USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bu Ramazan xalqımız üçün düşərli oldu


  • Sosial
  •  09:51 09.04.2024
  •  141
https://img.baki-baku.az/news/2024/04/photo_11922.jpg

Öz milli və dini dəyərlərinə, tarixi ənənələrinə həmişə sadiq qal­mış Azərbaycan xalqı da bütün dünya müsəlmanları ilə həmrəylik göstərərək müqəddəs Ramazan bayramını böyük təntənə ilə qeyd edir. İnanıram ki, müsəlman bacı və qardaşlarımız sülh, əmin-aman­lıq, bərabərlik rəmzi olan Ramazan bayramı günlərində mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi yolunda daha böyük əzm­karlıq nümayiş etdirəcəklər.

Heydər ƏLİYEV,

Ümummilli lider

5 dekabr 2002-ci il

Həqiqətən də, həyatda hər sözün- söhbətin öz yeri və xatırlanmalı məqa­mı var. Bir sözün yeri aqil yanındadır­sa, o birinin yeri də danışanın adına layiq insanların yanında olur. Bir ifadə unudulursa, o biri deyim on illər boyu yaddaşlarda yaşayır. Sanatoriyada ta­nış olduğum tovuzlu Hacı Yolçu Qəhrə­manovdan eşitdiyim sözlər məhz belə, ömrüm boyu yadımdan çıxmayacaq dəyərə malikdir. O demişdi ki, dünya­nın ən məşhur siyasətçilərindən olan Prezident İlham Əliyevin nə zamansa usta və ya fəhlə kimi işlədiyini kiminsə gördüyünə inanmıram: “Amma cənab Prezident işğaldan azad edilmiş Zən­gilan şəhərində vəhşi qonşularımızın dağıtdığı məscidin divarlarına daş hörərək, həm usta, həm də fəhlə kimi işlədi. Bilirsiniz bu, nə deməkdir? Bu, bizim liderimizin İslami dəyərlərə verdiyi önəmin zirvəsidir. Mən ina­nıram ki, Heydər Əliyev siyasəti kimi Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə olan ləyaqətli münasi­bəti də elə dinimizin ömrü kimi əsrlər­lə davam edəcək”. 

... Azərbaycan xalqının İslami dəyər­lərə sədaqətini, göstərdiyi ehtiramın miq­yasını sübut etmək üçün xatırladılmalı, saymalı olduğumuz faktlar yüzlərlədir. Yəni sayıb qurtarmaq olmaz. Ancaq bir neçəsini xatırlada bilərik. Görkəmli tarixi şəxsiyyətlərimizdən olan Abbasqulu ağa Bakıxanov və İsmayıl bəy Qutqaşınlı on illər boyu başqa dinin hökmran oldu­ğu ölkənin dövlətinə xidmət etsələr də, sonda hərbi mundiri soyunaraq, Məkkə ziyarətinə gediblər. Ulu öndər Heydər Əliyev isə hətta, allahsızlar, dinsizlər tərəfindən idarə edilən dövlətdə on illər boyu ən yüksək məqamlarda çalışsa da, sonda Məkkəni ziyarət etmişdir. Ümum­milli liderimiz dəfələrlə demişdi ki, mən imanımı heç vaxt itirməmişəm, mənsub olduğum millətin İslam dini ilə həmişə fəxr etmişəm. Fikrimcə, bu, ayrı-ayrı fərdlərimizin xüsusi keyfiyyətləri olsa da, bütövlükdə, xalqımızın qanındakı, ürə­yindəki İslam sevgisinin təzahürüdür.

Elə Prezident İlham Əliyev də həm atası – mərhum Heydər Əliyevlə birgə, həm də sonradan özü dövlət başçısı seçiləndən sonra dəfələrlə Məkkə zi­yarətində olmuşdur. Bəzi statistikalara üstünlük verən həmkarlarımız yazırlar ki, Prezident İlham Əliyevin bir ildə dörd dəfə səfər etdiyi ölkə məhz Səudiyyə Ərəbistanı olmuşdur. (Həmin səfərlər­dən biri beynəlxalq tədbirdə, biri mər­hum kralın dəfnində iştirak etmək üçün, ikisi isə rəsmi səfər olmuşdu). 

