USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ekvadorun basqısı“diplomatik burulğan” yaradıb


  • Dünya
  •  10:05 09.04.2024
  •  64
https://img.baki-baku.az/news/2024/04/photo_11924.jpg

Meksikanın Ekvadordakı səfirliyinə basqın edilməsi dünya miqyasında qalmaqala səbəb olub. Artıq bir çox ölkə rəsmi Kitonun bu addımını Vyana Konvensiyasının kobud pozulması kimi qiymətləndirir. İddialar şəxsən Ekvadorun 36 yaşlı prezidenti Daniel Noboaya qarşı irəli sürülür. Siyasi müşahidəçilərin sözlərinə görə, Kito üçün yaranmış bu xoşagəlməz vəziyyət tək üzr istəməklə düzəlməyəcək.

Xatırladaq ki, aprelin 5-də Ekvador polisi sabiq vitse-prezident Xorxe Qlası həbs etmək üçün Meksikanın Kitodakı səfirliyinin binasına basqın həyata ke­çirib. Meksikalı diplomatlar basqın za­manı səfirlik əməkdaşlarının yaralandı­ğını bildiriblər. Ekvator hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətlə­rini onunla izah edib ki, X.Qlas istənilən vaxt ölkəni tərk edə bilərdi. O, 2023-cü ilin dekabrında diplomatik missiyaya daxil olan kimi dərhal siyasi sığınacaq üçün müraciət edib. Meksika sabiq vit­se-prezidentin sığınacaq təklifini apre­lin 5-də təmin edib. Bundan sonra Kito qəti addım atmaq qəraına gəlib. 

Ancaq Ekvador hakimiyyətinin bu qərarı prezident Daniel Noboa üçün böyük və heç də xoş olmayan rezo­nans doğurub. Latın Amerikasının ən böyük ölkəsi Braziliya Ekvador haki­miyyətinin hərəkətlərini pisləyib. ABŞ daha təmkinli olsa da, eyni tonda bə­yanat verib. Nikaraqua isə daha uza­ğa gedib. O, Meksika kimi Ekvadorla diplomatik əlaqələri dayandırıb. Doğ­rudur, Meksika və Nikaraquanın Ek­vadorla münasibətləri bu hadisəyədək yaxşı deyildi. Hələ 2020-ci ildə Nika­raqua hakimiyyəti Ekvadorun ovaxtkı hakimiyyət orqanlarının hərəkətlərini qeyri-dostluq hesab edərək səfirini geri çağırmışdı. Meksika səfiri isə nisbətən bu yaxınlarda Ekvadorun təşəbbüsü ilə persona non qrata elan edilib. Buna səbəb Meksika prezidenti Andres Ma­nuel Lopes Obradorun Ekvadorun rəh­bərliyi ilə bağlı açıqlamaları olub.

Belçikada yaşayan Ekvadorun sabiq prezidenti Rafael Korrea “Fran­ce24”ə müsahibəsində bildirib ki, rəsmi olaraq Meksika, ümumiyyətlə, Kitoya müharibə elan etmək hüququna malik­dir. Axı diplomatik missiyanın toxunul­maz olduğu Vyana Konvensiyasının kobud şəkildə pozulması olub. O, jur­nalistləri əmin edib ki, X.Qlas saxta it­tihamların qurbanına çevrilmiş vicdanlı siyasətçidir. Əslində, sabiq prezidentin bu qiymətləndirməsi təəccüblü deyil. Çünki X.Qlas R.Korreanın dövründə nazir, sonra isə vitse-prezident olub. R.Korrea 2007-2017-ci illərdə ölkəyə rəhbərlik edib. Hakimiyyət dəyişikliyin­dən dərhal sonra X.Qlas rüşvət almaq­da təqsirli bilinib. O, 2017-2022-ci illər­də həbsdə olub. Sərbəst buraxıldıqdan sonra X.Qlassa qarşı yeni ittihamlar irəli sürülüb və bu, onu meksikalılara müraciət etməyə məcbur edib. Yeri gəl­mişkən, Meksika R.Korrea dövrünün digər rəsmisi Rikardo Patinyoya da sığınacaq verib. O, 2018-ci ildə zorakı çevrilişə çağırışda ittiham olunduqdan sonra ölkəsindən Meksikaya qaçıb.

