USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Erməni soyqırımı” və Paşinyanın “Overton pəncərəsi”

Baş nazir revanşist və şovinistləri necə dayandıra bilər?


https://img.baki-baku.az/news/2024/04/photo_12080.jpg

Sabah qondarma “erməni soyqırımı”nın növbəti ildönümü qeyd ediləcək. Buna hazırlığın getdiyi görünür. Amma hazırlıq necə gedir? Ermənistan hakimiyyəti “soyqırımı məsələsi”ndə fəallıq nümayiş etdirmir. Yüksək rütbəli hökumət rəsmilərinin bəyanatlarından belə təəssürat yaranır ki, Qarabağ kitabının bağlanmasından sonra baş nazir Nikol Paşinyanın irəli sürdüyü “Real Ermənistan” maraqları naminə “tarixi Ermənistandan” imtina konsepsiyası aktualdır. 

Üstəlik, Paşinyanın “soyqırımı” qur­banlarının adları və soyadları xüsusunda ortaya atdığı məsələ var. Rəsmi İrəvan həmin ad və soyadların müəyyənləşdi­rilmədiyi təqdirdə iddianın keçərsizliyi məntiqinə söykənir. Ermənistandakı re­vanşist-şovinist kəsimin fikrincə isə belə yanaşma ümumerməni maraqlarından imtinadır və xəyanət mahiyyəti daşıyır. Qeydlərimiz bu barədədir. Əlbəttə, digər əlaqəli məsələlərin də üzərində dayana­cağıq. 

Başlayaq “Hraparak” qəzetinin yaz­dıqlarından. Nəşr bildirir ki, N.Paşinyan bu il aprelin 13-də hakim “Vərəndaş sa­zişi” partiyasının Demokratiya məktəbin­də “Ermənistan Respublikasının sosial psixologiyası” mövzusunda mühazirə oxuyub. Paşinyan mühazirəsində “ermə­ni soyqırımı” ilə bağlı bəyanatların 1946-cı ildən başlayaraq dövriyyəyə girdiyini deyib. O, həmin vaxt SSRİ və Türkiyə arasında münasibətlərin pisləşdiyinə diqqət çəkib və vurğulayıb ki, bir neçə il sonra NATO-nun yaradılması durumu daha da dramatikləşdirdi. Nikol, həmçinin həmin vaxt SSRİ-nin “soyqırımından” qa­çan mühacirlərin geri qaytarılmasını təş­kil etdiyini dilə gətirmiş və bunun durumu daha da ağırlaşdırdığını demişdi. 

Nəzərə alaq ki, əslində, Paşinyan mühazirəsi boyu “soyqırımı” sözünü iş­lətməmiş, onun əvəzinə “Mets ekhern” (“Böyük qırğın”) ifadəsinə üstünlük ver­mişdi. Yeri gəlmişkən, ABŞ prezidentləri də vaxtilə aprelin 24-də etdikləri ənənəvi çıxışlarında “soyqırımı” ifadəsini Nikolun mühazirəsində işlətdiyi tərzdə dilə gətirir­dilər və bu, hər dəfə Birləşmiş Ştatların erməni lobbi və diaspor təşkilatlarında ciddi məyusluq doğururdu. 

Haqqında bir qədər əvvəl söz açdı­ğımız “erməni soyqırımı” qurbanlarının ad və soyadları məntiqinə gəlincə, yada salaq ki, “Vətəndaş sazişi” partiyasının tanınmış üzvü, Ermənistan parlamenti­nin müdafiə və təhlükəsizlik komissiyası­nın sədri Andranik Koçaryan bir müddət əvvəl bildirmişdi ki, ailəsində həm ana, həm də ata tərəfdən “soyqırımı” qurban­ları var. “Onların adlarının yazılmasını istəyirəm. Üstəlik, ola bilsin ki, 1,5 mil­yon qurban yox, 2 milyon və ya daha az olub. Bütün bunları qeyd etmək lazımdır”, – deyən A.Koçaryanın təklifini Ermənis­tanın diasporla iş üzrə komissarı Zareh Sinanyan da dəstəkləmişdi: “Andranik Koçaryanın dediklərini çox bəyənirəm. Bu, soyqırımın tanınmasına elmi yanaş­manın başlanğıcıdır”.

Lakin N.Paşinyanın komandasının üzvlərinin qaldırdıqları təşəbbüslər və “erməni soyqırımı” mövzusuna yeni ya­naşmalar xəstə erməni cəmiyyətində kəs­kin hiddətə səbəb olur və erməni iqtidarı həmişəki kimi, öz baxışlarını ört-basdır etmək məcburiyyətində qalır. Məsələn, həmin Koçaryan deyir ki, onun 1,5 milyon qurbanın siyahısının tərtibi ilə bağlı bəya­natı baş nazirin qərarı deyil və ümumən mövcud istiqamətdə heç bir siyasi qərar yoxdur: “Bu, sadəcə mənim şəxsi fikrim­dir”, – deyən erməni parlamentari onu da vurğulayır ki, səsləndirdiyi fikir havadan götürülməyib. Təsəvvür edin, 44 günlük müharibədə həlak olanların siyahısını belə dərc etməyən Ermənistan hakimiy­yəti bir əsr əvvəlki “soyqırımı qurbanla­rının” siyahısı ilə məşğul olmağa çalışır. Qəribə deyilmi? Həm də maraqlıdır...

