USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ustad ruhunun “Bakı” mirası və milli sərvətimizin Cənub lövhələri - XATİRƏ


https://img.baki-baku.az/news/2020/09/photo_1008.jpg?v=MjAyMC0wOS0yMyAxNToyMjowNQ==

Avqustun 26-da koronavirusun xeyli müddətdən bəri ayrı saldığı Azərbaycan Mətbuat Şurasındakı həmkarlarıma baş çəkməyi qərara aldım. Əməkdaşlardan əlavə ağzı niqablı 7-8 tanış sima ilə rastlaşdım. Dedilər unudulmaz gündə gəlmisən. Bir azdan "Bakı" və "Baku" qəzetlərinin elektron versiyasının fəaliyyətə başlaması münasibəti ilə onlayn formatda təqdimat mərasimi düzənlənəcək. Bakı Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Mətbuat Şurasının dəstəyi sayəsində kütləvi informasiya vasitəsi bu gündən müntəzəm yayımlanmaqla uzun illər yolunu gözləyənlərin intizarına son qoyacaq.

Vaxtı ilə həmin orqanların əməkdaşları olmuş, yaxud Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Nəsir müəllimin mühazirələrini dinləmiş həmsöhbətlərimin əhval-ruhiyyəsini, nikbinliyini sezmək çətin deyildi. Bu, milli mətbuatımızın inkişafında, parlaq qələm sahiblərinin yetişməsində misilsiz xidmətləri olmuş, media salnaməmizi "Bakı" və "Baku" adlı ensiklopedik nümunələrlə zənginləşdirmiş Nəsir İmanquliyevin əziz xatirəsinə diqqəti çəkən hörmət nümunələri siyahısına düşməyə layiq xeyirxahlıq sayıla bilərdi.

Müşahidələrə əsasən qənaətə gəldim ki, tədbirə kənardan qoşulacaq şəxslər də nəzərə alınmaqla söz demək haqqı olanların sayı çoxdur. "Gec gələn qonaq..." məsəlini yada salaraq çıxışları dinləməyə üstünlük verdim. Hamısı səmimiyyətə, şirin xatirələrə köklənmişdi. Açığını deyim, "Şərq" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tədqiqatçı-alim Akif Aşırlının ürək sözlərində vurğuladığı "Cənubi Azərbaycandan gəlmiş Nəsir İmanquliyev" fikri zənnimcə tək mənə deyil, iştirakçıların əksəriyyəti üçün surpriz informasiya oldu.

Niyəsini deyim. Belə məlumata rəsmən haradasa rast gəlməmişəm. Bioqrafiyasında, kitablarda, mətbu yazılarda Nəsir İmanquliyevin 1911-ci ildə Bakıda anadan olduğu göstərilib. Lakin 52 il əvvəlin müşahidələri həmkarımın sözlərinin həqiqətə söykəndiyi inamını yaradırdı. Onda biz 3 nəfər fədai balası Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin I kursunda təhsil alırdıq. Ali məktəbə müsabiqədənkənar qəbul olunsaq da, tələbəliyimizi təsdiqləyəcək hər hansı sənədə malik deyildik. Özümüzü 612-ci qrupda az qala yetim hiss edirdik. Ara-sıra dekanın kabinetinə daxil olur, tələbə biletini, qiymət kitabçasını, təqaüdü nə vaxt alacağımızla maraqlanırdıq. Dekan isə bizi "21 Azər" Hərəkatında ata-babalarınızın iştirak etdiyinin sizə nə dəxli" sözləri ilə başından edirdi.

Məsələ yalnız 1969-cu ilin oktyabrında həllini tapdı. Demə, bu problemlə üzləşən təkcə biz deyildik. 1968-ci ildə respublikanın bütün ali məktəblərinə müsabiqədənkənar daxil olmuş mühacir övladlarının tələbəliklərinin rəsmən təsdiqlənəcəyi sual altındaydı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə problem həllini tapdı. Moskva tərəfindən kəsilmiş kvota onun müdaxiləsindən sonra yenidən bərpa edildi. Rektorluğa dəvət olunduq. Tələbə biletini, qiymət kitabçasını və bir illik təqaüdü verdilər. Sanki birinci kursa qəbul olunurmuşuq kimi təbrik etdilər. Ömrümüz boyu unutmayacağımız epizoddur...

