8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.
Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. Azərbaycanda isə bu bayram 1917-ci ildən mütəmadi qeyd edilib.
1920-ci ilin may ayının 20-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü ildə milyonçu Murtuza Muxtarovun evində, indiki Səadət Sarayının binasında Bakı və onun rayonlarının qadınları üçün Əli Bayramov adına Qadın Klubu açıldı. Kluba Ceyran Bayramova rəhbərlik edirdi.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə 1921-ci ilin may ayının 30-da xalq maarifi komissarı Dadaş Bünyadzadə müvafiq sərəncam verdi: “Yoldaş Əli Bayramov adına Müsəlman Qadın Klubu yeganə nümunəvi müəssisə kimi Xalq Maarifi Komissarlığının tabeliyindədir. Heç bir digər idarələr klubun işinə qarışa bilməzlər, nə inzibati, nə maliyyə, nə də təşkilati baxımdan. Klubun İdarə Heyətinə təklif edilir ki, onlara aid bütün məsələlər üzrə bilavasitə Xalq Maarif Komissarlığına müraciət etsinlər”.
1920-ci ildə Əli Bayramov adına Qadın Klubunda 7 qadının öz çadrasını çıxararaq Azərbaycanda çadranın atılması kampaniyası başladıblar.
Ceyran Bayramova və onun köməkçiləri Mina xanım, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova başda olmaqla, klubun Rəyasət Heyətinin bir neçə fəalı qadınları kluba cəlb etmək üçün onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb edilməsi qərarına gəldilər. Bir neçə qadın ərləri və atalarından gizli evdən öz tikiş maşınlarını gətirərək bu tikiş emalatxanası təşkil etdi. Əvvəllər orada 7 işçi çalışırdı. Sonralar bu emalatxana Əli Bayramov adına Tikiş Fabrikinə çevrilmişdi.
1924-cü ildə kommunist lider Klara Setkin Əli Bayramov adına Qadın Klubunu ziyarət etmişdir. O, klubu “inqilabi qüvvələrin toplanış məntəqəsi” adlandırmışdı.
1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Bu gün Azərbaycan qadını azad hüquqlu, öz haqlarını qoruyan və haqları qorunandır.