USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Səkkiz oğulun “gizli cəbhə”də hünər dastanı

Şəhid kəşfiyyatçıların anım mərasimi – ehtiram və öyünc dərsi


https://img.baki-baku.az/news/2024/04/photo_11964.jpg

1997-ci il aprelin 7-də ordumuzun iki kəşfiyyat qrupu xüsusi tapşırıqla işğal altında olan torpaqlarımıza göndərilir. Qruplar tapşırığı uğurla yerinə yetirirlər. Birinci qrup sağ-salamat geri qayıdır. Lakin düşmən ikinci qrupu aşkarlaya bilir. Kəşfiyyat qrupu işğalçı Ermənistan ordusunun bölmələri tərəfindən Xocavənd ra­yonunun Hadrut qəsəbəsi yaxınlığında mühasirəyə alınır. Onlardan təslim olmağı tələb edirlər. Tələb kəşfiyyatçılarmız tərəfindən rədd edildikdən sonra ağır döyüş başlanır.

Qeyri-bərabər döyüşdə kəşfiyyatçı­larımız düşmənin xeyli canlı qüvvəsini məhv edirlər. Ancaq aprelin 10-da si­lah-sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün qumbara ilə öz­lərini partladırlar. Səkkiz nəfərdən ibarət olan qrupun yeddi üzvü – leytenant rüt­bəli komandir Elxan Ağayev, leytenant Vüqar Yarəhmədov, kiçik çavuş Anar Rzayev, sıravilər Dinar Mustafayev, Aq­şin Həsənov, Nizami Ələkbərov və Fariz Cavadov şəhid olurlar. Bir nəfər – Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür.

Ermənistanın hərbi-siyasi rəhbərliyi şəhidlərimizin nəşinə qarşı və əsir gö­türülmüş hərbçimizlə öz xislətinə uyğun olaraq davranır. Təcavüzkar tərəf şə­hidlərin meyitlərini verməkdən və əsiri qaytarmaqdan boyun qaçırır. Şəhidlərin nəşini yalnız 1997-ci il oktyabrın 14-də geri almaq mümkün olur. İki gün sonra – oktyabrın 16-da öz canlarını göz qırp­madan Vətən üçün fəda edən cəsur kəş­fiyyatçılar İkinci Fəxri xiyabanda təntənəli mərasimlə torpağa tapşırılırlar.

Əsir götürülmüş hərbçimiz isə əv­vəlcə Xankəndiyə, sonra İrəvana apa­rılır. İrəvanda onun üzərində qondarma məhkəmə prosesi başladılır. “Məhkəmə” 1998-ci ilin fevralında A.Əhmədovu sax­ta ittihamlarla ən ağır cəzaya – güllələn­məyə məhkum edir.

Döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən əziz tutulur. Onların hər biri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il iyunun 24-də imzaladığı fərmanla “Azərbaycan Bay­rağı” ordeni ilə təltif olunurlar. Fərmanda onların Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsində igidlik və fədakarlıq göstərdiklərinə, Milli Ordunun hərbi hissələri qarşısında qoyulmuş tap­şırıqların yerinə yetirilməsində fərqlən­diklərinə görə təltif edildikləri qeyd olunur.

Həmçinin Azərbaycan dövlətinin və şəxsən ulu öndər Heydər Əliyevin göstərdiyi böyük səylər nəticəsində, uzun sürən danışıqlardan sonra A.Əhmədov 1999-cu ilin martında əsirlikdən xilas olu­naraq Vətənə gətirilir.

***

44 günlük Vətən müharibəsinin ilk dövrlərində azad edilən yaşayış məntəqələrindən biri də Xocavənd ra­yonunun Hadrut qəsəbəsi oldu. Hadrut 2020-ci il oktyabrın 9-da düşmən əsarə­tindən qurtuldu. Qəsəbənin strateji əhə­miyyəti sonrakı qələbələrimizdə mühüm rol oynadı. Yeri gəlmişkən, Ermənistanın təbliğat maşınının Hadrutun itirilməsi ilə bağlı bir neçə gün dezinformasiya yay­ması yəqin ki, hər kəsin yaxşı yadındadır.

Torpaqlarımız işğaldan azad edil­dikdən sonra qəhrəman kəşfiyyatçıların şəhid olduqları yerin yaxınlığında – Had­rutun ətəklərində onların xatirəsinə “Şə­hidlər bulağı” inşa olunub. Burada onların xatirə lövhəsi yaradılıb. Xatirə lövhəsinə şəhid kəşfiyyatçıların fotoları vurulub. Önünə gül dəstələri düzülüb. 2021-ci il­dən etibarən hər ilin aprelində – kəşfiy­yatçıların düşmənlə ölüm-dirim savaşı apardıqları və şəhid olduqları günlərdə burada anım mərasimləri keçirilir.

