsi olan Qeyrətini, Qürurunu, ləyaqətini deyil, gözlərini fəda edən Dilboz Ağanın diyarıdı Qazax. Çar Rusiyası Qafqazlarda Türkün Qurd ürəyi, qaya kimi sərt, boz üzü ilə Dəmirqapı Dərbənddə Şeyx Şamillə, Qazaxda Dilboz Ağa, İsrafil Ağa ilə üz-üzə gəlmişdi. Ədəbiyyatın Mövlanası, Qeyrət qalası, Cahandar Ağası İsmayıl Şıxlı. “Yeraltı çayların dənizə axan üzünə” etiraz edib kürsüdə can verən, canını Azərbaycana fəda edən Mehdi Hüseyn, Osman Sarıvəlli, Hüseyn Arif, Nəriman Həsənzadə, Eyvaz Qələmçəli, Ələddin İncəli, Barat Vüsal, Akif Səməd, Məmməd İlqar daha kimlər kimlər bir dünyadı – Azərbaycandı!

Qazaxlı süfrəsində bircə dəfə qonaq olmayan, Ədalətin sazının, Abdının avazının köynəyindən keçməyən, xəngəlin dadını damağında bulmayan, “əhdi-peyman, düz ilqarın eşqinə” saçından üç tel ayırıb “İncə gülü”nü çalmayan, ilk məhəbbətinin iyini, ətrini, həsrətini çəkməyən, Qazaxlı səmimiyyətinə, səxavətinə sahib olmayan, şairlər oylağında köhlən ata minməyən məni çətin anlasın. Qazaxlı olmaq, Qazaxdan olmaq üçünsə çox şey gərək deyil, Əzizlərim. Eyvaz Qələmçəlini, Ələddin İncəlini, Barat Vüsalı oxumaq gərəkdi. İncə-incə “İncə gülü”nə qoşulanda ruhun səni Qarayazı meşələrinə, Ceyrançölə, Avey dağına, Göyəzən dağına, Damcılı bulağa, Hacı Əfəndi ocağına uçuracaq, Odərlərin, Azərlərin baş köşəsində qarşına İsa Muğanna çıxacaq, könlündə “Urfanı” çalınacaq ruhun sufilərin, hürufilərin, işraqilərin, haqqa aşiqlərin bulağında durulacaq! Oda, atəşə, işığa, nura qarışacaq. Oğuz oğlunu Ərkənəqondan çıxaran Bozqurdun əbədiyyət nəğməsinə bürünəcək ruhunda TURAN, əlində QURAN Qaba Ağac sevdasına könül verəcək, Üç oxların, Bozoxların diyarında Oğuzun altun saçlı, sarı bənizli xatunundan xeyir-dua alacaq türklüyünlə öyünəcək, səmada, Göy Tanrının yaxasında qanad çalıb sevinəcək, əbədi-əzəli sevdanı – İlahi eşqinə qovuşacaq, Haqq mənəm, Haqq məndədi söyləyəcəksən! Qarşına “Füzulidən Vaqifə” yol gələn, dilin, gülün, bülbülün olan akademik Nizami Cəfərov, ləngəri, ləşkəri, söz səngəri ilə Türkün Ağ atlı oğlanı çıxacaq, Səni tərkinə alacaq, “dərdimiz olmayan” yerlərə aparacaq, ruhunda, könlündə ocaq çatılacaq. Bura Qazax mahalıdı. O başı Təbriz, bu başı Anadolu, o yanı Borçalı, bu yanı Göyçədi. Yana-yana, qana boyana-boyana gileyli bayatılar çağırır:

Yara sızlar,
Qəlbimdə yara sızlar,
Yaralının dərdini,
Nə bilər yarasızlar.

“Baba buyurdu: Qoru bu Yurdu!” nidasından boylanan, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin, Səməd Vurğunun, Hüseyn Arifin, Nəriman Həsənzadənin poeziyasının şəhdi-şəkərini, İsmayıl Şıxlının cəsarətini, Osman Sarıvəllinin hikmətini, Mehdi Hüseynin ləyaqətini, Akif Səmədin, Məmməd İlqarın mübhəm məhəbbətini, Eyvaz Qələmçəlinin, Barat Vüsalın təravətini ilmə-ilmə, naxış-naxış misralarına, yaddaş xalısına toxuyan, gecə-gündüz qımqımalar oxuyan Xoca Yunus İmrə, Aşıq Veysəl, Dadaloğlu, Miskin Abdal, Aşıq Alı, Dədə Ələsgər kimi ruhumuzun qida yerinə dönən Ələddin İncəlinin adını ilk dəfə düz 40 il əvvəl eşitmişəm. 40 il bir igidin ömrüdür. Azərbaycan Ədəbiyyatı Antalogiyası çıxmışdı. Unudulmaz, əvəzolunmaz, indi “ujurumda”, dünyanın o başında, Osmanlıda olan Məmməd İsmayılın şeirlərini oxumuşdum. Dostuna ünvanladığı “Bir ildir” adlı şeirində şair nakam məhəbbətindən yazırdı.

