USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yaxın Şərqdə gərginliyin “barometri” böhran həddində

Yaxud gözlənilən bir “qisas oyunu”nun yaratdığı geosiyasi qənaət


https://img.baki-baku.az/news/2024/04/photo_11966.jpg

Şənbə axşamı Yaxın Şərq İranın səssiz PUA-larının və qanadlı raketlərinin İsrail istiqamətinə uçuşunu izlədi. Sanki bölgədə marağı olan hər kəs ssenarisi əvvəlcədən bəlli olan “hərbi tamaşa”ya diqqət kəsilmişdi.

İranın İsrailə əvvəlcədən planlaşdı­rılan və gözlənilən hücumu onu göstərdi ki, Yaxın Şərq hələ uzun müddət plane­tin hərbi gərginlik nəbzinin “siyasi termo­metri” olaraq qalacaq. 2023-cü il oktyab­rın 7-də HƏMAS-ın İsrailə hücumu İranı bölgədə yenidən münaqişə mərkəzinə çevirib. Dəməşqdə Tehranın diplomatik missiyasının binasının bombalanması və SEPAH-ın iki generalı daxil olmaqla, 7 zabitinin ölməsi gərginliyi daha da artır­dı. İranın iddiasına görə, İsrail Suriyadakı diplomatik missiyanın binasını vurmaqla İslam Respublikasına hücum edib. Bu səbəbdən də beynəlxalq normalara görə İsraili günahkar sayır. Bununla bağlı Teh­ranın BMT-yə müraciəti cavabsız qaldı. 

Tərəflərin “birgə hərbi təlimi” 

Aprelin 13-dən 14-nə keçən gecə İran və müttəfiqlərinin İsrail ərazisinə raket hücumunu bir neçə səbəbdən xarakterizə etmək olar. Birincisi, 1991-ci ildə Körfəz müharibəsi zamanı Səddam Hüseynin İsrailə qarşı “Skad” sistemlərindən istifa­də etməsindən sonra ilk dəfə idi ki, ölkə müasir raket sistemləri ilə bombardmana məruz qalırdı. İkincisi, İran Yəmən, Suriya və İraqdakı müttəfiq qüvvələrdən qismən istifadə edərək, strateji düşməninə qarşı açıq və birbaşa hərəkət etdi. Maraqlıdır ki, İran İsrail üzərinə hücuma tam hazır olduğunu elan edəndən, ABŞ və müt­təfiqlərinin bu zərbələri dəf etmək üçün İsrailə dəstək verəcəyini açıqlayandan sonra hərəkətə keçdi. Sanki tərəflər “bir­gə hərbi təlimə” hazırlaşırdı. 

İsrailin İran PUA və raketlərinin bö­yük əksəriyyətinin Suriya ərazisində ikən zərərsizləşdirildiyi barədə rəsmi açıqla­ması da təsadüfi deyildi. Bütün bunlar İranın, əslində, “qisas əməliyyatı”nı deyil, “qisas oyunu”nu həyata keçirdiyi barədə danışmağa əsas verir. Tel-Əviv İranın hü­cumunun uğurla dəf edildiyini açıqlayıb. “Tehran strateji infrastruktura zərbə endir­mək istəyirdi, amma onun planı uğursuz oldu”. İsrail müdafiə ordusunun sözçüsü, general Daniel Haqarinin sözlərinə görə, Yaxın Şərqin dörd dövlətinin ərazisindən, ümumilikdə, 350-yə yaxın raket və PUA buraxılışı qeydə alınıb. 60 ton partlayıcını daşıyan bu arsenalın hücumunun effekti olmayıb. Sadəcə, İranın Suriyadakı hə­dəflərinə zərbələrin endirildiyi Nəvatim bazasına, eləcə də İsrailin müxtəlif əra­zilərindəki magistral yollara cüzi ziyan dəyib. Rəsmi açıqlamada müttəfiqlərin birgə fəaliyyətinə xüsusi yer ayrılıb: “ABŞ, Britaniya, Fransa və digərlərinin rəhbərlik etdiyi güclü regional koalisiya İranın hü­cumunun qarşısını alıb. ABŞ Hərbi Dəniz Qüvvələri 4-6 ballistik raketi ələ keçirib, daha 70 dron isə ABŞ və Böyük Britaniya qüvvələrinin birgə səyi nəticəsində məhv edilib”. İsrail ordusunun “hələ də yüksək hazırlıq vəziyyətində olduğunu” deyən Daniel Haqari mütəmadi olaraq vəziyyətin qiymətləndirildiyini nəzərə çatdırıb: “Biz həm hücum, həm də müdafiə hərəkətləri üçün əməliyyat planlarını təsdiqləmişik”.