Bu il də həmin yerdə anım mərasimi keçirildi. Mərasimdə şəhid kəşfiyyatçıla­rın doğmaları, onların komandiri, ehtiyat­da olan polkovnik, “Azərbaycan Bayrağı” ordenli Xətai Baxışov, Füzuli rayon mək­təbliləri və onların müəllimləri, həmçinin Müdafiə Nazirliyinin “N” saylı hərbi his­səsinin hərbi qulluqçuları iştirak edirdilər. Tədbirin əvvəlində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirə­si bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Dövlət Himni səs­ləndirildi.

Şəhid kəşfiyyatçıların xidmət etdikləri hərbi hissənin komandiri Xətai Baxışov onların igidliyindən qürur hissi ilə da­nışdı: “Bu gün burada xatirəsini anmaq üçün toplaşdığımız igidlər mənim ən yaxşı xüsusi təyinatlı kəşfiyyatçılarımdan ibarət dəstəm olub. Onlar o qədər cəsur idilər ki, biz onları “Qorxmazlar dəstəsi” adlandırırdıq. Həmin gün verilən döyüş tapşırıqlarını fərqli istiqamətlərdə yerinə yetirmək üçün iki kəşfiyyat qrupu göndə­rilmişdi. Onlardan hər ikisi tapşırığı uğurla yerinə yetirmişdi. Qruplardan biri qarşıya qoyulmuş tapşırığa əməl etdikdən sonra sağ-salamat geri qayıtsa da, digər qru­pumuz, təəssüf ki, düşmən pusqusuna düşmüşdü. Kəşfiyyatçılarımız düşmənlə sona qədər vuruşmuş, lakin sursatları bitdiyi üçün son çarə kimi özlərini partla­daraq, şəhid olmuşlar. Onu da deyim ki, düşmənə əsir düşməmək üçün özlərini kollektiv şəkildə qumbara ilə partladaraq şəhadətə ucalmaq müasir hərb tarixində ilk hal idi”.

Komandir qeyd etdi ki, az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, say­ca onlardan qat-qat çox olan və yaxşı silahlanmış düşmənə güclü müqavimət göstərib: “Kəşfiyyat qrupunun müqa­viməti və döyüş əzmi düşməni o qədər heyrətləndirir ki, onların komandanlığı öz əsgərlərinə nümunə çəkərək deyiblər ki, əsl kəşfiyyatçı dəstəsi belə olmalıdır. Bu qəhrəmanlıq dastanı Azərbaycan hərbçilərinin Vətənə sonsuz məhəbbət və yüksək sədaqət nümunəsidir”.

X.Baxışov şəhidlərin nəşinin geri alınmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğuladı.

Çıxış edən şəhid ailələrinin üzvləri Prezident, müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və ötən il keçirilən bir sutkalıq antiterror tədbirlərində Azər­baycanın ərazi bütövlüyü və suveren­liyinin tam təmin olunmasını, işğaldakı Vətən torpaqlarının azad edilməsini, bü­tün şəhidlərin qisasının alınmasını ən bö­yük təskinlik kimi qiymətləndirdiklərini bil­dirdilər. Onlar övladlarının, doğmalarının şərəfli döyüş yolu keçdikləri, vaxtilə qan­larının töküldüyü azad edilmiş torpaq­larda bu gün qürurla gəzməyi ən böyük xoşbəxtlik hesab etdiklərini vurğuladılar.

Sonra mərasimdə məktəblilərin hər­bi-vətənpərvərlik ruhunda çıxışları oldu. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatdı.

Tədbirdən sonra şəhid ailələrinin üzvlərinə yaxınlaşaraq onlardan həm övladları barədə məlumat aldıq, həm də təəssüratlarını öyrəndik. Şəhid Anar Rzayevin anası Siyafət Rzayeva dedi: “Biz bura dördüncü dəfədir ki, gəlirik. Bi­rinci dəfə gələndə halım çox pis idi. Elə bilirdim ki, oğlum burada məni gözləyir. Gəlib Anarımı görəcəm. Elə bilirdim oğ­lum əsirdir... Dövlətimiz sağ olsun ki, hər il bizim bura səfərimizi təşkil edir”.