Bunadək yalnız iki nəfər istisna olmaqla müəllimlərimizin çoxu dərdimizi dinləməkdən, heç olmasa təskinlik verməkdən yayınırdı. Yeri gələndə sözümüzü ədəbiyyat nəzəriyyəsindən bizə dərs deyən tənqidçi, professor Mircəlal Paşayevə və "Bakı" və "Baku" qəzetlərinin redaktoru, mətbu tariximizin tədqiqatçısı Nəsir İmanquliyevə deyirdik.

Mir Cəlalın bizi dəstəkləməsi, salamlaşarkən adətən qucaqlayıb "sizdən Ərdəbilin havasını alıram" söyləməsi başadüşülən idi. Uşaq ikən Gəncəyə valideynləri ilə birgə gəlsə də, ata yurdu hafizəsinə əbədi həkk olunmuşdu. Hiss və duyğularını Cənub povestlərində, hekayələrində qələmə alırdı.

Nəsir İmanquliyev isə təbiətcə çox sakit, təmkinli görünürdü. Əlini çiynimizə vurub "o taydan təzə nə xəbər var?" deyə soruşan Nəsir müəllim isə susqunluğumuzu görüb bəzən astaca proseslərdən, görkəmli şəxsiyyətlərdən elə müfəssəl danışırdı ki, məlumatsızlığımıza görə xəcalət çəkirdik.

Beş ildə Nəsir müəllimin cəmi iki-üç çılğın hərəkətini gördük, hamısında da haqlı idi. Məsələmizə laqeyd yanaşan dekanı möhkəm danlaması, ona əslində milli tariximizin Cənub səhifələrindən ibrət dərsi keçməsi isə xüsusilə unudulmazdır. Nəticədə fakültə başçısının dilindən heç olmasa "kömək edərəm" vədini qopara bildik (hərçənd sözünə heç vaxt əməl etmədi).

Nəsir müəllimin də alim, publisist, jurnalist kimi qələm əlindən düşmürdü. "Bakı" Yaxın Şərqdə, İranda, Cənubi Azərbaycanda gedən tarixi və müasir prosesləri səciyyələndirirdi. Bunlar qəzetə populyarlıq gətirmiş, oxucu təlabatı yaratmış aparıcı mövzulardan sayılırdı. Nəşrin Azərbaycan poeziyasının zirvələri Şəhriyarın, Balaş Azəroğlunun, Söhrab Tahirin, Əli Tudənin, tənqidçi alimlər Qulamhüseyn Beqdelinin, Sabir Əmirovun... bədii-publisistik əsərlərinin dərc edildiyi sayları əl-əl gəzirdi. Orada Cənub mövzusuna ehtiyatla yanaşıldığı senzuralı dövrlərdə qəzet Məşrutə, Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Cəngəlilər, “21 Azər” hərakatlarına, 1945-1946-cı illərin Milli Hökumətinə, bütün önəmli proseslərə səxavətlə yer ayrılırdı. Yeri gəlmişkən, Nəsir müəllimin tədqiqat əsərlərinin birindən oxumuşdum ki, Səttərxan səngərlərində 200 nəfər gürcü azərbaycanlıların haqq işi uğrunda mübarizəsinə çiyin-çiyinə dəstək verir.

Bütün bunlara vardıqca dərk etdim ki, Ulu Öndərimiz Heydər Əliyevlə bu iki böyük şəxsiyyəti yaxınlaşdıran başlıca amillərdən biri, bəlkə də ən əsası o taylı-bu taylı Azərbaycan sevgisidir. Nəsir müəllimin yeganə övladı – Aida xanım İmanquliyeva dövrümüzün böyük şərqşünas alimi kimi yetişdi. Görünür, sevgi irsən də keçirmiş.

