USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Güclü lider və dövlətçilik amalı – Azərbaycanın uğur təminatı

Tarixi paralellər


https://img.baki-baku.az/news/2024/04/photo_11981.jpg

“XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – Yerevanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”. Prezident İlham Əliyev bu fikri 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən, həmin bölgənin bir qrup ziyalısı ilə görüşündə dilə gətirmişdi. Dövlətimizin başçısının dedikləri tariximizin acı reallığıdır. Elə bir reallıqdır ki, onun səslənməsində dərin ibrət yükü var. 

Müasir Azərbaycan hazırda öz ta­rixinin ən şanlı və əzəmətli dövrünü yaşayır. Bəzən bu əzəmət səhnələri fonunda baş verənlər insana yuxu kimi gəlir. Keçmiş barədə düşüncələrə da­lır, gözlərimiz önündə gəldiyimiz yolun ayrı-ayrı mərhələləri canlanır. O za­man necə idik, indi necəyik? Azərbay­can hara, dünyanın siyasət nəhəngləri ilə bir sırada dayanmaq hara? Ancaq düşüncə və sualların ortaq nöqtəsi var – Azərbaycan haqqı çatana sahiblənib və sahiblənməkdədir. 

Özünün çoxəsrlik dövlətçilik ənənələrini bərpa edən Azərbaycan bu ənənələri dövrün, zamanın tələblərinə uyğun zənginləşdirməyi bacarıb. Artıq onlar dövlətçilik ruhumuzun qidasıdır. O ruhun ki, onun sarsılmazlıq xüsu­siyyətlərinin tərənnümü və təcəssümü baxımından iki böyük şəxsiyyətin ob­razını canlandırmaq mümkündür – ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin. 

Güc amili həmişə öz sözünü deyib. Azərbaycanın dövlətçilik tarixinin təhlili göstərir ki, xalqımız güclü siyasi liderlə­rin mövcud olmadığı dövrlərdə məhru­miyyətlər yaşayıb, məşəqqətlərlə üzlə­şib. Nəticə etibarilə dövlətçilik ruhumuz da sındırılıb. Milli mənlik hissimizi çey­nəyənlər bizə tarixən mövcud olmuş dövlətlərimizi unutdurmağa çalışıblar. Həlledici anlarda dövlət sükanını idarə etməyə, yaranmış vəziyyətdən optimal çıxış yolu tapmağa qadir güclü siya­si liderlərimizin olmaması öz sözünü deyib. Xalqımız ayrı-ayrı şəxslərin yol verdikləri tarixi səhvlərin əziyyətini çək­mək, həmin səhvlərin gətirdiyi məhru­miyyətlərə qatlaşmaq, acı səhnələrinin ağır yükünü çiyinlərində daşımaq məc­buriyyətində qalıb. 

Tarix ona sırf mühakimə nöqte­yi-nəzərindən yanaşılmasını sevmir. Fəqət, baş verənlərdən nəticə çıxarıl­ması şərtdir. Buna görə isə həqiqət öz adı ilə çağırılmadır. Yəni, xalq özünə faydalı olanı görmək üçün səhvləri mütləq şəkildə nəzərdən keçirməlidir. Güclü liderlər isə səhvə yol vermirlər. Çünki həmin səhvdən xalqın taleyinin asılı olduğunu bütün varlıqları ilə dərk edirlər. Onlar obyektiv amillərin yarat­dığı durumları düzgün dəyərləndirib itkiləri minimallaşdırmağa çalışırlar. 

