2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən təsis olunan Gənclər Günü ölkəmizdə geniş qeyd olunur. Gənclərimiz Ümummilli Liderin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 28 illiyini qalib ölkənin məğrur vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər.
Baki-baku.az Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin bəzi əsas məqamlarına, bu istiqamətdə atılan addımlara, qazanılan uğurlara nəzər salır.
Qeyd edək ki, Ulu Öndər tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.

Ümummilli Liderin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb
Respublikamızda dövlətin gənclər siyasətinin əsasları Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə formalaşıb. Məhz həmin dövrdə Gənclər və İdman Nazirliyi yaradılıb, Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib.
Dahi şəxsiyyət Heydər Əliyev aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda yetişməsinə zəmin yaratdı.
Ümummilli Liderin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.
Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.

Vətən müharibəsində əsas missiyanı gənclər yerinə yetirdi
Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir.
2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.
Həmçinin ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Azərbaycan gəncliyi ona göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və dövlətimizin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə töhfəsini verməyə çalışır. Qalib xalqın gəncləri bu gün cəmiyyətimizin ən fəal hissəsi kimi ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
Bundan əlavə Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli böyük tədbirlərin yüksək səviyyədə baş tutmasında gənclərin rolunu qeyd etməmək olmaz. Ötən ilin sonlarında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) könüllü kimi fəaliyyət göstərənlər bu dünya miqyaslı tədbirdə Azərbaycan gəncliyinin gücünü və dövlət siyasətinə dəstəyini göstərdi.
Qeyd edək ki, yanvarın 31-də Prezident İlham Əliyev “2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 11 nəfərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.