A.Aşırlının çıxışının əvvəlində vurğuladığı coğrafi məkana gəldikdə isə, bu amil ötən əsrin 30-cu illərində deportasiyalardan, repressiyalardan qaçma zərurətinin Bakıda yüzlərlə tanınmış cənublunun necə əzab hissi ilə tərcümeyi-halına əl gəzdirdiyini göz önündə canlandırır. Mən bunu ağıllı, dərrakəli insanların gedişi kimi dəyərləndirərdim. Məgər Vətənin o tay-bu tay bölgüsümü var?! Böyük istedadlar hər xalqın bütövlükdə intellektual sərvətidir, hər vəchlə qorunmalı, dəyərləndirilməlidir.

Buna görə də Nəsir müəllimin ruhuna hörmət əlaməti olaraq "Bakı-baku.az"a Cənubumuzla bağlı xüsusi guşə açmasını tövsiyə edərdik. Paytaxtımızın, onun ətraf qəsəbə və kəndlərinin seyrinə çıxaracaq sayt Təbrizimizlə, Ərdəbilimizlə, hətta Tehranla, Şirazla... tanışlığımıza bələdçilikdə xeyirxah işə imza ata bilər. Əlli milyonu bir-birinə bağlayan milli tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, digər qaynaqlarımızın yarıqaranlıq səhifələrinə aydınlıq gətirilməsindən bütövlükdə xalq, oxucu faydalanardı. Məgər mediamızın bundan böyük missiyası ola bilərmi?!

2020 Cənubumuzda yubileylər ilidir. Deyəcəklərim elə bura da aiddir. Milli mediamızda isə sadalayacağım önəmli hadisələrə münasibətdə sanki süstlük, müşahidəçilik hökm sürür. Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi, "Azərbaycan" qəzetinin təbliğatçılığı, təşviqatçılığı ilə, həmçinin "21 Azər" Hərakatının hərəkətverici qüvvəsi ilə xalqı Şərqdə ən demokratik hakimiyyətə qovuşduran Milli Hökumətin bu il dekabrın 12-də 75 yaşı tamam olur. Əslində Demokrat Firqəsinin də, "Azərbaycan" qəzetinin də “21 Azər” Hərəkatının da 75 illik yubileyləri ayrılıqda qeyd edilməlidir. Bunlar Yaxın Şərqdə alternativi olmayan hadisələrdir. Hər bir görkəmli inqilabçı, içtimai siyasi xadim, yazıçı, jurnalist, publisist Seyid Cəfər Pişəvərinin şah əsəridir. Bu tarixi proseslərin  şərhini, təhlilini “Baki-Baku.az”dan gözləmək oxucuların haqqıdır.

Hazırda bütün soydaşlarımızı düşündürən bir nömrəli vəzifə Azərbaycanın işğal altında qalan torpaqlarının düşmən tapdağından azad edilməsidir. 76 il əvvəl doğmalarına pənah gətirən ata-babalarımız Azərbaycan Respublikasının hərtərəfli inkişafına misilsiz töfhələrini veriblər. Onların övladları azadlıq, müstəqillik uğrunda mücadilənin ön sıralarında olublar, erməni işğalçılarına qarşı döyüşlərdə canlarını fəda etməkdən çəkinməyiblər. Hazırda ölkəmizin demək olar, bütün şəhər və kəndlərindəki şəhidlər xiyabanlarında bu igidlərin də məzarları ziyarət olunur, önünə tər çiçək dəstələri düzülür. Bu, bizlərin bütövlükdə Vətənə, doğmalartək illərboyu qayğımızı çəkənlərə adekvat cavabımızdır. İndi isə övladlarımız hərbi toplantılarda Ali Baş Komandanın əmrini gözləyir. "Bakı-baku.az" bunlardan da söhbət açmaqla dünya miqyasında Azərbaycançılıq ruhunun təbliğində öz müstəsna xidmətini göstərə bilər.

Qəzetə - sayta təşkilatımızın və təəssübkeşlərimizin təbriklərini, xoş duyğularını, yaradıcılıq uğuru diləyən arzularını yetirirəm.

Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri,
Əməkdar jurnalist




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Rəhim Hüseynzadə