Gərginlik heç kəsə sərf etməyəndə…

Yaxın Şərqdə cərəyan edən hadisələr beynəlxalq aləmdə gedən qütbləşməni bir daha əyani şəkildə ortaya qoydu. HƏ­MAS-ın İsrailə altı ay əvvəlki hücumunda maraqlı olan tərəflər bu dəfə hərbi qarşı­durmanın böyüməsini istəyirdilər. İsrailə budəfəki hücumda Yəməndən husilər, Livandan Hizbullah, Suriyadan Bəşşar Əsəd qoşunu, İraqdan isə Həşdi-Şəbi İrana dəstək veriblər. Yəni, ilk baxışda Tehranın regiondakı bütün komandası ilə İsrailə qarşı müharibəyə start verdiyi görüntüsü yarana bilər. Amma vəziyyət heç də göründüyü kimi deyil. Münaqişə tərəflərindən heç biri bölgədə arzuolun­maz nəticələrə səbəb olacaq böyük mü­haribədə maraqlı deyil. İran, ən azı daxili auditoriya üçün Suriyadakı konsulluğuna hücumu cavabsız qoya bilməzdi. Əks–təqdirdə həm əhalisinin, həm də bütün müsəlman ümmətinin qarşısında iradəsiz görünərdi. 

İran məhz “cürət nümayişi” üçün İs­railə hücum edib. Bu isə Tehran rejiminin indiki durumda edə biləcəyi maksimum gediş idi. Digər vacib amil isə ABŞ-da yaxınlaşmaqda olan prezident seçkiləri­dir. Bu ərəfədə Bayden administrasiyası­nın müharibəyə qətiyyən ehtiyacı yoxdur. Bunu ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin yaydığı xəbərlərdən də duymaq çətin deyil. Nəşr yazıb ki, baş nazir Binya­min Netanyahu ilə prezident Cozef Bay­den arasında telefon danışığından sonra Təl-Əviv İrana cavab verməkdən vaz ke­çib. Məlumatda qeyd olunur ki, Bayden İranın bütün pilotsuz aparatlarının və ra­ketlərinin ələ keçirilməsini böyük qələbə adlandırıb və bu səbəbdən qisas almağa ehtiyac qalmadığını deyib. 

“Uçurum kənarından geri çəkilin!” 

“İran özünümüdafiə hüququ çərçivə­sində aprelin 14-nə keçən gecə İsrailə hücum edib”. İİR Prezidenti İbrahim Rəisi bu müdafiə tədbirinin sionist rejimin İran İslam Respublikasının obyekt və maraq­larına qarşı təcavüzkar hərəkətlərinə ca­vab olaraq hazırlandığını və icra edildiyini bildirib: “Xüsusən də bu aksiya Tel–Əviv rejiminin İranın Dəməşqdəki konsulluğu­na hücumuna cavab olaraq həyata keçi­rilib”.

Dövlət başçısının ardınca İranın Xari­ci işlər naziri Hüseyn Əmir Abdullahian da münasibət açıqlayıb: “BMT Təhlükəsizlik Şurasının İranın Dəməşqdəki konsullu­ğuna hücumu pisləyən bəyanat yaymaq istəməməsi İsrailin baş naziri Binyamin Netanyahunu qanunları pozmağa davam etməyə sövq edib”. 

Dünən İran-İsrail qarşıdurması ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqə­ladə iclası keçirilib. BMT-nin Baş katibi Antoniu Quterriş aprelin 14-də İsrailin daimi nümayəndəsinin TŞ sədrinə gön­dərdiyi məktubdan sitat gətirib: “İran BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq, 200-dən çox PUA-dan, qanadlı və ballistik raketlərdən istifadə etməklə İsrail ərazisinə birbaşa hücuma keçib”. 

Baş katib qeyd edib ki, İran tərəfi bu hərəkətini Tehranın Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci mad­dəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə etmək məqsədilə və İsrailin dəfələrlə hərbi müdaxiləsinə ca­vab olaraq atıldığını təkid edir”. A.Quterriş İİR-in daimi nümayəndəsinin, həmçinin Təhlükəsizlik Şurasının sədrinə göndərdi­yi məktubda İranın 2024-cü il aprelin 13-də gecə saatlarında İsrailin hərbi obyekt­lərinə hərbi zərbələr endirdiyini bildirdiyini açıqlayıb. 

Qurumun bütün üzv dövlətlərinə xitab edən Baş katib BMT Nizamnaməsinin hər hansı dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə qarşı və ya BMT-nin qay­dalarına uyğun olmayan şəkildə gücdən istifadəni qadağan etdiyini nəzərə çatdı­rıb: “Uçurumun kənarından geri çəkilmə­yin vaxtıdır. Yaxın Şərqdə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək istənilən hərəkətlərdən qaçmaq vacibdir”.