Bəli, qətiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin istər respubli­kamıza sabiq SSRİ zamanı, istərsə də müstəqil Azərbaycana rəhbərliyi dönə­mi həm də tarixi səhvlərdən sığortalan­ma dövrüdür. Heydər Əliyev Vətəni­mizi yalnız səhvlərdən qorumadı, eyni zamanda, usta gedişləri ilə onların ya­şanmaması üçün baza formalaşdırdı. Elə bir baza ki, həm də Azərbaycanın gələcək müstəqilliyi üçün mükəmməl idarəçilik formuluna çevrildi. Dövlətçilik təfəkkürünü əsas tutan formula. Şanlı ənənələrinə baxmayaraq, AXC dövrü­nün təhlili isə göstərir ki, həmin vaxt məhz dövlətçilik təfəkkürü son dərəcə­də zəif olub. Nəticədə daxili çəkişmələr pik həddə çatıb, xəyanətkarlara qarşı lazımi tədbirlər görülməyib ki, bundan Azərbaycan xalqı zülm və zillət çəkib. Son nəticədə xalqın qanı –canı baha­sına əldə edilmiş böyük uğur – uzun fasilədən sonra dövlətçiliyin bərpası öz məntiqi davamını tapmayıb, müstəqil­lik yollarında təlatümlər yaşanıb. Bütün bunlar iflas durumunu şərtləndirib. İndi XX yüzilliyin ikinci onilliyində yaşa­nanlara nəzər salarkən, bu nəticəyə gəlmək mümkündür ki, torpaq güzəşti ritorikası – İrəvanın paytaxt kimi Ermə­nistana verilməsi ilə fəaliyyətə başla­mış AXC-ni iflas perspektivinin yaxa­lamasında acı qanunauyğunluq var. Çünki bu güzəşt dövlətçilik ruhunun təslimiyyətidir. Prezident İlham Əliye­vin əvvəldə diqqətə çatdırdığımız ta­rixin təhrifinin yolverilməzliyi məntiqin­dəki başlıca qayə budur. 

Ancaq dövlətimizin başçısı mövzu­ya bir qədər əhatəli toxunması ilə də diqqət çəkib. Prezident bu il yanvarın 10-da yerli televiziya kanallarına mü­sahibəsində haqqında söz açdığımız torpaq güzəştinin həm tarixi cinayət motivləri üzərində dayanıb, həm həmin güzəştin digər bəlaların start nöqtəsi olduğunu vurğulayıb, həm də dolayı­sı ilə o zaman dövlət millətinə çevrilə bilməmənin, dövlətçilik təfəkkürünün mövcud olmamasının labüd trayektori­yasını cızıb: “1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrə­van şəhəri Ermənistana verildi. Hal­buki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbay­can xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silin­məkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb. O qərara gəldikdə isə mən he­sab edirəm və yəqin ki, hamı mənimlə razılaşar, o böyük bir tarixi cinayət idi, səhv yox, cinayət. Birincisi, İrəvanda o vaxt yaşayan azərbaycanlılardan soru­şulmadı. İkincisi, nə qaçaqaç idi? Hara tələsirdilər? Yəni, 28 Mayda respublika elan olunur, 29 mayda İrəvan Ermə­nistana verilir. Onun da izahatı heç bir məntiqə sığmır ki, bunu verməklə Er­mənistan Azərbaycana qarşı ərazi id­dialarından əl çəkir. Əl çəkdimi? Yox, daha da azğınlaşdı. İrəvandan olan nümayəndələrin – o vaxt Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunmuş nümayəndələrin etirazı nəzərə alınma­dı. Yəni, o, böyük tarixi cinayət idi və o, bir başlanğıc idi”.

Heydər Əliyevin AXC dövrü dövlət xadimlərinin səhvləri, sovet hakimiy­yəti illərində Azərbaycana rəhbərliyi həyata keçirmiş şəxslərin səriştəsiz­liyi və laqeydlikləri səbəbindən ağır məhrumiyyətlər yaşamış – taleyinə acı səhifələr yazılmış, Zəngəzurun, Dərələyəzin itirilməsini, sürgünləri gör­müş və daha neçə-neçə ərazi itkisi ilə üzləşməyə məcbur olan xalqa rəhbərli­yi miras götürməsi XX əsr tariximizdəki dönüş nöqtəsi idi. 