Ermənistandakı revanşist və şovi­nist kəsim iddia edir ki, Paşinyan iqtida­rı türkpərəst mövqe tutur. Onlar rəsmi Ankaranın “soyqırımını” dandığına dair fikri önə çəkirlər. Gerçəklik isə budur: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo­ğan və ölkənin rəsmiləri bildirirlər ki, An­kara İrəvanla birgə arxivləri açmağa və əsl həqiqətləri üzə çıxarmağa hazırdır. Əlbəttə, belə konstruktiv yanaşma nə erməni hakim siyasi dairələri, nə də on­ların xaricdəki havadarları üçün sərfəlidir. Buna görə təkliflə razılaşmırlar və qon­darma “erməni soyqırımı” məsələsindən Türkiyəyə qarşı siyasi vasitə kimi yarar­lanmağa çalışırlar. 

Erməni şovinist və revanşist kəsim onu da bildirir ki, N.Paşinyan və koman­dası hazırda Türkiyə və Azərbaycanla “nəyin bahasına olursa-olsun” sülh sazişi bağlamağa çalışır, 1915-ci ildə yaşanan­lar onun üçün əhəmiyyətli deyil. Bu isə sən demə, Ermənistanın tarixi yadda­şının silinməsi, əcdadların xatirələrinin rədd edilməsi demək imiş.

Qeyd edək ki, erməni ekspertlər və müxalif siyasətçilər Ermənistan hakimiy­yətinin “soyqırımı” məsələsində tutduğu hazırkı kursun təhlükəli olduğunu da vur­ğulayırlar. Məsələn, soyqırımı üzrə eks­pert olduğu bildirilən Suren Manukyan deyir ki, soyqırımı konkret sayından asılı olmayaraq, müəyyən bir qrupun irqi, dini və ya digər mənsubiyyətinə görə məhv edilməsidir və bu, Türkiyənin onu inkar tezislərindən biridir. Manukyanın sözlə­rinə görə, dünyanın ekspert icması 1,5 milyon erməni ilə bağlı, guya, yekdil fikir­dədir. Çünki beynəlxalq miqyasda soyqı­rımı cinayətləri xüsusunda statistika apa­rılmır. Ona görə ki, cinayəti törədənlər onun izlərini silirlər. Mövcud səbəbdən də Paşinyan iqtidarının adları müəyyənləş­dirmək təşəbbüsü ictimaiyyəti heç vaxt bitə bilməyəcək proseslə məşğul etmək­dir: “Bunun fonunda türklər deyəcəklər ki, ermənilər prosesi başa çatdıranda danı­şarıq. Belə təəssürat yaranır ki, Ermənis­tan hakimiyyəti “erməni soyqırımı”ndan imtinanı təmin etməyə çalışır. Proseslər sanki bir mərkəzdən idarə olunur.” 

Ümumiyyətlə, Ermənistan hakimiyyə­tinin son aylarda və illərdəki siyasəti üçün “Overton pəncərəsi” açmaq cəhdi xarak­terikdir. Yəni, ölkənin hakim siyasətçiləri və fəalları çıxışlarında yol verdikləri fikir diapazonu çərçivəsinin cari ictimai diskur­sa əsaslanaraq, mövcud olduğunu vur­ğulayırlar. Qondarma “soyqırımı” ilə bağlı məsələyə də mövcud prizmadan yanaş­maq mümkündür. Nəzərə alaq ki, Paşin­yan iqtidarı üçün Cənubi Qafqaz reallıqla­rında Qərbə gedən yol məhz Türkiyədən keçir. Bu səbəbdən baş nazirə yaxın dairələr Ermənistanın Türkiyə ilə yaxın­laşması yolundakı əsas maneəni aradan qaldırmağın zəruriliyinə söykənirlər. Re­vanşist-şovinist dairələri də hiddətlən­dirən elə budur. İkincilərin fikrincə, Nikol və tərəfdarları ictimai şüurda Türkiyənin günahkar olmadığı fikrini fəal şəkildə təb­liğ edir, Rusiyanı Ermənistanın düşməni qismində göstərirlər. Onlar eyni zamanda, iddia edirlər ki, Ermənistan iqtidarı hətta Rusiyanın “erməni soyqırımı”nın əsas gü­nahkarlarından və təşkilatçılarından biri olduğuna dair təbliğat da aparır.

Bütün bunların fonunda baş nazir N.Paşinyanın aprelin 24-dəki çıxışının hansı mesajlarla yadda qalacağı maraq doğurmaqdadır. Şovinist-revanşist kəsi­min təmsilçiləri indidən Nikolun söyləyə­cəklərini qorxu ilə qarşılamağa köklənib­lər. Onlar vurğulayırlar ki, əgər indiyədək Türkiyə və Azərbaycan hakimiyyətinin “erməni soyqırımı”nı inkar etmək üçün atdığı addımlarla mübarizə aparırdılar­sa, artıq dünya erməniləri ölkənin hakim komandasının məsələ ilə əlaqədar bəya­natlarından ehtiyatlanmalıdırlar. 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində
Ritter indi haradadır?
  • Daxili siyasət
  • 12:10 03.05.2024
Ritter indi haradadır?
Erməni kilsəsi davakar, məkrli dini mərkəzdir
  • Daxili siyasət
  • 11:46 03.05.2024
Erməni kilsəsi davakar, məkrli dini mərkəzdir
Cənubi Qafqaza riyakar təhlükə haradan gəlir?
  • Daxili siyasət
  • 12:38 02.05.2024
Cənubi Qafqaza riyakar təhlükə haradan gəlir?
İrəvan – KTMT: Ziddiyyətlər dərinləşir
  • Daxili siyasət
  • 12:17 02.05.2024
İrəvan – KTMT: Ziddiyyətlər dərinləşir

Əvəz RÜSTƏMOV