Bakı gərginliyə görə narahatdır

Beləliklə, Yaxın Şərqdə maraqları olan böyük güclərin öncədən düşünülərək ya­radılan hərbi–siyasi gərginliyi ölçmək üçün indiki məqamda İrandan “termo­metr” kimi istifadə etdikləri göz qabağın­dadır. İntəhası, İranın 5 saatlıq hücumu regiona sabitlik deyil, gərginliyin artması üçün zəmin yarada bilər. Yerli ekspertlər yaranmış gərginliyin birbaşa deyil, dolayı­sı ilə Azərbaycanın da maraqlarına toxu­na biləcəyini istisna etmirlər. 

“Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır”. Bu barədə Azərbaycanın Xarici İşlər Nazir­liyinin “X”dəki paylaşımında deyilir. “Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə­cək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”, – qeyd edilib. Bəli, Azərbay­can dövləti ən mürəkkəb geosiyasi du­rumlarda tənzimləyici rolunu oynayıb. Otuz il “qaynar nöqtəyə” dönmüş Cənu­bi Qafqazda sabitliyi məhz Azərbaycan bərpa edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağda bir sutkalıq antiterror tədbirin­dən sonra bölgənin təhlükəsizliyinə möh­kəm zəmin yaradan Bakının gündəliyində “Qafqaz evi”ndə sülh və əməkdaşlıq kimi vacib məsələlər durur. 

Azərbaycan hakimiyyətinin yürütdüyü balanslı siyasət ölkəmizi bölgənin təh­lükəsiz və iqtisadi cəhətdən ən qüdrtəli aktoruna çevirib. Bu baxımdan Rusiyanın və İranın Azərbaycanın apardığı siyasə­ti dəstəkləmələri qətiyyən təsadüfi deyil. Fəqət, aprelin 5-də Brüsseldə ABŞ, Av­ropa İttifaqı və Ermənistanın iştirakı ilə keçirilən məlum görüşdən sonra Azər­baycanın narahatlığı əbəs deyil. Həm də bu baxımdan Yaxın Şərqdə cərəyan edən son hadisələr Cənubi Qafqazda fərqli for­mada təkrarlanması riskini artırır. Azər­baycanın məqsədi isə Cənubi Qafqazı tərəqqi edən təhlükəsizlik adasına çevir­məkdir. Bölgə ölkələri arasında qarşılıqlı əməkdaşlıq mühitinin yaradılması, eləcə də İrəvanla Bakı arasında möhkəm sül­hün əldə edilməsi indi daha real və əlça­tandır. 

Elxan SAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəsi, siyasi şərhçi:

Bombardmandan dərhal sonra Tehranın telefon diplomatiyası işə düşüb. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian müxtəlif dövlətlər­dəki həmkarlarına zəng edərək, “biz­dən bu qədər” – deyə, İsrailə növbəti hücum planlaşdırmadıqlarını bildirib. Eyni zamanda, ABŞ Dövlət katibi An­toni Blinken də okeanın o tayından zənglər edərək digər həmkarları ilə Yaxın Şərqdəki son vəziyyəti, o cüm­lədən İran-İsrail qarşıdurmasını müza­kirə edib.

İran və ABŞ düşmən olsalar da, hazırda bu iki ölkənin ortaq istəyi var: İsrail İrana zərbə endirməsin. Tehran bunu ona görə arzulamır ki, bu hərbi qarşıdurmadan qalib çıxacağına əmin deyil. Vaşinqton isə İsrailin İrana zər­bə endirməsini ona görə istəmir ki, müharibənin alovu ətrafa yayılacaq və Ağ ev, başda İsrail olmaqla, bölgə­dəki digər müttəfiqlərinə hərbi dəstək vermək məcburiyyətində qalacaq. Bu isə prezident seçkisinə hazırlaşan in­diki dövlət başçısı Cozef Bayden üçün xoşagəlməz ssenaridir. Məhz bu sə­bəbdən rəsmi Vaşinqtonun İsrailin baş naziri Binyamin Netanyahuya diplo­matik təzyiqləri artıb. Amma görünən odur ki, mühafizəkar siyasətçi Netan­yahunu durdurmaq asan olmayacaq. Əgər belə olmasaydı, Netanyahu İra­nın Dəməşqdəki konsulluğuna raket zərbəsi endirmək əmrini verməzdi. Deməli, Netanyahu bundan sonrasını da planlaşdırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bu hərbi münaqişəyə özünün qısa və korrektəli münasibətini açıqlayaraq, dərin naratlığını bildirdi və tərəfləri və­ziyyəti təhlükəli həddə çatdırmamağa çağırdı. Bu, indiki məqamda düzgün mövqedir.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

İmran BƏDİRXANLI