Qətiyyətlə deyə bilərik ki, itirdiyi­miz dövlətçilik ənənələrinin bərpasına doğru yola məhz 1969-cu il iyulun 14-dən qədəm qoyduq – dahi şəxsiyyətin respublikamıza rəhbərliyə başladığı gündən. Həmin gün xalqımız Heydər Əliyevin simasında uzun illər arzusun­da olduğu güclü siyasi liderini tapdı. O lider isə keçmiş SSRİ dövrünün bütün maneələrinə baxmayaraq, Azərbay­canı qabaqcıl mövqelərə çatdırdı. Ən əsası isə Ulu öndər Ermənistana, Pre­zident İlham Əliyevin təbirincə desək, “torpaq hədiyyələrinin” qarşısını aldı: “1920-ci ilin aprelində sovetləşmə­dən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Er­mənistana vermişdir. Bu da tarixi fak­tdır, xəritələr var, XX əsrin əvvəlinin xəritələri var. Azərbaycan Xalq Cüm­huriyyətinin xəritəsi var və orada Zən­gəzur, – şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edir­di. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən, – mən Azər­baycan Xalq Cümhuriyyətinin ərazisini nəzərdə tuturam, – 86,6 min kvadratki­lometrə düşdü. Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri, bu proses dayandı. O vaxta qədər hissə-hissə verilirdi”.

Bəli, ulu öndər Heydər Əliyevin SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılması Azərbaycanın faciələ­rinə yol açdı, erməni avantürizmi yeni və daha azğın mərhələsinə qədəm qoydu, Qarabağ problemi baş qaldırdı, o zamankı Bağırov, Vəzirov, Mütəlli­bov kimi “oyuncaq liderlər” isə mövcud duruma təsir göstərmək gücünə malik olmadılar, onların fəaliyyətsizliyi xalqı fəlakətə sürüklədi. Fəlakət ssenari­si XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin dadını damağımızda qoy­du. Belə bir məqamda xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə dönüşü siyasi liderlik örnəyinə çevrilməklə ya­naşı, xəyanətlərin qarşısını aldı, Azər­baycanı məhvdən xilas etdi. 

Böyük düha sahibi, ümumi şəkildə ifadə etsək, beş mühüm vəzifənin re­allaşdırılmasına başladı. Birincisi, mil­lətə dövlət təfəkkürünü aşıladı, insan­larımız dövlət millətinə sahiblik ruhuna kökləndilər. İkincisi, növbəti itkilərin qarşısına xətt çəkdi, Birinci Qarabağ müharibəsindəki uğursuzluq dayan­dırıldı. Üçüncüsü, dahi lider xəyanət sindromunu aradan qaldırdı, dövlətə qarşı baş qaldıran elementləri sıradan çıxardı. Dördüncüsü, Azərbaycanı sa­bit inkişaf yoluna çıxardı. Beşincisi və ən başlıcası Qarabağ məsələsini xalq davası şəklinə gətirdi. O, nəinki yerli əhalini, eyni zamanda, xarici aləmi də davanın müqəddəsliyinə, haqqa söy­kəndiyinə, ədalətə tapındığına inandır­dı. Bu dahi şəxsiyyət elə bir beynəlxalq platforma və tribuna olmadı ki, orada Qarabağ həqiqətlərindən bəhs etmə­sin, respublikamıza münasibətdəki destruktiv yanaşmaları puça çıxarma­sın. Dünya Heydər Əliyevin şəxsində güclü və qətiyyətli Azərbaycan liderini gördü. Onun rəhbərliyi Azərbaycan üzərindəki qoruyucu çətir oldu. Lakin müdafiədən hücuma keçməyin də vax­tı yetişmişdi. 

Nəzərə alaq ki, real siyasət məhz Heydər Əliyev şəxsiyyəti kimi liderlərin davranışlarına, bütövlükdə, cəmiyyət həyatına təsir göstərən praqmatik və rasional qərarlarına istinad edir. Haki­miyyəti xalqa güvənən, onun dəstəyini daim hiss edən ləyaqətli, peşəkar si­yasətçi idarə edəndə dövlət daha qüd­rətli olur, inanılmaz nəticələr qazanır. İstər bu amilə, istərsə də 2003-cü ildən sonra Azərbaycanda yaşanan proses­lərə diqqət yetirərək, tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin böyük si­yasət meydanındakı məğlubedilməzlik təminatıdır. 