Ay şair Ələddin şair dostunun,
Açılmır qabağı, qaşı bir ildir.
Olub məhəbbətdən illər xəstəsi,
Ayılmır sevdalı başı bir ildir.

Yarın soyuqluğu yara dar olar,
Ürək istəməsə unutmaq olar.
Bilmirəm nə qədər yas tutmaq olar?
Qurumur gözümün yaşı bir ildir.

O atdı özünü varın qoynuna,
Bahar günlərindən qarın qoynuna.
Mən həsrət çəkirəm yarın qoynuna,
Orda ləzzət çəkir naşı bir ildir.

Yenə dost əlinə qalıbdı çara,
Loğman ol, dərdimə bir dərman ara.
Dönüb könül mülküm xarabazara,
Göyərmir torpağı, daşı bir ildir.

Ay Məmməd haqlayır səni subaylıq,
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpəsinin yaşı üç aylıq,
Mənim həsrətimin yaşı bir ildir.

Ülvi məhəbbəti yaşamayan, qara sevdalara qul olmayan, sevdiyinin ayağında çul olmayan, hicrandan gözünə qara sular enməyən, qəddi yar yolunda yay kimi gərilməyən anlamaz bu əsərdəki mənzərəni. Bizim dövrün adamları təmiz olub, saf olub. Körpə uşaq, südəmər quzu kimi. Eşqə inanıb, sevgiyə, ülvi məhəbbətə inanıb. İnana-inana bir ömür yol gəlib. Onu yarı yolda qoyanı, ürəyini oyum-oyum oyanı belə unutmayıb. Könlünün evi xarabazara dönüb. Dərdini qara saza deyib, sözə köçürüb. Dostun evi könüllərdi deyib, ürəyini açıb. Loğmanını dost qapısında bilib. Gündə bir arpa boyu böyüyüb özümü qandığım, ilk məhəbbətin oduna için-için, gorun-gorun yandığım vaxtlar idi. Məmməd İsmayılın kül altında qorunan, Loğman dostu Ələddinə ünvanlanan şeiri mənə ilk məhəbbət, ilk həsrət, ilk hicran kimi doğma gəlmişdi. Ürəyimə, özümlə qocalan həsrətimə su kimi çilənmişdi. Elə həmin andan Şair Ələddinin sorağına çıxmışdım. Dərd ortağı, dərdəcər şairi etibarın simgəsi, bəlgəsi kimi ürəyimə doğma, qəlbimə yaxın bilmişdim. Bir şairin, özü də “Gənclik” jurnalı kimi əfsanəni hələ Sovetlərin dönəmində yaradan fitri istedad, vətənpərvərlik, cəsarət nümunəsi olan Məmməd İsmayılın dərdinin ortağı, dərddaşı, sirdaşı mənə doğma gəlmişdi. Yalan nə deyim, Məmməd İsmayıla həsəd aparmışdım. Hamıya, hər kəsə dərd danışmaq, sirr vermək olmur axı. Bir də görürsən “Duymazların dad əlindən, qalam uçdu təməlindən” deyib eldə-obada gözü kölgəli qalırsan.

Ələddin İncəli şair idi. Xaqanidən, Nizamidən, Nəsimidən, Cahanşah Həqiqidən, Həbibidən, Xətaidən, Yunus İmrədən, Mövlandan, Təbrizli Şəmsdən, Molla Vəli Vidadidən, Molla Pənah Vaqifdən, Səməd Vurğundan payı var idi. Gecələr şama pərvanə olmuşdu. İlahi eşq sərkəştəsi kimi badəsi Mövlamın şərbət camından dolmuşdu. Şair doğulmuşdu.

Həm təmizlik, həm təravət,
Həm zövqü-səfa şeirdi!
Həm eşq-məhəbbət, əhd-ilqar,
Həm əhdə vəfa şeirdi!..