Yeri gəlmişkən, məhz R.Korreanın prezidentliyi dövründə WikiLeaks-in yaradıcısı Culian Assanj uzun illər Ek­vadorun Londondakı səfirliyinə sığınıb. O, yalnız yeni prezident Lenin More­nonun dövründə Britaniya ədliyyəsinə təhvil verilib. İndi isə Ekvador hakimiy­yəti Assanj işi ilə bağlı illərlə ciddi şəkil­də riayət etdiyi Vyana Konvensiyasını pozub. Analitiklərin sözlərinə görə, beynəlxalq hüququn bu cür kobud şə­kildə pozulması, çox güman ki, R.No­boanın təcrübəsizliyi ilə bağlıdır. Siyasi müşahidəçilər iddia edirlər ki, bu xoş olmayan vəziyyət üzr istəməklə düzəl­məyəcək və Meksika, eyni zamanda, digər ölkələrlə münasibətlər uzun müd­dət gərgin olaraq qalacaq.

Ümumiyyətlə, Meksika tarixən siya­si təqiblərə məruz qalanlara sığınacaq verib. Məsələn, Boliviyanın sabiq pre­zidenti Evo Morales Mexikoda sığına­caq tapmışdı. Meksika bir vaxtlar Lev Trotskiyə sığınacaq vermişdi. Ölkənin o vaxtkı hakimiyyəti SSRİ-nin təz­yiqinə tab gətirmişdi. Meksika L.Trotskini təslim etməkdənsə, Moskva ilə münasibətlər qurmaq üçün yaranan perspektivləri gözardı etməyə üstünlük vermişdi. 

Siyasi analitiklər bildirirlər ki, X.Qlas, sadəcə, təqaüdə çıxmış mə­mur deyil. O, kifayət qədər populyar siyasətçidir. Məsələn, X.Qlas ötənilki seçkilərdə prezidentliyə namizəd ola bilərdi. Lakin R.Korreanın “Vətəndaş inqilabı” partiyası ona deyil, Luisa Qonzalesə güvənməyi seçdi. O, ikinci turda favorit olsa da, sonradan nüfuzlu atanın oğlu kimi tanınan Daniel Nobo­aya uduzdu. D.Noboanın atası Alvaro Noboa ölkənin ən zəngin insanı sa­yılır. Qələbədən əvvəl Ekvadorun ən varlı adamının oğlu geniş ictimaiyyətə praktiki olaraq tanınmırdı. Onun dövlət işində təcrübəsi yoxdur, iqtisadi biliklə­ri isə ailəsinin biznesi ilə məhdudlaşır. Noboa heç bir partiyanın maraqlarını təmsil etmir və aydın siyasi mövqeyə də malik deyil. Eyni zamanda, onun yoxsullar üçün vergiləri azaltmaq, gənclərin və pensiyaçıların sosial şəra­itini yaxşılaşdırmaq, iqtisadiyyatı yax­şılaşdırmaq üçün xarici investisiyaları təşviq etmək niyyəti ilə bağlı açıqlama­ları onu şərti olaraq sağmərkəzçi kimi qiymətləndirməyə imkan verir. 

Səfirliyə basqın hadisəsilə bağlı politoloqlar xatırladırlar ki, hətta hərbi diktaturalar səfirliklərə toxunmamağa çalışırdılar. Doğrudur, Latın Amerika­sı ölkələrində belə bir presedent olub. Məsələn, Perunun Havanadakı səfirliyi qaçaq kubalılara sığınacaq verərkən basqına məruz qalmışdı. Maraqlıdır ki, indi Kuba D.Noboanı Ekvador səfirli­yinə basqına görə tənqid edir.

S.ELAY




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

Səbuhi MƏMMƏDOV