İlham Əliyev Ulu öndər obrazındakı möhkəm iradənin zamanın yeni şərt­lərinə məharətli şəkildə uyğunlaşma formuludur. Görünür, elə buna görə də Ümummilli lider 2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində – okt­yabrın 1-də Azərbaycan vətəndaşları­na ünvanladığı müraciətində demişdi: “...Üzümü Sizə – həmvətənlərimə tuta­raq, qarşıdan gələn prezident seçkilə­rində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Par­tiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müa­sir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx bir­ləşdirərək Azərbaycan dövlətinin inki­şafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mə­nim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyi­niz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümummilli liderin bütün hesabla­maları düz çıxdı. Siyasət meydanın­dakı məğlubedilməzlik də məhz budur. Prezident İlham Əliyev həyata keçirdiyi daxili və xarici siyasət kursu ilə müda­fiədən hücuma keçmək üçün möhkəm zəmin formalaşdırdı. Azərbaycana qar­şı beynəlxalq miqyasda ikili standart­ların mövcudluğu şəraitində qarşıya qoyulmuş məqsədin gerçəkləşdirilməsi son dərəcə çətin idi. Bu yolda axına qarşı üzmək də tələb olunurdu, nəb­zi tutaraq irəliləmək də. İlham Əliyev özünün liderlik keyfiyyətləri, xalqının və dövlətinin maraq və mənafelərini hər şeydən üstün tutmaq potensialı ilə nəhəng siyasət burulğanındakı təla­tümləri aradan qaldırdı. 

Güclü siyasi lider xarakterinə malik İlham Əliyevin rəhbərlik etdiyi Azər­baycan nəinki regional, eyni zamanda, qlobal faktordur. İndi ölkəmizlə hesab­laşırlar. Daha kimsə, heç bir qüvvə düşünə bilməz ki, Cənubi Qafqaz coğ­rafiyasından Azərbaycan dövləti adlı varlığı silib-süpürmək, onu yox etmək mümkündür. 1991-ci ildə əldə etdiyimiz müstəqilliyin ən böyük bəhrəsi də elə qeyd etdiyimiz bu statusa yiyələnmək­dir. 

Əlbəttə, hazırkı mövqeni heç də asanlıqla qazanmamışıq. Dünyanın güc amili ilə hesablaşdığı şəraitdə həmin gücün ideyasının, mənəvi plat­formasının, məfkurəvi strukturunun mövcudluğu şərtdir. Bu amil gücə müqəddəslik formulu qatır. Heydər Əli­yev şəxsiyyəti Qarabağ davamızı haqq və ədalət mübarizəsi kimi təqdim etdiyi kimi, mübarizəyə müqəddəslik libası da biçmişdi. Prezident İlham Əliyev Ulu öndərin Qarabağ davasına qazandırdı­ğı müqəddəslik görkəmindəki haqq və ədalət cizgilərini daha da dolğunlaşdır­dı, müqəddəslik libasına zamanın dik­təsinə uyğun prinsipiallıq və qətiyyət naxışları gətirdi. 

Beləliklə, 2003-cü ildən başlayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında hər gün Qarabağ hə­dəfinə doğru irəlilədi. Dövlətimizin baş­çısı diplomatik təcrübəsi, erudik təfək­kürü sayəsində hədəfə aparan yoldakı maneələri yüksək məharətlə aradan qaldırmağı bacardı. Məhz belə sistemli yanaşmanın nəticəsi idi ki, ölkəmiz iki yüz illik erməni planını cəmi 44 gündə alt-üst etdi. Azərbaycan tarixində neçə əsrdən sonra bir ilk yaşandı – biz bizə aid olanı özümüzə qaytarmağa müvəf­fəq olduq. 

Prezident İlham Əliyevin simasında xalqımız qələbələrini qoruyur və inki­şaf etdirir. İlham Əliyev şəxsiyyətinin yaratdığı qalib xalq obrazı müstəqil dövlətçiliyimiz üçün əbədi təminat fak­torudur. Bu təminat xalqın öz liderinə güvənməsindən nəşət alan bənzərsiz nümunədir, nəsillərə miras qalacaq mi­silsiz nemətdir. Belə etimadın nəticəsi­dir ki, Azərbaycan dünyanın inkişaf et­miş ölkəsinə çevrilmək üzrədir. Əminik ki, güclü siyasi lider kimi İlham Əliyevin müdrikliyi xalqımızı bundan sonra da qələbələrdən –qələbələrə aparacaq.

Əvəz CAHANGİROĞLU




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

Əvəz RÜSTƏMOV