- deyən, şairin Tanrıdan tək bircə istəyi olmuşdu:

Ya Rəbbim, Sən mənə ilham bəxş elə,
Etiqad, ehtiram, inam bəxş elə!
Demirəm bahalı ənam bəxş elə,
İlhamdı ən böyük ənam şairə!

Pirlərin, övliyaların, aşıqların, haqqa aşiqlərin – şairlərin diyarıdı Qazax mahalı. Dünyanın möcüzəsi çoxdu. Misir ehramları, Semiramidanın asma bağları, Olimpdə Zevsin heykəli, Artemid məbədi, Rodas heykəli, İsgəndəriyyə mayakı, Halikarnas mavzoleyi...

Biri də var mənəvi dəyərlərin möcüzəsi. Azərbaycanın Təbriz, Anadolu, İrəvan, Şamaxı, Abşeron, Gəncə, Lənkəran, Şuşa kimi mənəviyyat, elmi-irfan paytaxtları var. Qazax mahalının yeri bu sırada başqadı, bambaşqadı. Sazımızın, avazımızın, ağız ədəbiyyatımızın, təmiz, tərtəmiz türkcəmizin baş şəhəridi Qazax. Bu mənəviyyat və mədəniyyət paytaxtında ağız ədəbiyyatından yazılı ədəbiyyata, Oğuznamələrdən, Dədə Qorqud dünyasından, Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif dühasına yol gələn bir millətin, ulu, azman türkün dilinin, batini gözəlliyinin, mənəvi əzəmətinin sütunları olan sənətkarlar doğulub. Bütün zamanlarda ilahinin Kəlam və Qələm adına əzəmətini, Qurani-Kərimin “Şüara” və “Qələm” müqəddəsliyini – surələrini ruhunun qida yeri bilən, yeriyən Kəlam, görünən Qələm olan haqq aşiqlərinin, haqqa aşiqlərin diyarı olan Şərqin, Türk dünyasının, Odlar Yurdu Azərbaycanın fikir və düşüncə sarayını kəlmə-kəlmə hörən, ilmə-ilmə, naxış-naxış toxuyan, gecələr şama pərvanə olan, əlini deyil qəlbini Tanrıya açan dühaları, sütunları olub. Xaqani Şirvaninin, Şeyx Nizami Gəncəvinin, Seyid İmadəddin Nəsiminin, Mövlana Məhəmməd Füzulinin dörd müqəddəs sütun üzərində hördüyü mənəviyyat sarayımızın tavanı Şah İsmayıl Xətainin gülzaları, bu sənət, mədəniyyət gülşəninin darvazasının, qapısının açarı isə İsa Hüseynovun – Muğannanın Odərlərə, Azərlərə, İşraqlara, aşıqlara, haqqa aşiqlərə bağlı əsərləri olub.

Oğuz oğlunun “Oğuznamələr”də, “Kitabi-Dədə Qorqud”da təməlini atdığı, Ulu Şirvanda Xaqaninin, Nəsiminin, Gəncədə Nizaminin, Kərbəlada Füzulinin sütunlarını hördüyü mənəviyyat sarayımızın tavanı Təbrizdə bir əlində Qılınc, bir əlində Qələm, sinəsində saz Şah İsmayıl Xətai bağladı. Minarəsi Qazaxda, oda, atəşə, aşiqlərin diyarında, İsa Muğannanın məskənində quruldu. Türkün bu mənəviyyat paytaxtının, baş şəhərinin açarları çox oldu. Seyid Əzim Şirvani, Cahanşah Həqiqi, Həbibi, Vidadi, Vaqif, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Səməd Vurğun, Şəhriyar, Bəxtiyar, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Ramiz Rövşən, Akif Səməd, Məmməd İlqar, Eyvaz Qələmçəli, Barat Vüsal, Ələddin İncəli, daha kimlər, kimlər...

Tanrı sevgisidi İlahi şeir,
Ustad görüşüdü İlahi şeir,
Türkün türküsüdü İlahi şeir,
Hər şeirim, hər misram, hər beytim sehir!
Salam, Azərbaycan, sabahın xeyir!