S.Rzayeva qeyd etdi ki, oğlu Anar 1976-cı ildə Sumqayıtda dünyaya gəlib. Qarabağda müharibənin getdiyi dövrdə Azərbaycan Dövlət Neft Akademiyasın­da (hazırda Neft və Sənaye Universi­teti–S.H.) təhsil alırmış. Ancaq təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb: “Anar dedi ki, analar-bacılar erməni gi­rovluğundadır. Bizim burada qalmağımı­zın mənası yoxdur, ana. Biz gedib onları da, torpaqlarımızı da azad etməliyik. Şə­hidlərin hamısı bizim balalarımızdır. Biz övladlarımızı heç bir şəhiddən ayırmamı­şıq. Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz olmasaydı, bəlkə də, Vətəni­miz əldən gedərdi”.

Daha sonra şəhid kəşfiyyatçıların qrup komandiri olmuş leytenant Elxan Ağayevin qardaşı İlham Ağayevlə həmsöhbət olduq: “Elxan 1973-cü ildə Bakıda anadan olmuşdu. Səkkizinci sinfi bitirdikdən sonra peşə məktəbində oxumuşdu. İdman ustası idi. Taekvondo üzrə qara kəmər qazanmışdı. 1992-ci ildə könüllü şəkildə ordu sıralarına yazıl­mışdı. Xüsusi hazırlıq kursu keçdikdən sonra ona leytenant rütbəsi verilmişdi. Elxanın döyüş yolu Laçından keçib, Ağ­dərə şəhərinin alınmasında iştirak edib. Döyüşlərdə fərqləndiyi üçün ona xatirə hədiyyəsi olaraq komandanlıq tərəfindən saat bağışlanmışdı. 1997-ci ildə artıq bö­lük komandiri idi”.

İlham Ağayev Elxanın həm də dost­canlı, qohumcanlı, yaxşı təşkilatçılıq qabiliyyətinə malik olduğunu vurğuladı: “Ailə məclislərimizin, necə deyərlər, gözü Elxan idi. Çox bacarıqlı idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şükürlər olsun ki, bu yerləri görmək bizə qismət oldu. Ali Baş Komandanımıza minnətdar­lığımızı bildiririk”.

Şəhid Nizami Ələkbərovun bacı­sı Mətanət Əsədova isə dedi ki, qar­daşının qismətində şəhidlik zirvəsinə ucalmaq varmış: “Nizami deyirdi ki, tor­paqlarımız düşmənin tapdağı altındadır, onu azad etməliyik. Qardaşım dostları ilə birlikdə qəhrəmanlıq göstərərək şəhid olub. Həmin vaxt o, 21 yaşına təzə qə­dəm qoymuşdu. İstiqanlı gənc idi. Kəndin xeyrindən-şərindən qalmazdı”.

Öyrəndik ki, şəhid qardaşımız 1977-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1996-cı ilin iyununda hərbi xidmətə çağrılıb: “Cəmi dörd il əvvələdək bu yerlərə səfər etmək qeyri-mümkün idi. Allah dövlətimizi var eləsin! Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin!”

Şəhid Dinar Mustafayevin bacısı Şəfəq Mustafayeva da dördüncü dəfədir qardaşının şəhid olduğu yeri ziyarət edir: “Biz qardaşımın şəhid olması xəbərini iki ay sonra öyrəndik. O vaxtadək ondan xə­bər tuta bilmirdik. Qardaşım dünyanın acı və şirinliyini dadmamış, 20 yaşında şəhid oldu. Dövlətimiz tərəfindən mənzillə də təmin edildik. Bütün bunlar bizə təsəllidir”.

Ş.Mustafayeva əslən Qərbi Azərbay­candan olduqlarını vurğuladı: “Dinar da 1977-ci ildə Qərbi Azərbaycanda – Göy­çənin Gölkənd kəndində dünyaya göz açmışdı. 1984-cü ildə həmin kənddə orta məktəbə getmişdi. 1988-ci ildə biz məlum hadisələrlə əlaqədar Azərbaycana pənah gətirdik. Şəmkir rayonunun Ələsgərli kəndində məskunlaşdıq. 1995-ci ildə Di­nar orduya çağırıldı. Xidmət dövründə də dəfələrlə fərqlənib. Qoçaq, istiqanlı oğlan idi. Onun nəşi bizə verilənədək – 1997-ci il oktyabrın 16-dək qardaşımın şəhid ol­duğuna inana bilmirdik. İnsan yaşadıqca elə bilir ki, dünyanı tutub duracaq. Eləcə də əzizlərimizlə, qardaşımla bağlı bu dü­şüncədə oluruq. Amma sonra görürsən ki, insanın yaşayışı onun öz əlində deyil­miş... Biz qədər-qismətin, ömür kitabının səhifələrini yaşayırıqmış. Qardaşımın sevdiyi qız var idi, amma qismət olmadı. Onun qisməti ən uca zirvəyə qalxmaq imiş...”

