Bakıda Azərbaycan xalq şeirinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin heykəli ucaldılıb.
Bu gün – sentyabrın 30-da abidə Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda yerləşən heykəlin açılış mərasimi olub. Mərasimdə dövlət başçısı İlham Əliyev də iştirak edib.
Heykəlin memarı Malik Babayevdir. Abidə heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz əsasında ucaldılıb.
Aşıq Ələsgərin heykəlinin şəkli yayılandan sonra sosial şəbəkələrdə hər kəs bu suala cavab axtarır: Dədə Ələsgər solaxay olub?
Qeyd edək ki, Bakıda açılışı olan heykəldə Aşıq Ələsgər mizrabı sol əlində tutub. Elə sual da buradan yaranıb.
“BakıBaku” Modern.az-a istinadən xəbər verir ki, Aşıq Ələsgər 1821-ci il 22 martda Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O bir sıra görkəmli aşıqlardan dərs alıb. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb.
Aşıq Ələsgəri görənlərin xatirələrində bildirilib ki, o, solaxay olub, sazı sol əllə çalırmış.
Əslən Qərbi Azərbaycandan olan keçmiş təhsil naziri Misir Mərdanov bununla bağlı bildirib:
“Yaxşı xatırlayıram, rəhmətlik Həvva nənəm danışırdı ki, Aşıq Ələsgər ucaboy, enlikürək bir adam idi, sazı solaxay çalırdı”.
Qeyd edək ki, Aşıq Ələsgər şəkillədə də solaxay təsvir olunub.
A.Qorxmaz