“Türkün türküsüdü İlahi şeir” təkcə bu misraya görə şair adını haqq edir Ələddin İncəli. Təbrizə hüriyyət istəyən, bölünmüş, parçalanmış Vətənin – Azərbaycanın haqq səsinə dönən Şeyx Məhəmməd Xiyabani Səttərxandan sonra “Özünü dərk edən ölümsüz millətə ölüm yoxdur” deyir, Qılınca və Qələmə söykənib tarix yaradırdı. Poeziyası, publisistikası ilə Birliyin, Bütövlüyün rəmzinə dönür, türkün türküsünü çağırırdı. Ələddin İncəlinin söylədiyi türkünü.

Deyirlər: namaza düzülən zaman
Peyğəmbərdən sonra şairlər durur!..
Əllərim hər şeydən üzülən zaman
Bir qürur duyuram bu sözdən – qürur!..

deyən, Ələddin İncəli:

Qoy bilsin hər xam,
Tanrıdı arxam.
Çətin ki, qorxam,
Çətin ki, ürkəm
Çünki mən Türkəm!

Məndədi ey yar,
İlqar, etibar,
Əyilməz vüqar,
Şahanə görkəm
Çünki mən Türkəm!

Var haqqı-sayım,
Tanrıdan payım.
Seyrəlməz sayım,
Sıxlaşır cərgəm,
Çünki mən Türkəm!

- misraları ilə ölümsüz türkə abidə ucaldanların, sözdən sarayı hörənlərin, Tanrı nuru görənlərin sırasında dayanır.

Koroğlu qılıncı qeyrətimizdi,
Nizami dühası heyrətimizdi,
Öz ana dilimiz sərvətimizdi,
Vətəndi bu dilin ilkin şüarı,
Yaşa, Azərbaycan Odlar diyarı!

Ərənlər andından dönməz – bilirik,
Ucalan Bayrağın enməz – bilirik,
Ocağın, çırağın sönməz – bilirik,
Azad ürəklərin solmaz baharı
Yaşa, Azərbaycan Odlar diyarı!

Vətən olmaq, Vətən daşı olmaq, Vətənin səsinə, ününə dönmək, bütün ruhun, duyğularınla onu sevmək, qara sevdalara qul olmaq, Birliyə, Bütövlüyə, əbədi istiqlala inanmaq qeyrətin, ləyaqətin bəlgəsidi. Ələddin İncəlinin Vətən, birlik, bütövlük sevgisi Millətin, Məmləkətin səsidi. Millətin səsi, nəfəsi olmaq özü də bir ilahi qismət, alın yazısıdı.

Uluların nəzərində,
Dağım-bağım bölünməzdi.
Araz deyir nəğməsində:
Solum-sağım bölünməzdi.

Tarixlərə mən baş vurdum,
Min səyyahla məclis qurdum.
Dedilər ki, Odlar Yurdum,
Od-ocağım bölünməzdi.

Dedilər ki Naxçıvanım,
Zaqatalam, Lənkəranım,
Ceyrançölüm, Mil – Muğanım,
Qarabağım bölünməzdi.

Zirvələri gah çənlidi,
Gah nərgizli, süsənlidi.
Demə dağlı – düzənlidi,
Qarabağım bölünməzdi.

Ərənlər ki, üstə əsdi,
O yurd yeri müqəddəsdi.
Bölündüyün daha bəsdi,
Yurd-torpağım bölünməzdi.

Özü boyda yeriyən Odlar Yurdu Azərbaycan, Qazax, İncə Dərəsidi Ələddin İncəli. Lirikası, incə ruhlu poeziyası ilə ruhu - rəvanımız, təbi – təbanımızdı. Dili, üslubu, yazı manerası, ifadə tərzi ilə Vidadinin, Vaqifin, Səməd Vurğunun, Hüseyn Arifin qopub gəldiyi yaddaşa bağlıdı. Elin-obanın, mənsub olduğu millətin, səsi, nəfəsi, türküsü, nəğməsi, nəğməkarı olmaq hər şairə nəsib olmaz. Tanrı bu sevimli insanı, ustad sənətkarı təkcə Kəlam və Qələm müqəddəsliyi ilə müjdələməyib, ona həm də, istedadla zəhmətin, məhəbbətlə mərhəmətin, sədaqətlə səmimiyyətin harmoniyasında bir dünya verib. Qazax mahalının əzəmətinə, şəhdi şirəsinə, İncə dərəsinin incə ruhlu insanlarının dühasına, genetik kodlardan gələn ülviyyətinə bağlı dünya!