Yadımdadır, 1998-ci il iyulun 12-də Bibiheybət Məscid – Ziyarətgah Komp­leksinin birinci hissəsinin açılış mərasi­mində nitq söyləyən Ulu öndər həmin tədbirdən məmnunluğunu dilə gətirmək­lə yanaşı, xalqımızın mənəvi dəyərlərə verdiyi önəmlə də fəxr etdiyini söyləmiş­di: “Biz fəxr edirik ki, İslamı təmsil edən müqəddəs yerlərdən Azərbaycanda da vardır. Bu müqəddəs yerlərdən ən əzizi bu gün bizim toplaşdığımız yer – həzrə­ti Hökumənin qəbri, bu qəbrin üzərində vaxtilə ucaldılmış məscidin olduğu yerdir. Allaha, İslama sadiq olan insanlar 700 il bundan öncə bu yerdə böyük məscid qurub-yaradıblar və bura Allah evi, İslam məbədi kimi daha da geniş vüsət alıb­dır, ziyarətgah olubdur. Müsəlmanlar, azərbaycanlılar 700 il həmin məsciddə, bu müqəddəs yerdə Allaha dua ediblər, mənəvi arzularını yerinə yetiriblər, öz dininə, əxlaqına, mənəviyyatına sadiq olduqlarını nümayiş etdiriblər. İslam dini insanlarda ən yüksək keyfiyyətləri tərbiyə etməyə, formalaşdırmağa çalışıbdır”.

Həmin ziyarətgah kompleksinin on il sonra – 2008-ci il iyulun 13-də tama­milıə yenidən qurulub istifadəyə veril­məsi mərasimində çıxış edən Prezident İlham Əliyev isə xatırlatmışdı ki, 1993-94-cü illərdə bizim dövlət büdcəmiz çox məhdud idi, əlavə imkanlarımız da yox idi, xəzinədə 1 manat vəsait də yox idi. Buna baxmayaraq, 1994-cü ildə Qur­ban bayramında Heydər Əliyev buranı ziyarət etmişdi və göstəriş vermişdi ki, burada məscidin binası tikilsin. Ondan sonra layihələndirmə işləri başlamışdır, layihə hazırlanmışdır və 1997-ci ildə Məhəmməd Peyğəmbərin (s.) mövlu­du günündə Heydər Əliyevin iştirakı ilə məscidin bünövrəsi qoyulmuşdur.

Prezident İlham Əliyevin qeyd etdi­yi kimi, İslam dini Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oyna­mışdır və bu gün bizim dini abidələrimiz bərpa olunur. Dövlət başçımız 2013-cü il mayın 17-də Şamaxı Cümə məscidi­nin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimindəki nitqində demişdir ki, Azərbaycanın hər bir rayonundan din xadimləri bu gün buradadırlar: “Əslində, bu gün bütün Azərbaycan buradadır, Şamaxıdadır, Şamaxı Cümə məscidinin açılışında iş­tirak edir”. 

Xatırladaq ki, həmin məscidin Azər­baycan tarixində xüsusi yeri var. Çünki, Azərbaycanın ən qədim məscididir. Bu məscid 743-cü ildə tikilmişdir. Azərbay­canda, bütün Qafqazda İslam dininin yayılmasında Şamaxı Cümə məscidinin çox böyük rolu olmuşdur. Dövlət başçı­mız xatırladır: “Əfsuslar olsun ki, təbii fəlakətlər nəticəsində məscid iki dəfə dağıntılara məruz qalmışdır. 1859-cu və 1902-ci illərdə Şamaxıda baş vermiş güclü zəlzələlər nəticəsində məscidin böyük hissəsi dağılmışdır. Ondan son­ra 1918-ci ilin mart ayında soyqırımı zamanı bu məscid vəhşi erməni quldur dəstələri tərəfindən yandırılmışdır. Bu məsciddə sığınacaq tapmaq istəyən mindən yuxarı günahsız insan – onların arasında uşaqlar və qadınlar da olmuş­dur – ermənilər tərəfindən yandırılmış­dır”. 