Qrupun sağ qalan yeganə üzvü Aqil Əhmədov isə o məşəqqətli gün­ləri belə xatırlayır: “1997-ci ilin aprel ayı idi. Düşmənlə qeyri-bərabər döyüş­də kəşfiyyat qrupumuzun 7 üzvü şəhid oldu, mən isə ağır yaralanaraq huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götü­rüldüm. 1998-ci ilin fevral ayında mənim­lə bağlı saxta məhkəmə prosesi keçirildi və “bir neçə maddə” ilə mənə ittiham irəli sürərək, güllələnmə cəzası təyin etdilər. Hər dəfə ayaq səsləri eşidəndə, qapı açı­landa elə bilirdim ki, məni güllələnməyə aparmaq üçün gəliblər. 1999-cu ilin mar­tında, yəni 1 il 11 aydan sonra əsirlikdən azad edildim”.

O qeyd etdi ki, əsirlikdə olduğu za­man ağır yaralı olmasına baxmayaraq, ermənilər tərəfindən ağır işgəncələrə məruz qalıb. Bunun nəticəsində birinci qrup Qarabağ əlilidir: “Hazırda sağalmaz xəstəliyim var. Ölkə daxilində və xaricdə dəfələrlə müalicə almağıma baxmaya­raq, heç bir faydası yoxdur. Ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində 6 ay sonra şəhid qardaşlarımın nəşi düş­məndən geri alındı. 1999-cu ilin martında yenə ulu öndərin böyük səyləri nəticəsin­də mən də əsirlikdən xilas oldum”.

A.Əhmədov onu da bildirdi ki, artıq dördüncü dəfədir bu məkanı ziyarət edir: “Hər ziyarətimdə eyni hissləri yaşayıram. Vətən uğrunda, bayrağımızın uca olması naminə canlarını fəda edən qardaşları­mıza Allahdan rəhmət diləyirəm. Onların məkanları cənnət, məqamları uca olsun!”

Sonra şəhid ailəsi üzvlərinin Şuşaya səfəri təşkil olundu. Şəhərin görməli yer­lərində, o cümlədən, İsa bulağında olduq. 1883-cü ildə inşa olunmuş Yuxarı Gövhər ağa məscidində namaz qıldıq.

Bundan sonra Xankəndi şəhərinə yollandıq. Burada 2023-ci il noyabrın 8-də Zəfər paradının keçirildiyi Zəfər meydanında olduq. Səfər şəhərdəki Qa­rabağ Universitetinin binası ilə tanışlıqla başa çatdı.

Öz qəhrəmanlıqları ilə xalqımızın mübariz ruhunun yüksəlməsinə təkan verən şəhid kəşfiyyatçıların ailə üzvləri ilə geri qayıdarkən qəlbimizdə bu düşün­cə hakim kəsilmişdi: Şəhidlərimiz Vətən eşqinə abidə qoyan qəhrəmanlardır. Onlar müharibə alovunda yanan, amma külündən yenidən doğulan xalqın qürur yeri, qəhrəmanlıq rəmzidir. Məhz bu qəh­rəmanların misilsiz hünəri gələcəyə yön verdi, nəsillərə Vətəni sevməyi öyrətdi. Müstəqillik dövrünün övladları bu qəh­rəmanlıqları görə-görə, öyrənə-öyrənə özləri də qəhrəman oldular. Bu gün Vətə­nimizin hər yerində qələbə ruhu var. Bu ruhu yaşadan bizim qəhrəmanlarımızın azad etdikləri torpaqlarda qaldırdıqları ay-ulduzlu, üçrəngli Dövlət Bayrağımız­dır. O bayraqla bir yerdə bizim Vətən eşqimiz də ucalır. İndi bu eşqin dilimizin əzbərinə çevrilən əbədi həqiqəti var: Qa­rabağ Azərbaycandır!

Səxavət HƏMİD

Bakı–Xocavənd–Şuşa–Xankəndi–Bakı




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

Səxavət HƏMİD