Dağlı-dərəlidi yol-yamacları,
Oxuyur kəkliyi, boz turacları.
Göylərə dirəkdi qoz ağacları,
Mən sizə nəyini deyim İncəlinin?!

Kəmərli, Qaymaqlı, Aslanbəylidi –
Üçü də güneyli, həm quzeylidi.
Üç kəndin üçü də sazlı-neylidi,
Mən sizə nəyini deyim İncəlinin?!

Avdı, Cəlal, Kərəm deyib getdilər,
Dərəni, ərəni öyüb getdilər.
Aslan, Sadiq, Akif... heyif getdilər,
Mən sizə nəyini deyim İncəlinin?!

Düşmənlə göz-gözə dayanıb İncə,
Gah əkir, gah qoyur torpağını dincə,
Dolanır camaat üz ürəyincə,
Mən sizə nəyini deyim İncəlinin?!

Hər şeir bir qəlb çırpıntısı, könül yanğısı, həm də tarixdi. Yaşanan hisslərin, yaşanacaq duyğuların, ötənlərin, keçənlərin, gedənlərin, gedib geriyə gələnlərin tarixi.

Vətənin, İncə dərəsinin daşı, kəsəyi, otu, çiçəyi, göylərə dirək qoz ağacları, vətənə, səngərə sipər olan insanları, Aslanı, Ağamalı Sadıq Əfəndisi, Akif Səmədi, Avdısı, Kərəmi, Cəlalı, Ələddini, Oqtay Xəliloğlu ilə gözəldi, özəldi İncə Dərəsi. Dünyanın üç müqəddəs bucağı – Kəmərli, Qaymaqlı, Aslanbəyli ilə ruhumuzun, könlümüzün, yurdumuzun bütöv yeridi. Bir dərədən – İncə Dərəsindən Tanrıya açılan könüllər, əllər bu əl boyda irmaqlı, oymaqlı yörəmizi TURAN-ın nur, işıq bəlgəsinə, Odlar Yurdu Azərbaycanın Kəlam və Qələm müqəddəsliyinə, pirlərin, övliyaların qibləsinə çevirib. Akademik Nizami Cəfərovun İncə Dərəsinin klassiki adlandırdığı şairin özü, izi, sözü, yurd-yuva müqəddəsliyi ilə bağlı qeydləri qəlbimizin səsinə çevrilir: “Ələddin İncəli bizim çox qədim tarixi, özünəməxsus mədəniyyəti olan İncə Dərəsindəndir. İncə Dərəsi Azərbaycana həqiqi mənada böyük şairlər verib və bu gün də orta və gənc nəslə aid bir çox şairlər məhz İncə Dərəsindən çıxmış şairlərdir ki, onların yaradıcılığında həm çox saf, təmiz bir xalq ruhu, həm müəyyən dini mistik görüşlər, həm də İncə Dərəsinin özünəməxsus düşüncə tərzi var. Bunlar hamısı eynilə Ələddin İncəlinin yaradıcılığına aiddir...

Ələddin İncəlini oxumaqla Qazax mahalının mənəvi simasını görmək, təsəvvür etmək mümkündür. Şair bütün bunları genişliyi və əhatəliliyi ilə əks etdirir.

Ələddin İncəli lirik şairdir. O, böyük həcmli poemalar, dramatik əsərlər müəllifi deyil, daha çox lirik əsərlər müəllifidir və onun şerləri lirik vüsəti, ifadə tərzindəki xalq musiqisinin əks olunması baxımından seçiləndir. Onun yaradıcılığında sözün, şeirin musiqisi çox qabarıq şəkildə görünür. Ələddin İncəli ədəbiyyata, poeziyaya təsadüfən gəlməyibdir və o, böyük mənəvi, poetik irsin varisi kimi çıxış edir. Xüsusilə də onun Səməd Vurğun üslubuna səadəti, Səməd Vurğun mövzularına da müraciət etməsi onun geniş nəfəsli bir şair kimi ortaya çıxdığını göstərir. Ümumiyyətlə bizim İncə Dərəsindən çıxan şairlərimizin içərisində Ələddin İncəlidə nəfəs genişliyi daha çoxdur. Mən Ələddin İncəlini İncə Dərəsinin klassiki hesab edirəm”.