Prezident əlavə etmişdi ki, son 10 il ərzində ( yəni 2013-cü ilə qədər olan dövrdə) Azərbaycanda 200-dən çox məscid tikilmiş, 80-dən çoxu təmir edil­mişdir: “Hazırda xalqımız üçün böyük əhəmiyyət daşıyan İmamzadə Dini-Ta­rixi Memarlıq Abidəsi bərpa edilir. Bakı­nın Binəqədi rayonunda Azərbaycanın ən böyük məscidi inşa olunur... İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə aparılan işləri çox yüksək qiymətləndirir”.

Prezident İlham Əliyev İslami dəyər­lərə olan ehtiramını təkcə ölkə daxilində göstərmir. Heç kəsin yadından çıxma­yıb, 2012-ci ilin sentyabr ayında dünya­nın ən böyük muzeyi olan Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsi­nin açılışı olmuşdur. Azərbaycan bu bölmənin yaradılması üçün öz dəstəyini vermişdir. Prezident xatırladır ki, bu, əs­lində, bizim bütün İslam mədəniyyətinə olan töhfəmizdir. Eyni zamanda, Vati­kanda ilk dəfə olaraq müsəlman ölkəsi­nin sərgisi keçirilmişdir. 

Təbii ki, bütün bunlar bizim üçün fəxr etməli faktlar və məqamlardır. Ancaq iş elə gətirib ki, biz xalqımıza bu faktlardan üç dəfə, beş dəfə artıq sevinc gətirən, hətta on milyonlarla soydaşımızı qür­rələndirən faktlara da şahidlik edə bil­dik. Bu, işğaldan azad edilən – qüdrətli dövlətimizin üçrəngli bayrağı qaldırılan şəhər və kəndlərimizdə azan səslən­dirilməsi idi. Qeyd etdiyim kimi həmin tədbirlər bütün soydaşlarımız üçün qü­rur mənbəyidir. Mən isə ayrılıqda ona görə fəxr edirəm ki, Şuşa azad edilən­dən sonra orada qılınan ilk namazın İmam xütbəsi anamın əmisi nəvəsi El­gün Mehrəliyev olmuşdur. Ancaq daha böyük fəxr etməli olduğumuz arqument odur ki, bu il Xankəndi və Xocalıda da Ramazan bayramı namazları qılınacaq. Allah qəbul eləsin! 

İslami dəyərlərdə gözəl əxlaq əsas götürülür, dini etiqad və adətlər adamları pis işlərdən çəkindirir. Bunu nəzərə alan ulu öndər tövsiyə edirdi ki, İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemət­lərdən hər bir azərbaycanlı səmərəli istifadə etməli və xüsusən, cəmiyyətdə davranışda şəriətimizin tələblərinə uy­ğun olaraq özünü göstərməlidir. Yəni hər birimiz kamil əxlaqa sahib olmalıyıq. Çəkinmədən deyə bilərik ki, xalqımız həmin kamil əxlaqın nümunəsini 44 gün­lük İkinci Qarabağ müharibəsi günlərin­də nümayiş etdirdi. 

Sonda onu da xatırladaq ki, bəzi döv­lətlərin dindən alət kimi istifadə edərək, müxtəlif ölkələrin, o cümlədən Azərbay­canın daxili işlərinə qarışmaq cəhdləri bizim siyasi-diplomatik addımlarımızla tamamilə puç edilir. Çünki həm müqəd­dəs dinimiz, həm də Azərbaycan dövləti başqa dinlərə qarşı heç zaman düşmən münasibəti bəsləməyib və bəsləməyə­cək. Əksinə, dövlətimiz dəfələrlə bütün dinlərin təmsilçilərini bir araya gətirərək, sivilizasiyalararası dialoqlara evsahibliyi edir. Bu isə, ilk növbədə, bizim öz dini­mizə verdiyimiz töhfələrdir. 

Ramazan bayramımız mübarək ol­sun! 

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

İttifaq MİRZƏBƏYLİ