Bütün ruhu, duyğuları, düşüncələri, sevgiləri ilə Odlar Yurdu Azərbaycan, TURAN olan Ələddin İncəli İncə Dərəsində doğuldu. 1930-cu ilin yazında süsəni sünbülə, gülü bülbülə qarışan İncə Dərəsində ruhunu cisminə geyib yer üzünə gəldi. Misralarının qanadında gündə yüz yol dərgaha yol getdi. Yazı yazmadı. Ruhunu, duyğusunu, sevgisini, məhəbbətini sözə köçürdü. Kəmərlinin, Qaymaqlının, Aslanbəylinin işığına, yaraşığına döndü. Kəməndə, bəndə dönən misraları İncə Dərəsinin belinə kəmər kimi dolandı. Yurdun, yuvanın, elin, obanın oduna, atəşinə qalandı. Söz-söz, misra-misra oxundu, yaddaşlara toxundu. Ruhunda TURAN, əlində QURAN türkün vuran qəlbinə, döyünən ürəyinə döndü. Cismi getdi ruhu, nəsiyyəti, vəsiyyəti qaldı:

Məğrur başın zərli tacı,
Fəzilətdi, əzizlərim!
Fəzilətlə qardaş-bacı
Mərifətdi, əzizlərim!

Kişi gərək mərd ola – mərd –
Nə çox yumşaq, nə də çox sərt!..
İnsanlıqda ən əsas şərt:
Ləyaqətdi, əzizlərim!

Qəhrəmanlıq – cəsarətdi,
Mərdanəlik – səxavətdi!
Səmimiyyət – xoş adətdi,
Məharətdi, əzizlərim!

Ağır elli, durna telli, incə belli İncə Dərəsində mələklərin qanadında yer üzünə endi Ələddin İncəli. Köyünə, öyünə sahib çıxdı. Çörəyi də, ürəyində Qazax mahalı oldu. Ada, şöhrətə, hörmətə də Vidadinin, Vaqifin, Vurğunun diyarında çatdı. Möhnəti də, zinəti də Vətən oldu. Ruhunu, duyğusunu Sözə, Saza köçürdü. Dillərə dastan oldu. Ürəklərdə yeri, sədası, sevdası, duası qaldı. Tanrının TURAN və QURAN müqəddəsliyindən payı oldu. “Orxan Yeniseydən”, “Oğuznamələr”dən, “Kitabi-Dədə Qorqud”dan, “Manas”dan, “Alpamış”dan, “Maaday Qara”dan yol gələn, Miskin Abdalın, Xəstə Qasımın, Aşıq Qəribin, Qurbaninin, Aşıq Alının, Ağ Aşığın, Dədə Ələsgərin, Hüseyn Saraclının, Xındı Məmmədin, Xan Əmrahın, Aşıq Kamandarın, Hüseyn Bozalqanlının, Dədə Ədalətli sazında, avazında, xalında, gülündə qaldı. Duyğularımızda, dünyamızda yaddaşımızın memarlarından, mənəviyyat saraylarımızın ustadlarından, xeyir-dua yerimizdən, karvanbaşımızdan, sarvanımızdan oldu Ələddin İncəli!

Sən Türkün sazına dəymə, ay Allah!
Çünki türk dərdini sazla unudar!
Sən türkün yazına dəymə, ay Allah,
Türk qışın qəhrini yazla unudar!

Sən Türkün zatına dəymə, ay Allah,
Türkün türk qeyrəti zata bağlıdır!
Sən türkün atına dəymə, ay Allah,
Türkün ər zəfəri ata bağlıdır!

Türkün süngüsünən dəymə, ay Allah,
Çünki bu süngüylə qoruyub yurdu!
Türkün sevgisinə dəymə, ay Allah,
Çünki türk sevgisiylə yaratdı, qurdu!

Siz bu misraların müqəddəsliyindəki nura, haləyə, xoş auraya, millətə, məmləkətə sevgiyə baxın. Bu gün cismən bizimlə deyil, Ələddin İncəli! Amma ruhumuz, duyğumuz, qara sazımız, sevdamız, TURAN və QURAN ucalığımız kimi diridi, dipdiridi! Yaddaşımız, yurd-yuva, od-ocaq, işıq, atəş sevgimiz kimi. Millət, məmləkət də İnsan kimidi – Yaddaşı ilə yaşayır! Yaddaşımıza, Ələddin İncəli adlı Yaddaş yerimizə, ucalardan uca ərənlərimizə, bizi bizdən edənlərimizə Salam olsun! Tanrı Türkü qorusun! 

Şərəf Cəlilli




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Şərəf Cəlilli